Bizim- Adəmin yetimçələrinin qəribə bir xasiyyəti var: nə vaxtsa, hansısa məqamda qəlbimizin mübhəm yerində gəlib çıxdığımız amma bir türlü sözə çevirə bilmədiyimiz həqiqətləri bir şairin şeirində, yazıçının yazısında görəndə, dünyanın xoşbəxti oluruq. Elə bil, dünyaları bizə verirlər. Yer üzünün hansısa köşəsində bizimlə eyni fikirdə olan adamların olmasına sevinirik.
Bu həmfikirlərin söz adamı olmağı sevincimizə sevinc qatır. Marina Svetayeva “əsl şeir nədir?” sualına belə cavab vermişdi:
-Əsl şeir odur ki, sən onu oxuyanda deyəsən: “İlahi, bu söz elə mənim dilimin ucunda idi?!”
Bu hissi mən də bir neçə dəfə yaşadım. Nə vaxtmı? dostum İbrahim İlyaslının “Yuxuma söykənmiş adam” kitabını oxuyanda. Yazımızın əvvəlindəcə bu məqamlardan birini yazmaq istəyirəm.
Pək cocuqkən, yay tətillərində, Bakı-Qazax qatarına minəndə ürəyim köksümə sığmırdı. Həyəcandan az qala səhərə kimi yata bilmirdim. Bəs necə? Axı, mən dostlarımı, nənə-babamı dayımı görməyə, parkımızda futbol oynamağa, məscidimizdə namaz qılmağa, göllərimizdə çimməyə gedirdim.
Elə ki, səhər açılırdı, əlini-üzünü yuyub, qatar bələdçisinə çay sifariş edən kişilərdən biri dərin bir qülllab vurduğu siqaretin tüstüsünü pəncərədən çölə buraxıb: “Gəncəyə çatdıq!”,-deyirdi, bax, onda mənim üzümü görəydiniz.
Mənə elə gəlirdi pəncərənin qabağında dayanıb çölə baxsam, rəhmətlik Ağamalı Sadiq Əfəndinin “Başsız” povestinin qəhrəmanı kimi yolları gözümün içinə yığsam, yol tez qət olunar. Barmaqlarımın üstünə qalxıb pəncərədən çölə boylanırdım; evlər, kəndlər, elektrik dirəkləri, mal-heyvanı qabağına qatan, cavanlar, həyəti süpürən qadınlar, ot tayaları bir-birini əvəz edirdi. İbrahim bəyin kitabını oxuyanda gördüm ki, eyni hissləri o da yaşayıb və hətta yaşayır.
Qazaxın Məzəm kəndindən olan aşıq qardaşımız Niyaməddin bizim şairə-İbrahim bəyə etiraz edir ki, “bəs sən doğma torpağa şeir yazmamısan”. Şairin cavabı nə ilə olar? Təbii ki, şeirlə!
İbrahim bəy Niyaməddin qardaşımıza “Qazaxdı” rədifli şeirlə cacab verir:

Nə kövrək mətləbə toxundun, oğul,
Oxu bu qoşmanı-adı “Qazax”dı.
Güvəncim-gümanım, andım-amanım,
Pirim-səcdəgahım, odu- Qazaxdı.

***

-Şəhər tünlükləri salanda bəndə,
Ruhum qanadlanır o doğma kəndə.
Dilim bala batır adı gələndə-
Dilimin balmısal dadı Qazaxdı.

***

Hanı yer üzündə o yurdun babı?
Yerləri laləzar, göyləri abı.
Könlümün təpəri, canımın tabı,
İçimin alovu-odu Qazaxdı.

***

Qələmçə, Göyəzən, Avey-keşiyim,
Dəli Kür-yüyrüyüm, İncə beşiyim.
Daha nə sorarsan, öyüm-eşiyim?
Ruhumun yaddaşı-yadı Qazaxdı.

***

İbrahim əmini elədin çapar,
Durma, gəl şeirini Məzəmdən apar…
-Dartınıb Gəncədən tərpəndi qatar,
Ürəyim atdandı-budu…Qazaxdı!

Bu şeiri oxuyanda heyrətə gəldim. Yuxarıda yazdığım hissləri bir daha keçirdim. İbrahim bəyin bu yaşında da içində həmin duyğuları qoruyub-saxlamağı, nə gizlədim? Bir az da kövrəltdi məni. Sonuncu misraları indi də dilimin altında dərman kimi saxlayıram:

-Dartınıb Gəncədən tərpəndi qatar,
Ürəyim atdandı-budu…Qazaxdı!

***

Əsl söz, əsl nəfəsdir. Əsl nəfəs də (Hu!) Olimpiya məşəli kimidir: estafeti götürmək hər igidin xərci deyil. Mənsur Həllacdan Rumiyə, Rumidən Şəmsə, Şəmsdən, Nəimiyə, Nəimidən Nəsimiyə, Nəsimidən, Molla Vəli Vidadiyə, Vidadidən Hüseyn Cavidə ötürüldüyü kimi İncə dərəsinin qədim sufi ənənələrini yaşadan kişilərdən, sözündən-söhbətindən doymaq mümkün olmayan aşıqlardan, dərdini-qəmini Qımqımalar da gizlədən (həm də üzə çıxaran) qadınlardan da İbrahim İlyaslıya ötürülüb.
Biz dünya şeirində doğulduğu torpaqlara bağlı olmayan böyük şairə rast gəlməmişik. “Sadə torpadırsa, lakin Kərbəla torpağıdır”, deyən Füzulidən tutmuş məmləkətini “ürəyinin infarktında” yaşadan Nazim Hikmətə kimi.

***

Mən fikir vermişəm, həmişə savadsız və istedadsız adamlar ədəbi mühitdə dəbdə olan “izm”lərin kölgəsinə sığınıb ədəbiyyatda özünə koma qaralamaq istəyir. İçinin saf, təmiz səsi olan şairləri isə söz çələngini həmişə öz bağının güllərindən toxuduğunu görmüşəm: Molla Vəli Vidadi, Aşıq Ələsgər, Səməd Vurğun, Ağamalı Sadiq Əfəndi, Akif Səməd, Məmməd İlqar, rəhmətlik Şaiq Vəli və bizim yazımızın qəhrəmanı İbrahim İlyaslı…
Millətin yadında qalan da millətin bağrından qopan şairlər olub, qiyamətə kimi də belə olacaq!
Mən buna bütün qəlbimlə inanıram: əlimi İbrahim İlyaslının “Yuxuma söykənmişəm adam” şeirlər kitabına basıb and içə bilərəm…