Abdullayev Mövlud İsmayıl oğlu 1989-cü il avqust ayının 15-də Bakı şəhərində anadan olub.Hal-hazırda Bakı Slavyan Universitetinin Rus dili və pedaqogikası üzrə ali təhsil alır.Yazıları dövri mətbuat səhifərində müntəzəm olaraq dərc olunur.
Mövlud Mövlud
Dostumuydu, qardaşımıydı, gözümün işığı, sözündən çıxmadığım böyüyüm idi. Bir sözünü iki eləməzdim. Hara buyursa, nə tapşırsa, canla-başla ürək verərdim.
Bilirdim ki, xəstədir. Tez-tez kəllə-çarxa qalxan təzyiqi, epileptik ürəkgetmələri, saxtakar qadınlarla yaşadığı sevgilər, işlədiyi qəzetlərdə yola getmədiyi təsisçilər, yarı yolda aradan çıxan cəbhədaşları… Hamı və hər şey əzab verirdi ona!
Ayda bir-iki dəfə mənə zəng edirdi. Dəstəyin o başından gələn təngnəfəs səsindən bilirdim ki, tıncıxır, darıxır. Görüşüb dərdləşirdik. Görüş yerimiz dəyişməz qalırdı: “Dobromed” klinikasıyla üzbəüz sosiskaxana.
Məclisin bir yerində mənfi səkkiz eynəyini çıxarır, kompüter qabağında oturmaqdan qıpqırmızı olan gözlərini uzun-uzun ovuşdurub cavanlıqda yazdığı qoşmalardan deyirdi:
Gözəl xəta yapar dostun əlləri,
Çalar ciyərimə xançalı bilməz.
Qiyamət qovğası var bu dünyanın,
Qarı bilər, Sultan Səncəri bilməz.
***
Haqq böylə buyurub, böylə qanundu!
Ya bir Dəmirçioğlu, ya bir Cünundu.
Çırmanıb girəndə, meydan onundu,
Sağ nədi, sol nədi incəli bilməz.
***
Aşiq sevib çəkər fələk cəbrini,
Pir deyib öpərlər mərdin qəbrini,
Əzəldən belədi, igid qədrini,
Gözəl qiymətini hancarı bilməz?!
Dibinə qan çökmüş gözlərinə gülüş qonurdu, üzü nurlanırdı:
-Yaxşı yazmışam elə? Vallah, Mövlud, indi yaza bilmirəm. İndi belə şeylər yaza bilmirəm. Neçə dəfə hiss eləmişəm ki, sinəmdə bir dəstə qoşma qatarlanır, ha mızıldanmışam, bir şey yaza bilməmişəm.
Hərdən mənim də tərsliyim tuturdu:
-Elyanuranın (məşuqəsinin adı Elyanura idi.) qoynunda qoşma yazmaq olmaz! O məsələlər irfan əxlaqı ilə bağlı işlərdir.
-Pah, Orta çağ irfan şairləri rahib olublar ki?
-Yox, rahib olmayıblar, amma onların heç biri Elyanura kimi saxtakarın oynaşı olmayıb. Qəzetdə mövqeli adam olmasan, səni sevdiyini deməz. Vallah deməz. Ayın axırı, sən qonorarları yazanda, elə-belə gəlib oturur qucağında?!
-Yaxşı, yaxşı, düşükləmə!
-Sözün düzünü deyirəm mən!
-Offf, düz deyirsən, bilirəm. Amma neyləməli? Darıxıram eloğlu, darıxıram. Kəndimizin, uşaqlığımın, təmiz vaxtı yazdığım şeirlərin nisgilini “lotuşka”ların qoynunda ovuduram.
***
Bir dəfə zəng elədi. “Təzə evə köçürəm, gəl kömək elə”,- dedi. Bir gün səhərdən-axşama kimi eşşək kimi işlətdi məni: soyuducu, stol-stul, qab-qacaq, çanaq antenna, xalça-palaz daşıdıq.
Əşyaları təzə evdə yerbəyer eləyib axşam yeməyi üçün masa arxasına keçdik. Sözümüz hərlənib-fırlanıb siyasətin üstünə gəldi. Dedikləriylə razılaşmadım deyə məni ittiham eləməyə başladı:
-Hökumət qəzetlərinə yazırsan, yaltaq şairləri tərifləyirsən. Adını kişi qoymusan, sən necə yerlisən?! Niyə mənim yanımda deyilsən?! Niyə gəlib bizim “Mübarizə” qəzetində işləmirsən?!
-Mən Elvinlə bir qəzetdə işləyə bilmərəm. O gədə alçağın biridir. Sizin qəzetə atılmış agentdir. Onun atasını da yaxşı tanıyıram. Elçibəy onun atası haqqında deyirmiş ki, “yanında hər şeyi danışmayın, ondan şübhələnirəm”.
-Kəs səsini, axmağın biri, axmaq! Utanmırsan? Özünün cəsarətin çatmır gəlib bizə dəstək olmağa, hələ bir, Elvini şərləyirsən?! Tfuu, dur, … burdan!
-Dinməz-söyləməz ayağa qalxdım. Ona cavab qaytarmaq olmazdı. Epilepsiyası tutardı, ürəyi gedərdi.
Ona bir kəlmə demədən, dil-ağız eləyib əvəzinə üzr istəyən arvadını sakitləşdirib, yorğun ayaqlarımı sürüyə-sürüyə çıxıb getdim.
***
Bu əhvalatın üstündən heç bir ay keçməmiş, agent Elvini yiyələri geriyə çağırdılar. Yerlimin səngər yoldaşı dostlarını yarı yolda qoyub aradan çıxdı. “Mübarizə” qəzetinin ən sərt yazan əməkdaşı qarşı səngərə keçdi.
Mən Elvinin harasa getməyindən yox, dostumdan nigaran idim. Ürəyinin ağrıyacağından qorxurdum. Onu qorumaq istəyirdim. Zəng eləməyə də çəkinirdim:“birdən elə bilər satqın dostlarını başına qalxmaq istəyirəm”.
Belə bivəfa günlərin birində, yerlimin Elvin noqdaunundan üstündən Elyanura nokautu aldığını eşitdim!
Eloğlumun məşuqəsi hökumətin açdığı bir saytın təklifini qəbul etmiş və “Facebook” statusunda həmin sayt barədə “Bura mənim ailəmdir”,- deyə yazıbmış.
Bu xəbəri eşidəndə əvvəl şaqqanaq çəkib güldüm. Sonra yenə yerlim gəlib durdu gözümün qabağında: Əsə-əsə siqaret tutan barmaqlar, əsəb və stressdən şişmiş ayaq, təngnəfəs səs…
Bir müddət dostumdan səs çıxmadığını görüb özüm onu yığası oldum. Son baş verənlər barədə bir kəlmə də danışmadan, hal-əhval tutmaq, onu həmişəki “Dobromed”lə üzbəüz sosiskaxanaya çağırmaq istəyirdim.
Telefona arvadı cavab verdi:
-Durma, ay Möylüt, durma gəl. Bu deyir, sinəm yanır, ayağı da şişib, mən qorxuram. Aparırıq həkimə!
-Hara aparırsız?
-“Dobromed”ə. Deyir “Möylüt tanıyır oranı!”
***
Meyiti maşına mindirib aparanda ağlamaqdan səsi batmış, üz-gözü cırıq-cırıq olan arvadı səhərdən baş verənlərdən bir şey anlamayan, böyümüş gözlərlə böyüklərə sual verən balalarına qışqırdı:
Ağlayın, ay yetimləəəər, ağlayın, bir də dədənizini görməyəcəksiz!
Uşaqlar elə buna bənd imiş. Üç yetim baş-başa verib ağlaşmağa başladı.
Arvadların naləsi göyə bülənd oldu. Kişilər gözünün yaşını gizlətmək üçün üzlərini yana tutdu.
***
Arvadının telefonda dediyi sözlər tez-tez düşür yadıma: “Bu deyir sinəm yanır.”
Bəlkə, elə sinəsində yanan yazmadığı, tüstülü şəhərdə aydınlığa çıxara bilmədiyi qoşma qatarı imiş? Nə bilmək olar?