Deyirsən mən məndə deyiləm ki…
Çıxar, bu kəlməni çıxar sözündən,
Nə daş bil,nə buz bil,nə qar,özünü.
Adam da heç belə çıxmaz özündən,
Adam da heç belə qovar özünü?..
Bəlkə də bir çayda durulub qalıb,
Bir yolda,cığırda yorulub qalıb.
Bəlkə də, kiməsə vurulub qalıb,
Tələs də,ayır da,qopar özünü.
Bu adam deyilən sözündə durar,
Özündə dayanar,özündə durar.
İstəsə təzədən yaradar,qurar,
Lap elə təzədən yapar özünü.
Bir bəlli tərəfdə,yöndə qalırsan,
Bir azca uzaqda,gendə qalırsan.
Bir xeyli zamandı məndə qalırsan,
Gəl nə vaxt istəsən apar özünü…
23 avqust 2013.
Qalır
Özündən ayrılıb,çıxmısan deyə,
Özünün özünlə görüşü qalır…
Hazıram sizləri görüşdürməyə,
Bir az çiçək işi,gül işi qalır…
Süzülüb dilindən bal çıxıb gedib,
Az elə az qalıb,bol çıxıb gedib.
Elə,gediləsi yol çıxıb gedib,
Gələsi bir yolun gəlişi qalır…
Sən elə yaxındın cana can kimi,
Gözə-göz,üzə-üz,qana-qan kimi.
O sənin bu sənə ərməğan kimi,
Bir az təbəssümü,gülüşü qalır…
Kim qoyub bu gözəl gözləri ağlar,
Bunun hesabını soruşacaqlar…
Sinəndə adamlar çəkdiyi dağlar,
Üzündə Tanrının əl işi qalır…
23 avqust 2013.