Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 17-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib.
Gəncə şəhərindən, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən, Zərdab, Ağsu, Ağcabədi və Samux rayonlarından ümumilikdə 64 vətəndaş qəbulda iştirak edib. Onların müraciətləri əsasən işlə təmin olunma, fəxri adla təltif, sahə ilə bağlı təklif və mövcud problemlərlə bağlı olub.
Qəbul zamanı hər bir vətəndaşın müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən bundan əvvəl 26 yanvar 2023-cü il tarixində Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən vətəndaşların qəbulu keçirilmişdi.
Mənbə: https://culture.gov.az/