Əməkdar mədəniyyət işçisi, ustad aşıq Əli Urfanın (Quliyev) yeni kitabı işıq üzü görüb. Azərbaycan Aşıqlar Birliyinin nəşr etdirdiyi kitabın məsləhətçisi AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlıdır.
Kitabda ustad aşığın yaradcılıq nümunələri olan divani, təcnis, gəraylı və qoşmaları, deyişmələri ilə yanaşı, ölkəmizin görkəmli elm və sənət adamlarının Aşıq Əli Urfan haqqında müxtəlif vaxtlarda söylədikləri dəyərli fikirlər və ona ithaf olunmuş şeirlər də yer alıb.
Xatırladaq ki, Əli Urfan çağdaş Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus yeri olan, sənətdə öz dəst-xətti ilə seçilən sənətkardır. Xalq şairi Zəlimxan Yaqubun da vaxtilə dediyi kimi, “onun saz ifaçılığı artıq sənətdə öz möhürünü vurub, öz yerini tutub”. Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı isə deyir ki, Əli Urfan “söz-sənət sərrafı, musiqi və poeziya xiridarıdır”.
Ustad aşığı yeni kitabının işıq üzü görməsi münasibəti ilə təbrik edir, ona sağlam və uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.
Mənbə: https://azerab.az/