Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Rakurs” rüblük bülleteninin növbəti nömrəsi çapdan çıxıb.

AKİ-dən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ilin yanvar, fevral, mart aylarında görülən işlərin hesabatının yer aldığı rüblük informasiya bülleteninin bu nömrəsində, eyni zamanda, ölkəmizdə kino sahəsində görülən işlərdən də bəhs olunub.

Azərbaycanda gedən kino prosesinin xronikasını izləmək məqsədilə nəşr edilən, əlamətdar kino hadisələrini xatırlatmaq üçün nəzərdə tutulan bülletenin budəfəki nömrəsində görkəmli kinodramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda məzarüstü abidəsinin açılışı, Beynəlxalq Muğam Mərkəzində keçirilən anım mərasimləri yer alıb. Bundan başqa, çəkiliş meydançalarına, festival və müsabiqələrə, yubilyar filmlərə, yubileyi olan sənətkarlar haqqında olan məqalələrə və dünyasını dəyişmiş sənətkarların nekroloquna yer verilib.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə (ADMİU) əməkdaşlıq çərçivəsində operator, Əməkdar incəsənət xadimi Rafiq Quliyevin uzun illərin təcrübəsindən bəhrələnərək kinoya dair yazdığı “Vizual informasiya daşıyıcıları və işığahəssas materiallar” dərsliyinin işıq üzü görməsi, eyni vaxtda ittifaqın maliyyə dəstəyilə AKİ İdarə Heyətinin üzvü, sənətşünas Nadir Bədəlovun “Kino gözlə söz arasında” kitabının nəşr olunması haqqında məlumat da bülletendə öz əksini tapıb.

İnformasiya bülletenində həmçinin Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino məktəbinin ikinci buraxılış məzunlarına diplomların təqdim edilməsi, gənc kinematoqrafçıların mükafatlandırılması, filmlərin nümayişləri, dünyasını dəyişmiş kinematoqrafçıların yubiley məqalələri, yaradıcılıq gecələri, tədbirlər də işıqlandırılıb.

Vətən müharibəsinə həsr olunmuş filmin çəkilişinin də yer aldığı bülletendə, eyni zamanda bu ilin oktyabr ayında Şuşa şəhərində keçiriləcək “Qorqud Ata Türk Dünyası” film festivalı, II “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı və Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalına sənəd qəbulunun elan olunması və s. məqamlar da qeyd olunub.

Xatırladaq ki, kino tədqiqatçıları üçün nəzərdə tutulan “Rakurs” rüblük bülleteni Xalq yazıçısı Rüstəm İbrahimbəyovun ideyası və təşəbbüsü ilə çap edilir. Əsas məqsəd, bu təşəbbüsün ittifaqın gördüyü işlərlə bağlı ictimaiyyət və dövlət qarşısında hesabat xarakteri daşıması ilə yanaşı, ölkədə gedən kino proseslərinin salnaməsini yaratmaqdan ibarətdir.

Mənbə: https://azertag.az/