Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Adamlardan dağ olmadı,
Bilmədim kimə söykənim,
Gəlib ağaca yaslandım,
Ağac məni saxladı.
Bulaq oldum dum-duru,
Dedilər bulanıqdı.
Süzüldüm, daşdan süzüldüm,
Süzüldüm, qumdan süzüldüm,
Torpaq mənə inandı,
Adamlar inanmadı.
Nə illahdı bilmirəm,
Tapılmır çəmim, yönüm.
Yollar da o yol deyil ,
Gedəsən gün doğana.
Elə mat-mat baxıram
Əllərimə, ilahi.
Əllərim qanad deyil,
Ah, kaş ki qanad ola…
* * *
Sahil boyu qovmamış külək bizi,
Gəl isidək əlimizi günəşə.
Quş edəydi yaradan gərək bizi,
Çevirəydik yönümüzü günəşə.
Yay da bitir, yenə xəzəl, yenə qəm.
Son yarpağı qoparacaq yel hələ.
Mən çovğuna borana da dözərəm,
Bircə baxıb gözlərimə gül hələ.
Bəlkə gülsən unudular dünənlər,
Zülmətlərə yem olmaram birdə mən.
Həyatıma əli odlu gələnlər,
Ürəyimi kül eyləməz, Birdənəm.
Ah, nə gözəl açılıbdır sübh bu gün,
Saçlarında çəmənlərin gülləri.
Sən ən gözəl mücəvhərsən mənimçün,
Boyunbağım əllərindir, əllərin.
İlk saralan yarpaq idi son bahar,
İsti idi dəniz hələ, qum hələ.
Ürəyimdə şirin-şirin xəyallar,
Sinəm üstə gözlərini yum hələ,
Xəyal elə xəyal elə mənimlə…