Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri
* * *
Nə şöhrət istədim, nə tac istədim,
Məndə səadəti bu qədər gördüm.
Özümü adam yox, ağac istədim,
Özümü bir ovuc su qədər gördüm.
Dedim torpaq olum, dedim daş olum,
Qarışım tarixə, qovuşum heçə.
Toz olum , qum olum, yelə tuş olum,
Uyuyum bir sərçə kipriyindəcə.
Bəşərin ən şirin yuxusu olum,
Nə yox xatırlasın, nə də var məni.
Hər bahar yasəmən qoxusu olum,
Sürtsün qanadına arılar məni.
Görmədim bir ömür, ömürdən qısa.
Baxma ki, həyata meyilik Allah.
Yaşamaq, bu biçim yaşamaqdısa,
Nə yaxşı ölümsüz deyilik Allah.
* * *
Üşüdəcək əllərini sazaqlar,
Yandıracaq üz gözünü isti də.
Darıxacaq pəncərəndən uzaqlar,
Çağıracam,deyəcəksən, səsdi də…
Ağlayacam deyəcəksən yağışdı,
Bilirəm ki, tanımazsan, belə də…
Gör kimlərin ulduzları barışdı,
Bizimkilər qovuşmadı hələ də.
Bəlkə düşər payımıza xoş halın,
Qısa olar mənə gələn yol bu gün.
Bəhanələr qatilidir vüsalın,
Sabah gecdir, gəlirsənsə gəl bu gün.
Armududa qızardıqca çay dəmi,
Alışarsan nəfəsimə, istimə .
Başın altda yastıq elə sinəmi,
Qucağımı yorğan elə üstünə.
Kipriyini çətir bilib gizlənim,
Baxışının sual dolu selindən.
Eşq istəyim, ay ürəyi zəmzəmim,
Ovuc- ovuc içir məni əlindən.
Noğul kimi damağımda ərisin,
Dodağının şirinliyi, bəs demə!
Elə öpüm sübhə qədər, Nəfəsim,
Birdə məndən ayrı qalmaq istəmə.