Görkəmli ədəbiyyatşünas-alim, AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədlinin “Nəriman Əndülrəhmanlının nəsri: tarixilik və müasirliyinin vəhdəti” monoqrafiyası çapdan çıxıb.

Monoqrafiyada çağdaş nəsrimizin tanınmış nümayəndəsi Nəriman Əbdülrəhmanlının yaradıcılığı araşdırılır.

Tədqiqatçı yazıçının yaradıcılıq təkamülünü, hekayə, povest və romanlarını müasir ədəbi fikir kontekstində, keçmiş-indi-gələcək üçbucağında saf-çürük edir, onun əsərlərinin ideyasını, quruluşunu və obrazlarını nəzərdən keçirir, Azərbaycan ədəbiyyatında, eləcə də müstəqillik dövrü ədəbiyyatımızdakı yerini müəyyənləşdirir.

Yazıçı N.Əbdülrəhmanlının 65 illik yubileyinə həsr olunmuş monoqrafiya kütləvi oxucular və çağdaş Azərbaycan ədəbiyyatını araşdıran tədqiqatçılar üçün nəzərdə tutulub.

Qeyd edək ki, professor B.Əhmədli dövri mətbuatda və ədəbi-elmi toplularda çap olunmuş 100-dən artıq elmi məqalələrin, “Sabit Rəhmanın satirası” (1998), “Azərbaycan satirasının inkişaf problemləri” (2000), “Bir istiqlal yolçusu” (2003), “Sabit Rəhman: həyatı, mühiti, yaradıcılığı” (2010), “Dramaturq, sənət, həqiqət” (2011), üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” (2010-2011), “XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər” (2015), “Azərbaycan mühacirət ədəbiyyatı: təşəkkülü. problemləri. şəxsiyyətləri” (2017). “Türkçülüyün üçlü formulu” (2019), “Rabindranat Taqor: Yeni Hindistanın manifesti” (2021) kimi fundamental monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin, elmi-metodik tövsiyələrin müəllifidir.

Mənbə: https://edebiyyatqazeti.az/