Azərbaycan Aşıqlar Birliyinin nəşri olan “Ozan” elm və sənət toplusunun 2023-cü ildə ilk buraxılışı işıq üzü görüb. Redaksiya heyətinə Azərbaycanın görkəmli elm və sənət adamları ilə yanaşı, ABŞ, Türkiyə və Gürcüstandan da nüfuzlu elm adamlarının daxil olduğu toplunun bu sayı Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Xalq şairi Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır. Oxucular buraxılışın bu sayında bu il yubileyləri qeyd olunan görkəmli saz-söz ustadları Hüseyn Bozalqanlı (M.Qasımlı. “Ustadlar ustadı”), Şair Nəbi Borçalı (E.Məmmədli. “Borçalı nəğməkarı”), Murad Niyazlı (S.Alıyev. “Ağır ellər ozanıyam”), Əkbər Cəfərov (“Sazın Əkbər möcüzəsi”) və Məmmədağa Babayev haqqında yazılar və onların şeirlərindən nümunələrlə tanış ola bilərlər.Topluda həmçinin Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının “Folklor mənşəli arxaik musiqi alətlərinin yaranma səbəbləri” və “Əfsanəvi keçmişimizi qürurla gələcəyə daşıyan heyrətamiz Oğuznaməçi şair – Azər Buzovnalı”, professor İradə Köçərlinin Qurban Səid/Məhəmməd Əsəd/Lev Nissimbaumun qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı/şikəstə oxuyur???”, araşdırmaçı Nailə Səmədovanın “Azər Buzovnalı “Oğuznamə”si”, Şəbnəm Haqverdiyevanın ““Aşıq deyişmələri” toplusu haqda düşüncələr” və “Aşıq təcnislərinin ilk mükəmməl antoloji nəşrləri” kimi elmi məqalələri və “Aşıq Qərib” dastanı ilə də tanış ola bilərlər.Həmişə olduğu kimi, toplunun bu sayında da Azərbaycan Aşıqlar Birliyinin həyata keçirdiyi tədbirlər barədə xronoloji ardıcıllıqla xəbərlər və son vaxtlar işıq üzü görmüş kitablar haqda qısa məlumatlar da yer alıb.
Mənbə: https://azerab.az/