Azərbaycan aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə ağır itki üz verib. Şirvan aşıq mühitinin yetirməsi olan ustad aşıq, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Abbas Musaxanoğlu 2023-cü  il sentyabrın 13-də vəfat edib.

Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli  kəndində sənətkar ailəsində dünyaya gəlib – onun atası Musaxan öz dövrünün ustad aşıqlarından olub.

1972-ci ildə orta məktəbi bitirən Abbas Musaxanoğlu kiçik yaşlarından aşıq sənətinə maraq göstərib, ilk sənət dərsini öz atasından alıb, sonra Şirvanın məşhur sənətkarı Aşıq Xanmusanın şəyirdi olub.

Aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmaqla yanaşı, eyni zamanda muğam sənətinin də bilicisi olan A. Musaxanoğlu özünün gur və şaqraq səsi ilə seçilir, dastanlarımızn mahir bilicilərindən biri kimi tanınırdı. Uzun müddət Şıxzərli kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışan ustad aşıq  2010 və  2014-cü illərdə keçirilən I və II Beynəlxalq Aşıq festivallarında iştirakına görə fəxri diploma layiq görülüb. Respublika miqyasında və Şirvan bölgəsində keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə,  müxtəlif yubiley tədbirlərində uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. Rusiyada, Qazaxıstanda, İranda və s. ölkələrdə keçirilən beynəlxalq folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

O, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərib, aşıq sənətinin təbliğində, gənclərdə bu sənətə marağın artırılmasında böyük xidmətləri ilə fərqlənib.

Abbas Musaxanoğlu Güləliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Dəyərli sənətkar, ustad aşıq Abbas Musaxanoğlunun əziz xatirəsi respublikamızın ozan-aşıq mədəniyyəti ictimaiyyətinin, sənət dostlarının, pərəstişkarlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

Allah rəhmət eləsin!

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

Mənbə: https://azerab.az/