Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 14-də Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Cıdır düzünü gəzib, Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Qonaqlar, həmçinin Şuşada Mehmandarovların malikanə kompleksində, Yuxarı Gövhər Ağa məscidində olub, Mir Möhsün Nəvvab Qarabağiyə həsr edilmiş sərgiyə baxıblar.

Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.

Forumun iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

Mənbə: https://azertag.az/