Oktyabrın 24-də saat 19:00-da “Libraff” kitab mağazası məkanında “İranə Qasımova ilə klassik poeziya” layihəsi çərçivəsində Osip Mandelştamın yaradıcılığına həsr olunmuş ədəbi gecə keçiriləcək. Tədbirdə şairlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri, eləcə də poeziya sevənlər görkəmli şairin şeirlərini oxuyacaqlar.

Tədbirin təşkilatçısı və layihənin müəllifi şair, ssenarist, rejissor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya toplusunun müəllifi İranə Qasımovadır.

AZƏRTAC xəbər verir ki, “İranə Qasımova ilə klassik poeziya” 2019-cu il iyunun 25-dən mütəmadi olaraq keçirilir. Layihənin keçirilən hər gecəsi bir klassik şairə həsr olunur. Tədbirlər “Baku Book Center”, “Libraff” kitab evi, “Azerkitab” kitab mağazası, “Art Tower Gallery”, Azərbaycan Yazıçılar Birliyi, Səməd Vurğunun Ev-muzeyində keçirilib. Layihənin reallaşdırıldığı dörd il ərzində A.S.Puşkin, M.Y.Lermontov, V.V.Mayakovski, M.İ.Tsvetayeva, S.A.Yesenin, Səməd Vurğun, Nizami Gəncəvi, Y.A.Yevtuşenko, İ.A.Brodski, A.A.Blok, A.A.Axmatova, B.L.Pasternak, Mikayıl Müşfiq, N.S.Qumilyov, K.D.Balmont, Mirzə Şəfi Vazeh, İ.Severyaninə həsr olunmuş ədəbi gecələr keçirilib.

“Bu dəfəki gecəmizin qəhrəmanı “Gümüş əsr” poeziyasının ən parlaq nümayəndələrindən biri olan Osip Mandelştamdır. Onun yaradıcılığı bu günə kimi aktualdır”, – deyə İranə Qasımova qeyd edib.

Mənbə: https://azertag.az/