Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri
(EL- OBA SÖHBƏTLƏRİNDƏN)
Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi.
Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara otarırdı. Əvəzində isə qardaşı ona bir qarın çörək verirdi.
Qüdrət çox paxıl idi. Üz-gözündən zəhər tökülürdü. Qardaşı bütün günü işləməsinə baxmayaraq Qüdrət ondan narazı idi. Sakit isə xeyirxah idi, kənddə çoxları onun xətrini istəyirdi. Xeyirdə-şərdə iştirak edər, öz köməyini qohum-qonşudan əsirgəməzdi.
Bir gün kənddə toy idi. Sakiti də dəvət etmişdilər. Toy sahibi Sakitin yaxın dostu idi. Getmək lazım idi. Sakitin isə yaxşı pal-paltarı olmadığına görə qanı qaralmışdı. Çox götür-qoydan sonra böyük qardaşından utana-utana toya geyinmək üçün şalvar-köynək istədi. Qüdrət qaşlarını çatdı. Ağır-ağır, saysız-hesabsız paltarlarının içərisindən çoxdan geymədiyi bir şalvar və bir köynək seçərək qardaşına verdi.
Sakit mağara girəndə dostları, tay-tuşları onu sevinclə qarşıladılar. Axı, Sakit deyib-gülməyi xoşlayır, gözəl rəqs etməyi, tay-tuşları ilə şirin-şirin zarafat etməyi bacarırdı. Getdikcə məclis qızışırdı. Qara zurnanın səsi ərşə bülənd oldu. Mağarda iynə atsaydın yerə düşməzdi. Bütün kənd toya tamaşaya gəlmişdi. Qüdrət də burada idi. Cavanlar bir-bir rəqs edir, öz məharətlərini göstərirdilər. Növbə Sakitə çatdı. Onun oynaq və şən rəqsi hamının xoşuna gəldi. Yerbəyerdən “Əhsən.” “Halal olsun” nidaları ucaldı. Xoş sözlər Sakiti daha da həvəsləndirirdi. O, elə şövqlə, çılğınlıqla rəqs edirdi ki…
Qardaşının səsi Sakiti ildırım kimi vurdu:
–Ə, bəs deyil, şalvar cırıldı ki…
Hamı dönüb Qüdrətə baxdı. Sakit isə sanki yerə mıxlanmışdı. Handan hana özünə gəlib, pərt halda məclisi tərk elədi.
Sakit o gündən xəta törətmiş adam kimi dostlarından uzaq gəzirdi. Hətta o, toylara da getmirdi. Günlərin birində yaxın dostlarından biri Sakiti toyuna dəvət etdi. Mütləq getmək lazım idi. Amma yenə də geyinməyə babat paltarı olmayan Sakit üzünə üz qaralığı çəkib qardaşına üz tutdu.
Qüdrət:
–Sənə toyda geyinməyə şalvar və köynək verirəm. Amma bir şərtlə, toyda oynamamalısan. Yaxşı?
– Yaxşı. – Sakit cavab verdi.
…Dostları nə qədər cəhd etsələr də Sakit rəqs etmək istəmirdi. Hamı mat qalmışdı. Toyların yaraşığı olan bu cavan nə üçün meydana çıxmır? Məclis həqiqətən də qızışmırdı. Hamı Sakitin oynamağını istəyirdi. Sakit isə qardaşının zəhmli sifətini gözlərinin önünə gətirərək onun tapşırığına əməl edirdi. Bəyin atası Sakiti rəqsə dəvət edəndə sakit nə edəcəyini bilmədi.Toy sahibinə – ağsaqqala hörmətsizlik etsinmi? Yoxsa?
Birdən Qüdrətin gur səsi eşidildi:
– Ayə. Oyna da… Şalvar cırılar, cəhənnəmə cırılsın. Vallah, xatirinə dəymərəm.
…Qara zurnanın səsi mağarı başına götürmüşdü…
2001-ci il.