Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri
Böyük yazıçı”, “böyük şair”, “böyük bəstəkar” və s. bu kimi ifadələri tez-tez eşidirik. Bu halda bəzən iki şairin (eləcə də yazıçının, rəssamın, bəstəkarın, siyasətçinin və s.) müqayisəsi aparılır. “Filankəs filankəsdən böyük şairdir”, “yox, mənim fikrimcə filankəs ondan böyük şairdir”- kimi qeyri-müəyyən və yalnış fikirləri də eşidə bilirik.
Hər kəs öz fikir və mülahizələrini irəli sürür, birinin böyük sənətkar hesab etdiyini digəri “mən onun əsərlərini oxumuşam, o, böyük sənətkar deyil”-deyir. Demək, kimsə, haqqında söhbət gedən sənətkara fərdi zövqünə və ya subyektiv düşüncəsinə görə dəyər verir. Təbii, sənətkarın böyüklüyünü zövqə görə müəyyən etmək böyük yanlışlıq olar. Hər şeyin ölçü vahidi olduğu kimi yazıçının, şairin, və s.mənəvi çəkisinin böyüklük dərəcəsini müəyyən edəcək ölçü vahidi olmalıdır, zənnimcə. Bəs, kimin daha böyük sənətkar olduğunu necə müəyyən etməli?! Kitablarının sayına, çap olunan məqalə və ya şeirlərinin sayına görəmi?! Əsərlərinin sənətkarlıq xüsusiyyətinə, bədii ifadə vasitələrindən ustalıqla istifadə edə bilmək məharətinə görəmi? Dilinin səlisliyinə, axıcılığına və ya elmiliyinə görəmi? Bütün bunlar müəyyən dərəcədə göstərici ola bilər, ancaq əsas ola bilməz- düşüncəsindəyəm. Mənə elə gəlir ki, hər bir sənətkara, onun yaradıcılığının ictimai faydalılıq əmsalına görə dəyər verilməlidir. (İctimai faydalılıq əmsalı ifadəsi ədəbiyyat üçün doğma olmasa da, fikrin daha dəqiq söylənməsi üçün bu ifadədən yararlanmaq zərurəti var). Yazıçının, rəssamın, bəstəkarın, eləcə də şairin yaradıcılığının ictimai faydalılıq əmsalı yüksəldikcə sənətin və sənətkarın böyüklüyü daha geniş miqyas alır və daha yüksək dəyər kəsb etmiş olur. Otuz – qırx və hətta daha çox kitabın müəllifi olan yazarlar tanıyırıq. (Belə yazarlar dünən də olmuş, bu gün də var). Ancaq, belə yazarlar nəinki yeni yaradıcı nəslə, sıradan vətəndaşın belə düşüncəsinə təsir etmir, bir çox hallarda isə ümumi oxucu düşüncəsindən çox-çox geri qalır. Əlbəttə bu tip sənət əsərlərinin ictimai faydalılığından danışmaq da yersizdir. Lakin, bir kitab və ya bir əsərlə millət üçün dəyərli və böyük bir nəsil yetişdirən, yaradıcılığa stimul verən sənətkarlarımız ictimai faydalılıq əmsalı yüksək olan kimsələrdir. Örnəyi Nizami, Nəsimi, Əli bəy, Üzeyir bəy və bu kimi başqaları. Məsələyə bir qədər geniş müstəvidə yanaşaq:
Didro, Volter, Hüqo, Montöskyö və digər maarifçilərin yaradıcılığı və fəlsəfi fikri Fransa imperiyasını və nəhayət Fransa dövlətini yaratdı. Hal-hazırda bir çox dövlətlərin hakimiyyət bölgüsü bu ideya sahiblərinin prinsipləri əsasında həyata keçirilir. Hegel, Höte, Nitsşe və digər düşüncə adamlarının prinsipləri Alman dövlətini yaratdı. Onların prinsipləri – ədalət, dəqiqlik, elmilik və digər fəlsəfi nəzəriyyələri – bu gün də Almaniyanın dövlət prinsiplərinin əsasında durur. Fales, Sokrat, Platon, Aristotel Bizans imperiyasını yaratdı. Demokratiya və demokratik hakimiyyət ifadəsi məhz onlardan – antik düşüncə bahadırlarından gəlir. Xalq hakimiyyəti ifadəsinin əsasında onların qoyduğu prinsiplər durur.
Azərbaycanda Əli Bəy Hüseynzadə üçrəngli bayrağın düsturunu verməklə üç fərqli düşüncəni – dünyəviliyi, türkçülüyü və müsəlmanlığı – vahid ideologiya şəklində cəmləşdirdi. Çağdaş Azərbaycanın dövlət ideologiyasının əsasında məhz bu prinsiplər durur. Hazırda bu ideologiyanı bəzi düşüncə sahibləri ümumtürk birliyi üçün ən uğurlu variant hesab edir. Həsən Bəy Zərdabi “Əkinçi”ni nəşr etməklə jurnalist nəslinin yetişməsinə, M.F.Axundov öz yaradıcılığı ilə teatrşünaslığın, ədəbi tənqidin, dramaturgiyanın yaranmasına, Üzeyr bəy professional musiqinin və musiqişünaslığın meydana gəlməsinə təkan verdi.
Göründüyü kimi hər bir yaradıcı adamın ictimai faydalılıq əmsalını əsas götürərək daha dəqiq dəyər vermək mümkündür. Bəzi yaradıcı insanların ictimai faydalılıq əmsalı bir eli, bir mahalı, bəzilərinki isə bir dövləti, hətta bütöv bir qitəni əhatə edir. Deməli, məsələyə bu prizmadan yanaşanda ağızdolusu “böyük sənətkar”, “dahi şair” və s. dediyimiz bir sıra insanların adının qarşısında ictimai faydalılıq əmsalı bərabərdir “0” yazmalı olarıq. Millətimiz və dövlətimiz üçün zərrə qədər də olsa faydalı ola və “faydalılıq əmsalı bərabərdir 1” düsturuna cavab verə bilsək nə mutlu bizə!