Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti 13-14 noyabr tarixlərində Türkiyə Respublikasında səfərdədir. 

Noyabrın 13-də nazir Adil Kərimli ilə Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında ikitərəfli görüş keçirilib.

Söhbət zamanı iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin inkişafından məmnunluq bildirilib. Qeyd olunub ki, dövlət başçılarımız arasında olan dostluq və qardaşlıq münasibətləri ölkələrimizin arasında bütün sahələrdə əlaqələrin inkişafında müstəsna əhəmiyyət kəsb edir. Eyni zamanda əlaqələrimizin yüksək səviyyəsi ortaq türk mədəniyyətinin dünyada tanıdılmasına da öz töhfəsini verir.

Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində keçirilən tədbirlər, xüsusən bu ilin 13-14 oktyabr tarixlərində Şuşada gerçəkləşən I Türk Dünyası Mədəniyyət Forumunun əhəmiyyəti qeyd edilib. Bildirilib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının görüşündə də bu forumun önəmi qeyd olunub. 

Söhbət zamanı birgə mədəni tədbirlərin keçirilməsi, qarşılıqlı mədəniyyət günlərinin təşkili, eyni zamanda Prezident İlham Əliyevin 6 oktyabr 2023-cü il tarixli sərəncamı ilə Türkiyədəki səfirliyimizin nəzdində yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin gələcək fəaliyyətinə dair fikir mübadiləsi aparılıb.

Mənbə: https://culture.gov.az/