Azərbaycanın Belçika Krallığında və Lüksemburq Hersoqluğundakı səfirliyinin təşkilatçılığı ilə ölkəmiz Lüksemburq Beynəlxalq Bazarında böyük stendlə təmsil olunacaq.

AZƏRTAC xəbər verir ki, “Abad”, “Azərsun”, “Azəripək”, “Aspi”, “Balkhoorma”, “Meysəri”, “Savalan”, “Şabyant”, “Silkway”, “Ravira” şirkətlərinin dəstəyi ilə Azərbaycan stendi dünyada yoxsulluqla mübarizə üçün vəsait toplamaqla yanaşı, milli məhsullarımızın istehlakçılara təqdimatını və mədəniyyətimizin təşviqini müvəffəqiyyətlə həyata keçirəcək. Azərbaycan stendi milli məhsullarımızın təbliği üçün əlverişli platforma olacaq.

Milli ornamentlərlə bəzədiləcək stenddə ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi ilə bağlı nəşrlər nümayiş olunacaq və ziyarətçilərə hədiyyə ediləcək. Bu nəşrlər stendimizi ziyarət edən lüksemburqlulara və turistlərə ölkəmiz haqqında ətraflı məlumat almağa imkan verəcək. Gün ərzində Azərbaycanı təmsil edən stenddə qurulmuş böyük ekranda mədəniyyətimizin təşviqi ilə bağlı videoçarxın yayımlanması planlaşdırılır.

İki gün davam edəcək Lüksemburq Beynəlxalq Bazarında ziyarətçilər yüksəkkeyfiyyətli milli məhsullarımızı – şərabları, təravətli çayı, nar şirəsini, gül və əncir mürəbbələrini, ənənəvi şirniyyatları, paxlava, şəkərbura dada və ala biləcəklər. Milad bayramı ərəfəsində onlar, həmçinin hədiyyə etmək üçün orijinal incə əl işlərini, UNESCO-nun bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş kəlağayıları əldə edəcəklər.

Milli ornamentlərlə bəzədilmiş stendimizdə ölkəmizin tər meyvə və tərəvəzləri (nar, heyva, xurma, feyxoa, pomidor, xiyar) də təqdim olunacaq.

Lüksemburq Beynəlxalq Bazarından əldə olunan ianə 7 kateqoriya üzrə 48 xeyriyyə təşkilatına göndəriləcək.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Lüksemburq

Mənbə: https://azertag.az/