Bolonya şəhəri İtaliyanın mərkəzi və şimal hissələrində yerləşən Emiliya-Romanya regionunun inzibati mərkəzidir. Bu ölkənin ən böyük əyalətlərindən birində Ferrara, Modena, Parma, Ravenna, Rimini kimi vilayət və şəhərlər də yerləşir. Emiliya-Romanya şəhərlərinin zəngin tarixi-mədəni irsi sayəsində bu əraziyə çoxlu sayda turistlər gəlirlər. Burada Adriatik dənizi sahilində istirahət etmək, yerli kulinariyanın Parmigiano Reggiano pendiri, ənənəvi balzamlı sirkə kimi ləziz yeməklərinin dadına baxmaq, Roma imperiyası dövrünə aid tarixi abidələrə baxmaq və ya “Ferrari”nin eyniadlı muzeyində super avtomobillərin ən yeni modellərini görmək mümkündür. Biz yuxarıda sadalananların bir çoxu ilə tanış ola bildik və aldığımız təəssüratları sizinlə bölüşməyə tələsirik!
Premium sinfindən qatarlar və Bolonya Universiteti
Emiliya-Romanya vilayətinin paytaxtı olan Bolonya zəngin tarixə, mədəniyyətə və ənənələrə malik izdihamlı şəhərdir. Bu şəhərin bir çox təxəllüsü var, onların bəziləri isə əyləncəlidir. Bolonya universitet köklərinə malik olduğu üçün “təhsil mərkəzi”, yerli mətbəxinə görə “şişman”, tikililərin damındakı kirəmitlərin rəngi sayəsində “qırmızı” şəhər də adlandırılır. İzdihamlı, səs-küylü və enerji ilə dolu şəhərin çılğın keçmişi var, amma, eyni zamanda, o, gələcəyə də inamla baxır.
Mənbə: https://azertag.az/