Dövlət Tərcümə Mərkəzi Azərbaycan dilinin və ədəbiyyatının böyük hamisi, əbədiyaşar milli lider Heydər Əliyevin 100 illiyinə töhfə olaraq ana dilimizin yeni və daha təkmil orfoqrafiya lüğətini ərsəyə gətirib.
Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, söz ehtiyatımızı milli orfoqrafiya lüğəti tarixində (1929–2021) mənbə nəşrlərdə yer almamış minlərlə (ümumi sayı 30 000-dən çox) saf Azərbaycan sözləri və terminlərlə zənginləşdirən lüğətin daha bir əlamətdar uğuru – nəşrin Ulu Öndərin Türk dünyasında zərb-məsələ çevrilmiş “Bir millət, iki dövlət” kəlamının davamı olaraq son illər ölkədə geniş işləklik qazanmış yüzlərlə türkkökənli sözlərlə dolğunlaşdırılması və nəticə etibarilə dilimizin ana kitabının mənzərəsinin dəyişilərək ona türk dilləri qrupunun aparıcı və ümumişlək dil vəsaiti statusu qazandırmasıdır.
Lüğətin tərtib müəllifi – Xalq yazıçısı Afaq Məsud, “Ön söz”ünün müəllifi redaksiya heyətinin üzvü, akademik Nizami Cəfərov, redaksiya heyətinin digər üzvləri – filologiya elmləri doktorları, professorlar Vilayət Quliyev, Qulu Məhərrəmli, Cəlil Nağıyev, Cahangir Məmmədli, Rüstəm Kamal və filologiya üzrə fəlsəfə doktoru, dilçi-alim İsmayıl Məmmədovdur.
Mənbə: https://azertag.az/