Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə töhfə olaraq bu günlərdə növbəti kitab işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Aslan Cəfərovun sənədli materiallar əsasında yazdığı “Tariximizin Heydər Əliyev zirvəsi” adlı kitabında Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin müəyyən məqamları araşdırılır. Bu irsdəki milli-mənəvi dəyərlər, azərbaycançılıq ideologiyası, gənclər siyasəti, dövlətçiliyimizi gücləndirən digər amillər müxtəlif istiqamətlərdən olan elmi mənbələrlə təhlil olunaraq geniş oxucu kütləsinə təqdim edilir. Kitabda eyni zamanda Heydər Əliyevin respublikamıza ikinci dəfə rəhbərlik etdiyi dövrdə Azərbaycanın ictimai-siyasi həyatından, eləcə də elm, təhsil və mədəniyyətin tərəqqisi yolunda əvəzolunmaz xidmətlərindən söhbət açılır.
Kitab müstəqil Azərbaycan Respublikasının qurucusu, dünyada yaşayan bütün azərbaycanlıların Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə qələmə alınıb.
Kitaba yazılmış “Zəmanəmizin ən görkəmli siyasi xadimi” sərlövhəli “Ön söz”də müəllif qeyd edir ki, müstəqil Azərbaycan dövlətinin təşəkkül tapması Ümummilli Lider, dünya miqyaslı dahi şəxsiyyət Heydər Əliyevin misilsiz xidmətidir: “Ölkəmiz məhz onun müəyyən etdiyi siyasi kursla irəliyə doğru inamla addımlar atır. Azərbaycanın ən yeni tarixinin 33 illik bir mərhələsi Heydər Əliyevin adı ilə, titanik fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev şəxsiyyətinə dünyəvi hörmət, ehtiram və ümumxalq sevgisi əbədidir. Ulu Öndər bütün həyatı boyu Azərbaycanın inkişafı və tərəqqisi naminə mübarizə aparıb, xalqını taleyin sərt sınaqlarından məharətlə çıxarmağı bacarıb. Tarix onun kimi insanları yüz ildən bir yetirir. Bu dahi insanın ölkəmizə rəhbərliyinin bütün dövrlərində Azərbaycanın iqtisadi dirçəlişi, tərəqqisi təmin edildi. Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri yaxşı başa düşürlər ki, Heydər Əliyev olduqca iti zəkaya, sağlam düşüncə tərzinə malik dahi bir insan idi. Onun tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyası müasir dünyanın görkəmli dövlət xadimləri, siyasətçiləri tərəfindən çox yüksək dəyərləndirilib. Dünyanın məşhur ictimai-siyasi xadimlərinin, dövlət adamlarının və mütəfəkkirlərinin onun haqqında söylədikləri fikirlər bu dahinin şəxsiyyətinə və çoxşaxəli dövlətçilik fəaliyyətinə verilən yüksək qiymətin, göstərilən ehtiram və heyranlığın ifadəsidir”.
Müəllif yazır ki, Ulu Öndər Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb və bu, əsrlər boyu unudulmayacaq. Azərbaycanın hər bölgəsində Heydər Əliyevin quruculuq fəaliyyətinin silinməz izləri var.
“Azərbaycan – Heydər Əliyev” əsrlər boyu qoşa səslənəcək. Onun nurlu xatirəsi qəlbimizdə, yaddaşımızda əbədi yaşayacaq. O, bizim üçün həmişə əziz olub, əziz olaraq da qalacaqdır. Dahi və bənzərsiz şəxsiyyət Azərbaycanın simvoluna çevrilmiş parlaq Günəşdir ki, üzərimizə səpələnən şüaları onun işıqlı ideyalarıdır. Bu şüalar həyatımızın hər sahəsinə işıq salır, bizə yol göstərir. Bir sözlə, Azərbaycanı inkişaf etdirən, ona beynəlxalq aləmdə nüfuz qazandıran Heydər Əliyev siyasəti uğurlu sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısıdır”, – deyə “Ön söz”də vurğulanır.
Kitabda yer alan “Qaranlıqdan aydınlığa”, “Heydər Əliyevin fəaliyyətinin yeni mərhələsi”, “Xilaskarlıq və quruculuq missiyası”, “Azərbaycan ordusunun qurucusu”, “Təhsil millətin gələcəyidir”, “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” və digər sərlövhəli məqalələrdə müəllif müasir Azərbaycanın qurucusu Ulu Öndərin yorulmaz fəaliyyətini tarixi faktlarla oxucuya çatdırır.
Mənbə: https://azertag.az/