Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında yazıçı, jurnalist, görkəmli dramaturq Cəlil Məmmədquluzadənin 155 illiyi ilə əlaqədar virtual kitab sərgisi və metodiki vəsait hazırlanıb.

AZƏRTAC xəbər verir ki, materiallarda dramaturqun 155 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının mətni, yazıçının həyat və yaradıcılığı, elmi və pedaqoji fəaliyyəti haqqında geniş məlumat verilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda C.Məmmədquluzadənin Azərbaycanda və Şərqdə qadınların və kişilərin hüquq bərabərliyi ideologiyasının əsasının qoyulması, cəmiyyətin maariflənməsi, məktəb tərbiyəsi, milli şüurun inkişafı istiqamətində əzmkarlıqla çalışmasından bəhs edilib. Virtual sərgi və metodiki vəsaitdə Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalındakı fəaliyyəti, seçilmiş fikirləri, imzaları, görkəmli şəxslərin ədib haqqında söylədikləri dəyərli fikirlər, xatirəsinin əbədiləşdirilməsi haqqında məlumatlar, əsərlərinin motivləri əsasında səhnələşdirilən filmlərdən fraqmentlər təqdim edilib. Yazıçının ədibi irsinin kitabxanalarda geniş təbliği məqsədilə hazırlanan metodiki vəsaitdə Cəlil Məmmədquluzadənin yaradıcılığına həsr olunan müxtəlif kütləvi tədbirlərin həyata keçirilməsinə dair tövsiyələr, müəllifi olduğu və haqqında yazılan kitab və məqalələrin biblioqrafik təsviri yer alıb.

Mənbə: https://azertag.az/