Mədəniyyət Nazirliyi tərəfindən hər il ənənəvi olaraq Bakı Beynəlxalq Kitab Sərgisi təşkil edilir. Sərgidə həm yerli, həm də xarici kitab sənayesi təmsilçiləri iştirak edir və bu sahəyə böyük maraq göstərirlər. Bu il oktyabrın 21-dən 27-dək davam edəcək Bakı Beynəlxalq Kitab Sərgisində 32 xarici ölkədən nümayəndələr iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Mədəniyyət Nazirliyinin Azərbaycan dili və ədəbiyyat siyasəti şöbəsinin müdiri Vasif Qurbanzadə nazirliyin təşkilatçılığı ilə keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisinə həsr olunmuş mətbuat konfransında səsləndirib.

O bildirib ki, keçirilən kitab sərgisi Azərbaycan kitablarının xaricdə tanıdılması və yerli oxuculara təqdim olunması baxımından dövlətimizin həyata keçirdiyi mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biridir.

Vasif Qurbanzadə qeyd edib ki, builki sərgi uşaqlara həsr olunub. Hər il sərginin özünəməxsus ideyası olur. Bu il isə əsas mövzu uşaqlar, yəni gələcəyimizdir.

Müxbir – Gülay Nəzərova

Fotomüxbir – Xanlar Əlizadə

Operator – Vüsal Taqiyev

Mənbə: https://azertag.az/