Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.
***
Kağız gəmilər kimi
Didilir ümidlərim
Gözlərimin yaşında.
Mən görürəm taleyin
Sonu necə olacaq
Ömrümün bu başında.
Varsa aclıq, səfalət
Sevinc qərar tutarmı
Yurdumun yurddaşında?
Torpaq hələ əsirsə,
Yadın dırnaq altında
Söylə, nələr qalacaq
Gəncliyin yaddaşında?!
02.01.2014.
***
Adam…
Hələ nə yazmışam, mən sənə dair?!
Bütün sətirlərin ünvanı, adam.
Yenə gəl, bu yollar sevinsin bir az,
Salxaq xatirələrin mehmanı, adam.
Sən ümid yerisən yetən arzumun,
Korun ocaqlarda tütən arzumun,
Bir rəsmin xəttində itən arzumun
Zərrədən başlayan ümmanı, adam.
Ünvansız şeirlər bitəcək səndə,
Ömür bir gün kimi ötəcək səndə,
Nəm çəkən nəzərlər itəcək səndə,
Bu günün sabahkı gümanı adam…
07.12.2013
***
Məzəmmət edirsən məni,
“Necə acılaşıb dilin” deyirsən.
Sənə ağır gəlir acı sözlərim?
Şükr elə, ay bəxtəvər,
Bu nədir ki görürsən?!
“Necə acılaşıb dilin” deyirsən,
Deyəsən yatmısan fil qulağında.
Ay insan, büsbütün dəyişən sənsən…
Durmusan yad ömrün astanasında.
Deyəsən yatmısan fil qulağında,
Əllərin bir başqa əl içindədi.
Dəyişib səsinin yumşaq tonu da,
Saxta təbəssüm də el içindədi.
Əllərin bir başqa əl içindədi,
Baxışın borc alıb zirvədən buzu.
Sən bütün dəyişib özgə olmusan,
Mənim dilim acılaşıb çoxdumu?!
2013.
***
Balıq yaddaşlı
Yaddaş kitabçasından sil nömrəmi,
Onsuzda izim yox sənin ömründə.
Verdiyin sözləri unutmusan, bilirəm…
Unut elə keçmiş kimi məni də.
Sən mənim ömrümdə əsas pərdəsən,
Harasa tələsən ömrü təlaşlım.
Unuda-unuda yaşadığı hər şeyi…
Unudacaq özünü balıq yaddaşlım…
2013
***
Məhəbbət
Nə qədər qaçsan da küncə bucağa,
Gəlib düz içindən keçər məhəbbət.
Doldurar badəyə şərbət əvəzi,
Axan göz yaşını içər məhəbbət.
İcazə istəməz, çalar qəlbini,
Göz yaşı gətirər, verməz səadət.
İçində cücərən yaşıl ümidi,
Qazıyar kökündən, biçər məhəbbət.
Qapayar, gözlərin doğrunu görməz,
Dilində bal dadar acı həqiqət.
Getmək istədimi əliboş getməz,
Ruhunla dünyadan köçər məhəbbət.
Dəlib ürəyini keçsə də gözəl,
Axan göz yaşını içsə də gözəl.
Ruhunla dünyadan köçsə də gözəl…
Nəğmədi, haraydı, haydı məhəbbət
Tanrıdan insana paydı məhəbbət…
16.04.2013