Saqif QARATORPAQ
Eh,nə gəlir əlimdən?
Bir-iki misra yazmaq.
Ha yazsam da sağalmır
Köhnə yaralar ancaq.

Neyləyim ki,bircə söz
Dərdimə dərman olmur.
Yaşayıram hələ ki…
Elə də asan olmur.

Zaman çapıb atını
Ötüb keçir yanımdan.
Qaçıb çıxa bilmirəm
Güzgünün arxasından.

…Oxuyuram hələ də:
“Bu dərənin uzunu.”
Quzusu yox,otaram,
Çoban verə qızını.

*******

Üzümdəki təbəssüm
içimdəki hıçqırıq,
Sızıb üzə çıxınca
olubdu qırıq-qırıq.

Sinəm bir köhnə divar,
güllələrlə yazılıb.
Bir eşqin kölgəsində
qəbrim çoxdan qazılıb.

Dünən qəfil güllədən
ölənin yasındayam.
Gündüzlər “Fatihə”-də,
gecələr “Yasin”-dəyəm.

Təbrizdə güllələnib,
Hələbdə soyuluram.
Bir çinaram,min ildi
içimdən oyuluram.

Tökülür yarpaqlarım,
könlümdə xəzan yeli.
Məni tərsinə atıb
qoca taleyin əli…

Dövranın sapı çürük,
demə:” soldu gül nədən?”
Mən də qəfil ölərəm
bir çovutma güllədən.

*********

Bilirəm gəlmisən qohumungilə,
Qırma ümidimi sən bilə-bilə.
A zalım, insafın yoxmu bir gilə,
Dönüb bircə dəfə baxsan nə olar?!

Sən elə gedirsən,bu yeriş nədir?
Üşüdüm yay günü,bəs bu qış nədir?
Axı səndən ötrü bir baxış nədir?
Dönüb bircə dəfə baxsan nə olar?!

Hərdən solan gülə baxdığın kimi,
Qonaq gələn yola baxdığın kimi,
Yütimə,sayıla baxdığın kimi
Dönüb bircə dəfə baxsan nə olar?!

Yüyürüb qarşına keçimmi yoxsa,
Deyirsən quş olub uçummu yoxsa,
Axı bu küçədən köçümmü yoxsa,
Dönüb bircə dəfə baxsan nə olar?!

Bu sevda Saqifin xatası deyil,
Ballah gözlərini satası deyil.
Daha bircə gecə yatası deyil,
Dönüb bircə dəfə baxsan nə olar?!