Yox olmuşam
Günlərimin, illərimin,
Əllərində yun olmuşam.
Əlçim-əlçim didilərək,
Əyrilərək,
Xanalarda ilmə-ilmə,
Kəsilmişəm, yonulmuşam,
Ayaq altda,
Qalmaq üçün toxunmuşam.
Əzilmişəm,
Rəngim qaçıb.
Yuyulmuşam,
Sanki elə,
Dünya məndən,
Mən dünyadan doğulmuşam.
Hər ötən gün,
Yoğrulmuşam,
Yerindikcə üzərimdə.
Özlüyümdən,
Özlüyümə qovulmuşam.
İlmə-ilmə toxunduqda,
Böyüyərək,
Dünya məndə,
Mən dünyada yox olmuşam.
Onun şəfaətində
Əks olub varlığında,
Allahın nişanəsi,
Üzündəki təbbəssüm,
Valeh edib hər kəsi.
Yetimə sığal çəkib,
Sevgi dolu əlləri.
Hidayətə yol açıb
Əxlaqı, əməlləri.
Qəribləri dindirib,
Qulları azad edib.
Bağlayıb qardaşılığı,
Qocaları yad edib.
Kasıbları doydurub
Fərq qoymayıb insana,
Qızları xilas edib,
Can qatıbdır hər cana.
Elçi kimi, qul kimi,
Dayanıb xidmətində.
Örnəklər var ümmətə,
Onun şəfaətində.