Tag: Şəhid Natiq İsmayılov

  • İki evin alın yazısına istinad edilən əsər

    (“Ünvanımı tapan kitablar” silsiləsindən)

    Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi…

    Hərdən olur, illər sonra  xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə sağdakı qapıya yönəlirik. Və görürük, xatirələrimiz bizə xəyanət edib; cırıldayan soldakı qapı imiş…

    Xatirələrin xəyanət səbəbini axtarmaq lazım deyil… Heç niyəsini də soruşmağa cəhd etməməliyik. Çünki əksər xatirələr arzuların diktəsindədir…

    …Evlərin də taleyi var… Alnına çoxdan-bünövrəsi qoyulandan yazılır sakinlərinin kim olacağı, kimin arzularının dalınca gedəcəyi, kimin sevdiyinə qovuşacağı və… Və də kimin şəhid olacağı!

    Şahanə Müşfiq “Əzəli, əbədi Azərbaycanam!” kitabını yazanda iki evin alın yazısındakı şifrələrə istinad edib: Natiq İsmayılovun doğulub-böyüdüyü ev və Natiq İsmayılovun 4 övladının böyüdüyü ev…

    Qəbələ rayonunun Bunud kəndindəki evin açılan şifrələrində “Oğul Vətən üçündür!” ideologiyası vardı. Və bu ideologiya sadəcə, hansısa utopistin təsəvvüründə deyildi-Azərbaycan xalqının qan yaddaşında, təfəkküründə, ruhunda idi! Vətənpərvərlik yeganə ideologiyadır ki, onun təbliği və ya yayılması üçün ideoloqlara ehtiyac yoxdur-o, candadır!

    Vətənçün doğulanlar özləri bilməsə də, gözləri önündə böyüdükləri onların ömür missiyalarını anlayır…. Və sonradan anladıqlarını xatirə xəritələrində işarələyirlər ki, gələcək nəsillərə miras etsinlər.

    Şahanə kitab boyunca iki evin arasında addımlayıb… Onun addım səslərinin əks-sədasında kədər də var, “elin göynək yeri” olan şəhid yoxluğunun sızısı da… Amma diqqətlə dinləyən oxucu bu əks-sədanın bətnində məğrurluğun və əminliyin olmasını da duyur…

    Bakıdakı evin divarları Natiqin övladları ilə söhbətlərini, atalarını görən uşaqların sevincli səslərini, Nigar xanımın nigaranlıqla süslənmiş qadın xoşbəxtliyinin zərrin anlarını əmanət bilib, zərrəsinə xəyanət etmədən saxlayıb. Və Şahanənin yazıçı qələmi bu əmanəti o divarlardan qudsal nəsnə kimi köçürüb…

    “Əzəli, əbədi Azərbaycanam!” kitabının adı da Natiqin Azərbaycan sevgisinə ithafən seçilib… Təqaüddə olmasına baxmayaraq, Vətən müharibəsinə könüllü yollanan, 23 illik hərbiçi təcrübəsini Vətənin qisas günündə cəbhədə tətbiq etməyin mahiyyətini dərk edən Natiq İsmayılov dilinə gətirməsə də, deməsə də, tanıyanların hamısı bilirdi ki, o, həm cismiylə, həm ruhuyla Azərbaycan idi! 

    Natiq və onun kimi Vətən uğrunda şəhadət şərbətini içənlərin saldıqları qudsal izlə addımlayanlar isə Xəlil Rza Ulutürkün bir öncəki misrasını aksioma etdilər: “Min yol öldürülən, yenə ölməyən, / Əzəli, əbədi Azərbaycanam!” 

    Azərbaycan xalqının minilliklərə sığışmayan tarixinə baxdıqca, Vətən məfhumunun havada asılı qalan, məna axtarışında olan təfəkkür illüziyası olmadığını görmək çətin deyil. Bu xalq üçün, bu millət üçün Vətən məfhumunun mənası həmişə diri olub-əllə tutulan, köksə sıxılan, kürək söykənilən, ömür etibar edilən olub! Və bu ömürdən böyük, həyatdan uca həqiqəti evlərin alın yazısından oxumağı bacarıb hər doğulan uşaq-hər düşmən çəpəri oğul, o oğula çiyindaş olan qız!

    Şahanə şəhid mayorun həyat hekayəsinin bədiiliyini qələmiylə rəsm edərkən, kitab boyunca boya kimi bu həqiqətin çalarlarını seçib. Çalarların hamısı ilkinliyindən su içdiyi tündlüyə ehtiramdadır… Bu da bir yazıçı qüdrətidir!  Oxucu ilk oxunuşdanca bu ehtiramı hiss edirsə, duyursa, yazıçı qələminin qüdrətini etiraf etməyə könül borcu var, demək…

    … Ömrünü Vətən naminə yaşamağı bacarmış, 4 övladının böyüməsi, cəmiyyətin gərəkli, layiqli üzvü olması ilə bağlı bütün arzularını “Vətən sağ olsun!” cümləsinin arxa fonu etmiş şəhid mayor Natiq İsmayılovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə qələmə alınmış kitabın redaktoru olmağım bir yana, oxucu olaraq könül borcumu bir az azaltmaq istəyim yazdırdı bu yazını…

    …Redaktə prosesində keçirdiyim qürur hissi, onun tez-tez kədərə yenilmək cəhdi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” cümləsindən yapışan milli şüurumun qürurumu yenilməz etmək hünəri… Evimin divarları bütün bunların müşahididir!

    Ümid edirəm ki, nə vaxtsa,  mücərrəd gələcəyin mütləq indiyə çevrildiyi bir zaman kəsiyində evimin alın yazısında bu hisslərin qara karandaşla çizilmiş eskizləri yenə bir  qələm adamı tərəfindən görüləcək… Və ümid edirəm ki, Natiq İsmayılovun timsalında Azərbaycan naminə candan keçənlərin hamısının qətiyyət yağan baxışlarından yola çıxan Vətən sevdası bu torpaqlarda hər yeni doğulan körpənin bəbəklərində öz inikasını tapacaq…

    …Xatirələrin xəyanət etməyindən də yazmışdım axı əvvəldə… O xəyanətin öləziməyəcəyinə dair isə ümid etmirəm, əminəm! Əminliyimdən qorxmuram, yox… Bilirəm,  xainlik cırıldayan qapıların səmtini səhv salmaqdan o yana keçmir… O cırıltı səsi, o qapının açıldığı otaqdakı miras enerji elə həmənkidir xatirələrdə də, gerçəkdə də!

    Azərbaycanı şam bilib başına dönən pərvanələrin enerjiləri zaman-məkan tanımır, ömürlərin əvvəlində zehnə, mənliyə yoldaş olur, sonunda ruhu əbədiyyətə uğurlayır və növbəti ömürlə birgə cığıra düşür.  Azərbaycan xalqı bütövlükdə həm öz tarixinə, həm öz şanlı keçmişinə, bu şan, bu şərəf naminə canı Vətənə qurban demiş, bir mamırlı daşı, bir qarış torpağı belə, qurbangah bilmiş igid övladlarının xatirəsinə sadiqdir! Şahanə də bu qudsal əmanətin daşıyıcılarından biri olaraq qələmiylə Azərbaycanın tarixini, mədəniyyətini- acısıyla-şiriniylə,-yaşatmaq əqidəsinə sadiqdir!

    Şəfa Vəli (2026)

  • İmişlidə şəhid mayor Emin Süleymanovun anım günü və ona həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

    Noyabrın 13-də İmişli rayonunda Vətən Müharibəsi şəhidi, mayor Emin Süleymanovun İmişli Rayon Heydər Əliyev Mərkəzində anım günü qeyd olunub. Anım mərasimi çərçivəsində Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin şəhidin xatirəsinə həsr etdiyi “Qutsal Yolçu” kitabı da təqdim olunub.Tədbirdə İmişli Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mirzə Quliyev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, şəhidimizin doğmaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.Əvvəlcə tədbir iştirakçıları şəhid mayor Emin Süleymanovun xatirəsinə həsr olunmuş guşə ilə tanış olublar. Burada şəhidin portretləri, hərbi geyimi, şəxsi əşyaları və döyüş yolunu əks etdirən materiallar nümayiş etdirilib.Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca şəhid mayor Emin Süleymanovun həyat və döyüş yolunu əks etdirən videoçarx nümayiş etdirilib. Sonra çıxışlar dinlənilib, çıxış edənlər şəhidin Vətən qarşısında göstərdiyi igidlik, fədakarlıq və şücaətdən bəhs edərək, onun xatirəsinin daim ehtiramla anıldığını vurğulayıblar. Emin Süleymanovun anası Tamara Süleymanova, böyük qardaşı 1-ci Qarabağ müharibəsi veteranı Mehman Süleymanov, oğlu Bəhmən Süleymanov, kursan yoldaşı Fuad Cəfərov, Vətən müharibəsi şəhidi 2 Qarabağ müharibəsinin Şəhidi Cavid Səfərlinin anası Xatirə xanım və başqaları çıxış edərək, şəhid haqqında xatirələrini bölüşüblər, onun qəhrəmanlıq salnaməsinin gənc nəsil üçün dəyərli örnək olduğunu və keçdiyi şərəfli yolun hər bir vətəndaş üçün qürur mənbəyi olduğunu deyiblər. Həmçinin, onlar şəhid ailəsinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.Daha sonra yazıçı-publisist Şahanə Müşfiqin şəhidin həyat və döyüş yoluna həsr etdiyi “Qutsal Yolçu” kitabı təqdim olunub. Qeyd edilib ki, kitab şəhidimizin ömür yolunu, döyüşlərdə göstərdiyi igidliyi və Vətənə sədaqətini özündə əks etdirir.

  • Şahanə Müşfiqin şəhid haqqında yeni kitabı təqdim olunub

    Noyabrın 5-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib.

    Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılıq etdiyi tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Qeyd edilib ki, 30 illik torpaq həsrətimizin, Qarabağ dərdimizin sona yetdiyi Vətən müharibəsindəki Böyük Zəfərdə mayor Natiq İsmayılovun timsalında 3 mindən çox şəhidimiz müstəsna pay sahibidir. Təqdimatı keçirilən kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı əks etdirir. Şəfa Vəlinin redaktoru olduğu bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb.

    Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışında Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb. Şəhid Natiq İsmayılovla uzun illər birgə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, millətini ürəkdən sevən qorxusuz bir hərbçi kimi dəyərləndirib: “Natiq yaşına, tutduğu vəzifəyə baxmayaraq, bu xidmət dövründə rastlaşdığım ən ədəbli, ən ərkanlı, ən məsuliyyətli zabitlərdən biri olub.

    Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş 4-cü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib.

    N.İsmayılovun xidmət yoldaşları – polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov öz çıxışlarında qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb, onu həm bir peşəkar hərbçi, həm vətənə bağlı bir insan, həm də sədaqətli dost kimi dəyərləndiriblər.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib.

    “Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi davam edən günlərdən bu günə kimi – beş il ərzində yaradıcılığının ciddi hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yaranma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə təşəkkür edib.

    Tədbirin rəsmi hissəsinin sonunda Natiq İsmayılovun ailə üzvləri adından çıxış edən həyat yoldaşı Nigar İsmayılova şəhid adının yaşadılması üçün addım atan hər kəsə təşəkkürünü bildirib.

    Tədbirin bədii hissəsində müğənni Rövşanə Kərimduxt sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan “Vətənim Azərbaycan”, müğənni Xasay Şıxıyev sözləri Rəfail Hüseynova, musiqisi Faiq Sücəddinova aid olan “Gözəl Vətən” mahnılarını ifa ediblər.

    Əslən qarabağlı olan, Amerikada yaşayan tanınmış müğənni Gül Merinin ifasında “Azərbaycan Vətənim” mahnısı da maraqla qarşılanıb.