Tag: Şahanə Müşfiq

  • “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının qalibləri mükafatlandırılıb

    Mayın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə keçirilən “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının bağlanış və mükafatlandırma mərasimi baş tutub.

    Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayan mərasimdə ADMİU-nun və digər ali təhsil müəssisələrinin rəhbərliyi, professor-müəllim heyəti, tələbələr, teatr xadimləri, qonaqlar və media nümayəndələri iştirak ediblər.

    Açılış nömrəsindən sonra aparıcılar – ADMİU-nun məzunları, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının əməkdaşları İlhan Sadıqov və Aydan Həsənzadə Pillə Festivalı haqqında məlumat veriblər. Qeyd olunub ki, 2022-ci ildə “ADMİU 99+” layihəsi çərçivəsində Universitetin 100 illik yubileyinə töhfə olaraq başlayan Festival tələbələri yaradıcılığa ruhlandırmaq, onlara sənət bayramı yaşatmaq, gənc istedadların aşkarlanmasına dəstək olmaq və teatr tədrisi prosesini aktivləşdirmək məqsədlərini hədəfləyir.

    Qeyd olunub ki, Festivalın tərəfdaşı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, informasiya tərəfdaşı Teatro.az sənət portalı, dəstəkçiləri Sahib Perfumery & Cosmetics və Dark Print MMC şirkətləridir.

    Həmçinin, əlavə edilib ki, ikinci ildir, festival Respublika səviyyəsində keçirilir. Belə ki, festivala qatılan 22 tamaşadan 12-si ADMİU-nun, 10-u isə digər ali təhsil müəssisələrinin olub.

    Tədbiri giriş nitqi ilə açıq elan edən ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudova qonaqları salamlayıb və PİLLƏ Tələbə Tamaşaları Festivalının artıq təkcə Mədəniyyət və İncəsənət Universitetinin deyil, digər universitetlərin də həyatında silinməz izlər qoyduğunu bildirib. Xüsusən, digər ali təhsil müəssisələrində fərqli ixtisaslarda təhsil alan gənclərin sənətə, teatra bu qədər həvəsli olmalarından məmnunluğunu bildirən rektor onları bu səhnədə birləşdirən qüvvənin də sənət, teatr sevgisi olduğunu vurğulayıb. Xüsusən, ölkənin ən gənc universiteti olan Qarabağ Universitetinin festivala qatıldığını əlamətdar hadisə kimi qeyd edən C.Mahmudova 5 il öncə böyük zəfərlə işğaldan azad edilən torpaqlarda bu gün məhz gəncliyin nəfəsi ilə sənətin, mədəniyyətin cücərdiyini görməyin əsl xoşbəxtlik olduğunu deyib.

    Xanım rektor çıxışında festivalın təşkilində əməyi olan hər kəsə öz təşəkkürünü bildirib, PİLLƏ Tələbə Tamaşaları Festivalının gələcək illərdə öz arealını daha da genişləndirəcəyinə, beynəlxalq səviyyədə keçiriləcəyinə inandığını vurğulayıb.

    Münsiflər heyətinin sədri Teatrşünaslq kafedrasının professoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov çıxış edərək PİLLƏ Tələbə Tamaşaları Festivalının önəmindən danışıb, bir həftə davam edən festivalın çətin, amma bununla bərabər çox zövqlü təcrübə olduğunu deyib.

    Sonra “PİLLƏ 4” Festivalının dörd günlük videoicmalı nümayiş olunub.

    Tədbir boyunca Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Təşkilat komitəsinin üzvü, Teatrşünaslıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov, Teatrşünaslıq kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Teatrşünaslıq kafedrasının müəllimləri Aliyə Dadaşova, Aygün Süleymanova, Teatrşünaslıq kafedrasının məsləhətçi-professoru, Əməkdar incəsənət xadimi, professor Məryəm Əlizadə, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, dosent Vidadi Qafarov və başqaları çıxış edərək festivalın ümumilikdə Azərbaycan teatr sənətinin inkişafındakı rolundan danışıb, bütün iştirakçılara uğurlar arzu ediblər.

    Festivalda iştirak edən bütün kollektivlərə sertifikat və hədiyyələr təqdim edilib.

    Festivalın gənc ekspertlərinin adından tələbə-teatrşünas Zeynəb İsmayılova çıxış edərək PİLLƏ Festivalının onlar üçün də maraqlı təcrübə və unudulmaz xatirə olduğunu vurğulayıb. Daha sonra ADMİU-nun tələbə komandalarından gənc ekspertlər tərəfindən qalib seçilən kollektiv və tamaşanın adı açıqlanıb. Ruslan İsmayılovun quruluşunda “Vəziri-xani-həngamə” tamaşası Gənc ekspertlərin mükafatına layiq görülüb.

    Xəzər Universitetinin tələbəsi Zəhra Fərəczadə, ADMİU-nun tələbəsi Nərmin Mustafayeva “Ən yaxşı ikinci plan qadın rolu”, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbəsi Məhəmmədəli Məhərrəmli və ADMİU-nun tələbəsi Əli Davıdov “Ən yaxşı ikinci plan kişi rolu” nominasiyaları üzrə qalib seçiliblər.

    “Ən yaxşı kişi rolu”na ADMİU-dan Əfqan Sultan, Azərbaycan Tibb Universitetindən Mehman Rəhimli, “Ən yaxşı qadın rolu”na isə ADMİU-dan Heyran Abdullayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetindən Xədicə Nəbizadə layiq görülüblər.

    Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova çıxışında həm ADMİU-nun məzunu, həm də bağlanış mərasiminin keçirildiyi sənət ocağının təmsilçisi kimi həyəcanını dilə gətirib. O, tələbələrin hələ təhsil zamanından bu cür festivallarda çıxışının onlar üçün böyük yaradıcı əhəmiyyətə malik olduğunu, səhnə təcrübələrinə malik olmaları üçün önəm daşıdığını bildirərək festivalın yaradıcı heyətinə, təşkilatçılarına öz təşəkkürünü bildirib.

    Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin müdiri İntiqam Babayev bu cür yaradıcı festivalların tələbələrin inkişafında xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

    Tədbirdə yeni nominasiyalardan biri olan “Ən yaxşı tələbə-rejissor işi” nominasiyası üzrə mükafat da təqdim edilib. Bu nominasiya üzrə ADMİU-nun tələbə-rejissoru Anar Atakişiyev “Laqeyd gözəl” tamaşasına görə qalib elan olunub.

    “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalını özündən əvvəlkilərdən fərqləndirən bir xüsusiyyət də “Festivalın xüsusi mükafatı” olub ki, bu mükafat münsiflər heyətinin yekdil qərarı ilə Qarabağ Universitetini təmsil edən komandaya təqdim olunub. Mükafatı təqdim edən professor Məryəm Əlizadə

    Azərbaycanın şanlı zəfərindən, Qarabağ Universitetinin festivalda iştirakının mənəvi dəyərindən bəhs edib. 

    Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İndira Hacıyeva çıxışında bu gün dövlətimiz tərəfindən gənclərin yaradıcı atmosferdə, sağlam mühitdə yetişmələri, təhsil almaları və faydalı vətəndaş kimi formalaşmaları üçün hər cür şəraitin yaradıldığını vurğulayaraq, PİLLƏ Tələbə Tamaşaları Festivalını da bu qəbildən olan uğurlu layihələrdən biri kimi dəyərləndirib. O, gənclərə öz yaradıcı potensiallarını nümayiş etdirə bilmələri üçün yaradılan şəraitə görə Mədəniyyət və İncəsənət Universitetinin rəhbərliyinə, təşkilatçılara və əməyi olan hər kəsə öz təşəkkürünü bildirib, qalibləri təbrik edərək, onlara daha böyük uğurlar arzulayıb.

    Daha sonra İndira Hacıyeva digər ali təhsil müəssisələri üçün “Ən yaxşı tamaşa” nominasiyasının qalibini açıqlayıb. Bu nominasiya üzrə Azərbaycan Dillər Universitetinin komandası Əsmər Həbiblinin quruluşunda “İnsan səsi” (J.Kokto) tamaşası ilə qalib gəlib.

    ADMİU-nun rektoru professor C.Mahmudova isə ADMİU-nun tələbə komandaları arasında “Ən yaxşı tamaşa” nominasiyasının qalibinin adını açıqlayıb. Nəticələrə əsasən, ADMİU-nun SABAH qruplarının “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşası (Y.Zoyfer, quruluşçu rejissor: Mikayıl Mikayılov) qalib elan edilib.

    Qaliblər çıxış edərək öz təəssüratlarını bölüşüb, festivalın təşkilatçılarına təşəkkürlərini çatdırıblar.

    Qaliblərə diplom, plaket, müxtəlif hədiyyələr və pul mükafatları təqdim olunub.

    Gənclər və İdman Nazirliyi qalib tələbələrə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinə və Mingəçevir Kür Olimpiya Tədris-İdman mərkəzinə 2 gecə, 3 günlük istirahət vauçeri, Baku City Carting və Buz Arenasına kuponlar, Mədəniyyət Nazirliyi xatirə hədiyyələri, Sahib Perfumery & Cosmetics orijinal ətirlər və endirim kuponları, Dark Print MMC isə promo çap məhsulları və endirim kuponları hədiyyə edib.

    Gecənin bədii hissəsində ADMİU-nun rəqs kollektivinin hazırladığı “Yaşa, mənim xalqım” rəqs kompozisiyası (xoreoqraf Aydan Kamilova), Sabah Mərkəzinin müəllimi Elnur İsmayılovun quruluşunda “Dahi” plastik kompozisiyası, “Rok-n-Roll” rəqsi (xoreoqraf Ofeliya Zeynalova),  ADMİU “Kamerata” tələbə orkestrinin ifasında L.Bethovenin “Kontredans” əsəri, eləcə də Musiqi sənəti fakültəsinin tələbələri Abdusalam Şabanlı, Əhməd Məmmədov, Aleksandra Makarova, Selcan Rəfili və Mərdan Kazımovun ifasında “Bu şəhərdə”, “Həyat bayram olsa”, “Şuşanı qar gördüm”,  “Qaytar eşqimi” mahnıları, İctimaiyyətlə əlaqələr, marketinq və Sİ şöbəsinin əməkdaşı Mətanət Abdullayevanın Süni İntellekt texnologiyalarının imkanları ilə hazırladığı animasiya tamaşaçılara maraqlı anlar yaşadıb.

    Qeyd edək ki, “PİLLƏ 4” Respublika Tələbə Tamaşaları Festivalının açılış və bağlanış mərasimlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimov, ssenari müəllifi Şahanə Müşfiqdir.

  • İki evin alın yazısına istinad edilən əsər

    (“Ünvanımı tapan kitablar” silsiləsindən)

    Evlərin də taleyi var, alın yazısı var… Darvazalarından başlamış, ta bacasınadək şeirdir, romandır evlər. Küçəyə baxan pəncərələrlə həyətə baxan pəncərələr arasındakı enerji fərqi qədərdir bəzən ev sakinlərinin o evdəki xatirələrinin müxtəlifliyi…

    Hərdən olur, illər sonra  xatirələrin bələdçiliyinə güvənib bir evin qapısını açırıq… “Buradakı qapının cəftəsi cırıldayırdı…” əminliyi ilə sağdakı qapıya yönəlirik. Və görürük, xatirələrimiz bizə xəyanət edib; cırıldayan soldakı qapı imiş…

    Xatirələrin xəyanət səbəbini axtarmaq lazım deyil… Heç niyəsini də soruşmağa cəhd etməməliyik. Çünki əksər xatirələr arzuların diktəsindədir…

    …Evlərin də taleyi var… Alnına çoxdan-bünövrəsi qoyulandan yazılır sakinlərinin kim olacağı, kimin arzularının dalınca gedəcəyi, kimin sevdiyinə qovuşacağı və… Və də kimin şəhid olacağı!

    Şahanə Müşfiq “Əzəli, əbədi Azərbaycanam!” kitabını yazanda iki evin alın yazısındakı şifrələrə istinad edib: Natiq İsmayılovun doğulub-böyüdüyü ev və Natiq İsmayılovun 4 övladının böyüdüyü ev…

    Qəbələ rayonunun Bunud kəndindəki evin açılan şifrələrində “Oğul Vətən üçündür!” ideologiyası vardı. Və bu ideologiya sadəcə, hansısa utopistin təsəvvüründə deyildi-Azərbaycan xalqının qan yaddaşında, təfəkküründə, ruhunda idi! Vətənpərvərlik yeganə ideologiyadır ki, onun təbliği və ya yayılması üçün ideoloqlara ehtiyac yoxdur-o, candadır!

    Vətənçün doğulanlar özləri bilməsə də, gözləri önündə böyüdükləri onların ömür missiyalarını anlayır…. Və sonradan anladıqlarını xatirə xəritələrində işarələyirlər ki, gələcək nəsillərə miras etsinlər.

    Şahanə kitab boyunca iki evin arasında addımlayıb… Onun addım səslərinin əks-sədasında kədər də var, “elin göynək yeri” olan şəhid yoxluğunun sızısı da… Amma diqqətlə dinləyən oxucu bu əks-sədanın bətnində məğrurluğun və əminliyin olmasını da duyur…

    Bakıdakı evin divarları Natiqin övladları ilə söhbətlərini, atalarını görən uşaqların sevincli səslərini, Nigar xanımın nigaranlıqla süslənmiş qadın xoşbəxtliyinin zərrin anlarını əmanət bilib, zərrəsinə xəyanət etmədən saxlayıb. Və Şahanənin yazıçı qələmi bu əmanəti o divarlardan qudsal nəsnə kimi köçürüb…

    “Əzəli, əbədi Azərbaycanam!” kitabının adı da Natiqin Azərbaycan sevgisinə ithafən seçilib… Təqaüddə olmasına baxmayaraq, Vətən müharibəsinə könüllü yollanan, 23 illik hərbiçi təcrübəsini Vətənin qisas günündə cəbhədə tətbiq etməyin mahiyyətini dərk edən Natiq İsmayılov dilinə gətirməsə də, deməsə də, tanıyanların hamısı bilirdi ki, o, həm cismiylə, həm ruhuyla Azərbaycan idi! 

    Natiq və onun kimi Vətən uğrunda şəhadət şərbətini içənlərin saldıqları qudsal izlə addımlayanlar isə Xəlil Rza Ulutürkün bir öncəki misrasını aksioma etdilər: “Min yol öldürülən, yenə ölməyən, / Əzəli, əbədi Azərbaycanam!” 

    Azərbaycan xalqının minilliklərə sığışmayan tarixinə baxdıqca, Vətən məfhumunun havada asılı qalan, məna axtarışında olan təfəkkür illüziyası olmadığını görmək çətin deyil. Bu xalq üçün, bu millət üçün Vətən məfhumunun mənası həmişə diri olub-əllə tutulan, köksə sıxılan, kürək söykənilən, ömür etibar edilən olub! Və bu ömürdən böyük, həyatdan uca həqiqəti evlərin alın yazısından oxumağı bacarıb hər doğulan uşaq-hər düşmən çəpəri oğul, o oğula çiyindaş olan qız!

    Şahanə şəhid mayorun həyat hekayəsinin bədiiliyini qələmiylə rəsm edərkən, kitab boyunca boya kimi bu həqiqətin çalarlarını seçib. Çalarların hamısı ilkinliyindən su içdiyi tündlüyə ehtiramdadır… Bu da bir yazıçı qüdrətidir!  Oxucu ilk oxunuşdanca bu ehtiramı hiss edirsə, duyursa, yazıçı qələminin qüdrətini etiraf etməyə könül borcu var, demək…

    … Ömrünü Vətən naminə yaşamağı bacarmış, 4 övladının böyüməsi, cəmiyyətin gərəkli, layiqli üzvü olması ilə bağlı bütün arzularını “Vətən sağ olsun!” cümləsinin arxa fonu etmiş şəhid mayor Natiq İsmayılovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə qələmə alınmış kitabın redaktoru olmağım bir yana, oxucu olaraq könül borcumu bir az azaltmaq istəyim yazdırdı bu yazını…

    …Redaktə prosesində keçirdiyim qürur hissi, onun tez-tez kədərə yenilmək cəhdi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” cümləsindən yapışan milli şüurumun qürurumu yenilməz etmək hünəri… Evimin divarları bütün bunların müşahididir!

    Ümid edirəm ki, nə vaxtsa,  mücərrəd gələcəyin mütləq indiyə çevrildiyi bir zaman kəsiyində evimin alın yazısında bu hisslərin qara karandaşla çizilmiş eskizləri yenə bir  qələm adamı tərəfindən görüləcək… Və ümid edirəm ki, Natiq İsmayılovun timsalında Azərbaycan naminə candan keçənlərin hamısının qətiyyət yağan baxışlarından yola çıxan Vətən sevdası bu torpaqlarda hər yeni doğulan körpənin bəbəklərində öz inikasını tapacaq…

    …Xatirələrin xəyanət etməyindən də yazmışdım axı əvvəldə… O xəyanətin öləziməyəcəyinə dair isə ümid etmirəm, əminəm! Əminliyimdən qorxmuram, yox… Bilirəm,  xainlik cırıldayan qapıların səmtini səhv salmaqdan o yana keçmir… O cırıltı səsi, o qapının açıldığı otaqdakı miras enerji elə həmənkidir xatirələrdə də, gerçəkdə də!

    Azərbaycanı şam bilib başına dönən pərvanələrin enerjiləri zaman-məkan tanımır, ömürlərin əvvəlində zehnə, mənliyə yoldaş olur, sonunda ruhu əbədiyyətə uğurlayır və növbəti ömürlə birgə cığıra düşür.  Azərbaycan xalqı bütövlükdə həm öz tarixinə, həm öz şanlı keçmişinə, bu şan, bu şərəf naminə canı Vətənə qurban demiş, bir mamırlı daşı, bir qarış torpağı belə, qurbangah bilmiş igid övladlarının xatirəsinə sadiqdir! Şahanə də bu qudsal əmanətin daşıyıcılarından biri olaraq qələmiylə Azərbaycanın tarixini, mədəniyyətini- acısıyla-şiriniylə,-yaşatmaq əqidəsinə sadiqdir!

    Şəfa Vəli (2026)

  • Şahanə Müşfiqin şəhid haqqında yeni kitabı təqdim olunub

    Noyabrın 5-də Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGTYB-nin sədr müavini, Prezident təqaüdçüsü, yazıçı, publisist Şahanə Müşfiqin Vətən müharibəsi şəhidimiz mayor Natiq İsmayılovun xatirəsinə həsr etdiyi “Əzəli, əbədi Azərbaycanam!” kitabının təqdimat mərasimi keçirilib.

    Tanınmış jurnalist Orxan Məmmədovun aparıcılıq etdiyi tədbir Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

    Qeyd edilib ki, 30 illik torpaq həsrətimizin, Qarabağ dərdimizin sona yetdiyi Vətən müharibəsindəki Böyük Zəfərdə mayor Natiq İsmayılovun timsalında 3 mindən çox şəhidimiz müstəsna pay sahibidir. Təqdimatı keçirilən kitab təkcə bir şəhid ömrünü deyil, eləcə də bizim haqq savaşımızı əks etdirir. Şəfa Vəlinin redaktoru olduğu bu kitabda qəhrəman şəhidimizin ailə üzvlərinin, uşaqlıq dostlarının, kursant yoldaşlarının, 25 illik xidmət dövründə onunla çiyin-çiyinə xidmət keçmiş hərbçilərimizin və nəhayət, 44 günlük Vətən savaşında onunla son ana qədər birlikdə düşmənə qan udduran zabitlərimizin xatirələri toplanıb.

    Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi, polkovnik Anar Mirzəyev çıxışında Vətən müharibəsinin Azərbaycan və eləcə də bütün türk dünyası üçün tarixi əhəmiyyətindən danışıb, bu qələbənin Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasəti, ordumuzun şücaəti və xalqımızın birliyi sayəsində qazanıldığını vurğulayıb. Şəhid Natiq İsmayılovla uzun illər birgə xidmət etdiyini deyən polkovnik A.Mirzəyev onu məsuliyyətli, peşəkar, vətənini, millətini ürəkdən sevən qorxusuz bir hərbçi kimi dəyərləndirib: “Natiq yaşına, tutduğu vəzifəyə baxmayaraq, bu xidmət dövründə rastlaşdığım ən ədəbli, ən ərkanlı, ən məsuliyyətli zabitlərdən biri olub.

    Tədbirdə mayor Natiq İsmayılovun ömür yoluna həsr olunmuş videoçarx nümayiş etdirilib.

    Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, şair İntiqam Yaşar çıxışında Vətən müharibəsinin ədəbiyyatımıza, mətbuatımıza da təsirsiz ötüşmədiyini deyərək, yazıçı, jurnalist Şahanə Müşfiqin beş ildir ki, bu istiqamətdə yorulmaz fəaliyyət göstərdiyini vurğulayıb. Müəllifin Vətən müharibəsinə həsr olunmuş 4-cü kitabının təqdim olunduğunu bildirən İ.Yaşar DGTYB olaraq hər zaman bu cür tədbirlərə dəstək verməyə hazır olduqlarını dilə gətirib.

    N.İsmayılovun xidmət yoldaşları – polkovnik-leytenant Maarif Süleymanov, baş çavuş Mahir Qasımov öz çıxışlarında qəhrəman şəhidlə bağlı xatirələrini bölüşüb, onu həm bir peşəkar hərbçi, həm vətənə bağlı bir insan, həm də sədaqətli dost kimi dəyərləndiriblər.

    “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi, “Murov qartalı” adı ilə tanınan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə çıxışında şəhidlərimizin hər zaman yad edilməsinin mənəvi borcumuz olduğunu deyib.

    “Əzəli, əbədi Azərbaycanam!” kitabının müəllifi, yazıçı, publisist Şahanə Müşfiq çıxış edərək Vətən müharibəsi davam edən günlərdən bu günə kimi – beş il ərzində yaradıcılığının ciddi hissəsini məhz şəhidlərimizin, qazilərimizin, Vətən müharibəsi qəhrəmanlarımızın xalqa tanıdılmasına həsr etdiyini, bunu özünün mənəvi borcu olduğunu deyib. Şəhid Natiq İsmayılova həsr olunmuş kitabın yaranma prosesindən danışan müəllif kitabda və təqdimat mərasimində zəhməti keçən hər kəsə təşəkkür edib.

    Tədbirin rəsmi hissəsinin sonunda Natiq İsmayılovun ailə üzvləri adından çıxış edən həyat yoldaşı Nigar İsmayılova şəhid adının yaşadılması üçün addım atan hər kəsə təşəkkürünü bildirib.

    Tədbirin bədii hissəsində müğənni Rövşanə Kərimduxt sözləri və musiqisi Gövhər Həsənzadəyə aid olan “Vətənim Azərbaycan”, müğənni Xasay Şıxıyev sözləri Rəfail Hüseynova, musiqisi Faiq Sücəddinova aid olan “Gözəl Vətən” mahnılarını ifa ediblər.

    Əslən qarabağlı olan, Amerikada yaşayan tanınmış müğənni Gül Merinin ifasında “Azərbaycan Vətənim” mahnısı da maraqla qarşılanıb.