Author: Delphi7

  • Milli Kitabxanada “Füzuli Şəhəri Günü” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

    Milli Kitabxanada “Füzuli Şəhəri Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, kitab və məqalələr, ənənəvi sərgidə isə Füzuli şəhərinin toponimiyasını, tarixini, memarlıq abidələrini, Azərbaycanda erməni-daşnak terrorunun xronologiyasını, eləcə də Vətən müharibəsi və böyük Zəfəri əks etdirən Milli Kitabxananın fondundan kitablar və s. materiallar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Fuzuli/index.htm linkindən istifadə edə bilər.

    Ənənəvi kitab sərgisi bir həftə davam edəcəkdir.

    Mənbə: https://azertag.az/

  • Gənclər Kitabxanasında “Füzuli Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən “Füzuli Şəhəri Günü” ilə əlaqədar silsilə materiallar – virtual kitab sərgisi, videomaterial və internet resursları bazası hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda Füzuli rayonunun yaranma tarixi, erməni işğalı dövründə məruz qaldığı vandallıq aktları – tarixi, mədəni abidələrin, təbii sərvətlərin məhv edilməsi, sonradan Azərbaycan Respublikasının Prezidentinin diplomatik siyasəti, prinsipiallığı, polad iradəsi və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Qələbə və Füzuli rayonunun işğaldan azad olunması haqqında geniş məlumat verilib.

    Videoçarxda Azərbaycanın müasir tarixinin ən şanlı görüntüləri olan Prezident İlham Əliyev tərəfindən Füzulidə Azərbaycan bayrağının qaldırılması, burada inşa edilən beynəlxalq hava limanının istifadəyə verilməsi görüntüləri də yer alır. Materiallarda Füzuli rayonunda aparılan yenidənqurma işlərinə, yüzlərlə Füzuli sakininin öz doğma torpaqlarına qayıtmalarına, bu ərazilərin yenidən dirçəlməsinə, çiçəklənməsinə dair görüntülər təqdim edilir.

    17 oktyabr – “Füzuli Şəhəri Günü”nə həsr edilən virtual kitab sərgisində Prezident İlham Əliyevin “Şəhər günlərinin” təsis edilməsi haqqında imzaladığı Sərəncamın mətni, “Xilaskar İlham Əliyev”, “Zəfər salnaməsi”, “Qarabulaqdan Füzuliyədək”, “Sevgilim, Vətən”, “Qarabağ Azərbaycandır!”, “Və Nida!”, “Füzuli rayonunun memarlıq abidələri”, “Füzuli rayonu: ensiklopedik məlumat kitabı” kimi 20-dən çox kitabın, “Füzuli regionun gözəl şəhərlərindən birinə çevriləcək”, “İsveçli səyyahlar Füzuli rayonunda”, “Füzuli şəhərində Qazaxıstan tərəfindən tikiləcək incəsənət məktəbinin təməli qoyulub” kimi dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri yer alıb. Eyni zamanda, kitabxananın rəsmi saytında elektron resursların bazası yaradılıb.

    Bazada şanlı Zəfər tarixindən sonra internet məkanında Füzuli şəhəri haqqında dərc edilən materiallar toplanılır. İstifadəçilər işlək keçidlər vasitəsilə məqalələrin tam mətninə baxmaq imkanına malikdirlər.

    Baza ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilər.

    Mənbə: https://azertag.az/

  • Görkəmli xanəndə Səxavət Məmmədovun 70 illiyinə həsr olunmuş konsert keçiriləcək

    Oktyabrın 25-də М.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli xanəndə Səxavət Məmmədovun 70 illiyinə həsr olunmuş konsert keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, konsertdə “Qarabağ” ansamblının ifasında Səxavət Məmmədovun repertuarından mahnı və təsniflər ifa olunacaq. Ansamblın bədii rəhbəri Əməkdar artist Firuz Səxavət, konsertmeysteri Əməkdar artist Əliağa Sədiyevdir (tar).

    Qeyd edək ki, Səxavət Məmmədov 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. 1971-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olan Səxavət ustad xanəndə, Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib. 1976-cı ildə “Hümayun” xalq ansamblının solisti olub. 1983–88-ci illərdə Dövlət İncəsənət İnstitutunda təhsil alan Səxavət Məmmədov Azərbaycan muğamını bir çox ölkələrdə təbliğ edib. Yaratdığı “Qarabağ” instrumental ansamblı isə xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır.

    “Qarabağ” instrumental ansamblı Qarabağ hadisələrinin ilk illərində yaranıb. Səxavət Məmmədov bu kollektivlə təkcə Qarabağı deyil, keçmiş SSRİ-ni, eləcə də Avropa ölkələrini gəzib dolanır, muğamımızla yanaşı, Azərbaycan həqiqətlərini də dünyaya çatdırırdı.

    Xanəndə 1991-ci il sentyabrın 30-da avtomobil qəzasında dünyasını dəyişib.

    Onun səsi “Segah”a yatımlı olduğundan ruhu da “Segah”a bağlı idi. Oxuduğu mahnıların əksəriyyəti məhz “Segah” ladındadır.

    Mənbə: https://azertag.az/

  • Rövşən Məmmədovu doğum günü münasibətilə təbrik edirik! (16 Oktyabr)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi Rövşən MƏMMƏDOVU doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyi İnşallah!

  • I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları Şuşanın tarixi məkanları ilə tanış olublar

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə keçirilən I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları oktyabrın 14-də Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olublar.

    AZƏRTAC xəbər verir ki, qonaqlar əvvəlcə Cıdır düzünü gəzib, Molla Pənah Vaqifin məqbərəsini ziyarət ediblər. Qonaqlar, həmçinin Şuşada Mehmandarovların malikanə kompleksində, Yuxarı Gövhər Ağa məscidində olub, Mir Möhsün Nəvvab Qarabağiyə həsr edilmiş sərgiyə baxıblar.

    Gəzinti zamanı işğal dönəmində mədəniyyət abidələrimizə ermənilər tərəfindən vurulan ziyan, qədim artefaktlarımızın saxtalaşdırılması barədə məlumat verilib. Bildirilib ki, Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. İnfrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl simasının, tarixi və mədəniyyət abidələrinin bərpasına start verilib. Qeyd olunub ki, tarixi, dini və memarlıq abidələrinin bərpa və yenidən qurulmasında Heydər Əliyev Fondu yaxından iştirak edir.

    Forumun iştirakçıları Şuşa şəhəri ilə tanışlıqdan zəngin təəssüratla ayrılıblar.

    Mənbə: https://azertag.az/

  • Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür

    Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadıdır. Məmməd Araz mənalı, keşməkeşli və şərəfli, bütövlükdə Vətənə və sənətə həsr olunmuş əsl şair-vətəndaş ömrü yaşayıb. Sənətkarın tərcümeyi-halının, taleyinin daha çox onun yaradıcılığında öz əksini tapıb. Məmməd Araz özü də şeirlərində bunu dəfələrlə etiraf edib. Kitablarından birinə yazdığı müqəddimədə deyilir: “Əsl tərcümeyi-hal şairin şeirləridir. Şair çox halda öz yazılarının baş qəhrəmanı ola bilir”.

    Dərin məzmunlu, oxunaqlı və milli mündəricəli şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. Bu görkəmli şair həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 90-cı ildönümü tamam olur. Böyük sənətkarın təkrarolunmaz yaradıcılığı zəngin ənənələrə malik milli ədəbiyyatımızı yeni mərhələyə çıxarıb, Azərbaycan fəlsəfi və siyasi lirikası onun dühası hesabına daha da zənginləşib.

    Məmməd Araz böyük poetik ilhama malik olan sənətkarlardan idi. Sözün və sənətin Məmməd Araz zirvəsinə gedən yol heç də həmişə hamar olmayıb. Onun həyatı da sənəti kimi daşlı-qayalı yollardan keçib.

    1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və İncəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.

    Böyük sənətkar 2004-cü ilin dekabrın 1-də Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

    Harada işləməsindən, hansı vəzifəni tutmasından asılı olmayaraq, Məmməd Araz əslində bütün ömrü boyu bir vəzifəni icra edib. O da poetik Azərbaycan dünyasına xidmət, Vətən qarşısında vətəndaşlıq borcunu yerinə yetirməkdir. Böyük istedadı və poetik bacarığı sayəsində Məmməd Araz Nizami Gəncəvi, Məhəmməd Füzuli, Mirzə Ələkbər Sabir və Səməd Vurğun poeziyası ilə ona qədər gəlib çatan klassik şeir ənənəsini və üslubunu təkmilləşdirərək hamının gördüyü və bildiyi, lakin dilə gətirməyi bacarmadığı məsələləri ictimai düşüncənin məhsulu edib, Azərbaycanda vətəndaşlıq poeziyasının əsasını qoyub. Gənc yaşlarından başlayaraq yarım əsrdən artıq davam edən Məmməd Araz yaradıcılığı mənsub olduğu xalqa layiqli şair – vətəndaş xidməti nümunəsidir. Onun şeirinin əvvəli də, axırı da Vətəndir. Məmməd Araza məxsus “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” məşhur misraları müasir dövrdə poeziyada və ictimai mühitdə vətəndaşlığın milli düsturu kimi qəbul olunur.

    Məmməd Araz yaradıcılığının baş qəhrəmanı Azərbaycandır. Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Mənim Naxçıvanım”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir. Poeziyamızda Azərbaycan mövzusunda çox yazılıb. Azərbaycana çoxlu şeirlər ithaf olunub. Amma Məmməd Arazın “Azərbaycan – dünyam mənim” şeirinin bənzəri yaradılmayıb. Bu şeirin bütün intonasiyası şair qəlbinin ağrılarından, fəal vətəndaş narahatlığından keçir. Şeir yaradıcılığında olduğu kimi, poemaları ilə də Məmməd Araz təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən əvvəl insan mənəviyyatının mürəkkəbliyi, tarix və müasirlik, milli tale və tarixi yaddaşın bərpası kimi fundamental məsələlərə həsr olunub.

    Ümummilli lider Heydər Əliyev Xalq şairi, poeziyamızın istedadlı nümayəndəsi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Təsadüfi deyil ki, Məmməd Araz ilk yaradıcılığa ötən əsrin 50-ci illərindən başlasa da, onun təkrarsız istedadı 1970-ci illərdə, Ulu Öndərin Azərbaycana rəhbərliyinin birinci dövründə parlamışdır. Məmməd Araza böyük şöhrət gətirən “Atamın kitabı”, “Həyatın və sözün rəngləri”, “Oxucuya məktub”, “Qanadlı qayalar”, “Aylarım, illərim” kitabları məhz bu illərdə çap olunub, əsərləri xarici dillərə tərcümə edilərək geniş oxucu kütləsinin məhsuluna çevrilib. 1975-ci ildə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunan böyük şairə 1978-ci ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adı verilib, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyev Xalq şairi Məmməd Arazı “İstiqlal” ordeni ilə təltif edib. Ulu Öndər Məmməd Araz sənətini yüksək dəyərləndirərək deyib: “Bu gün bir daha Məmməd Arazın Azərbaycan xalqının mədəniyyətinə, ədəbiyyatına verdiyi töhfələri gördük, eşitdik və bunların xalqımız üçün nə qədər faydalı olduğunu bir daha bildik, bir daha dərk etdik ki, Azərbaycan xalqının həyatında Məmməd Arazın yaradıcılığının nə qədər böyük əhəmiyyəti var”. Ümidvaram ki, Azərbaycan xalqı daim müstəqilliyini qoruyub saxlayacaq və müstəqil Azərbaycanın ilk “İstiqlal” ordeninə layiq görülmüş şəxsiyyətlərdən biri kimi Məmməd Araz, Azərbaycan xalqının tarixində indi olduğu kimi, gələcəkdə də öz yerini tutacaqdır”.

    Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlar Azərbaycan ədəbiyyatının, bütövlükdə yaradıcı ziyalıların, o cümlədən Məmməd Araz sənətinin və şəxsiyyətinin böyük himayədarı, Ulu Öndər Heydər Əliyev ənənələrinin müasir şəraitdə uğurlu davamı kimi yüksək dəyərə malikdir.

    Mənbə: https://azertag.az/

  • Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı haqqında fikirləri xarici KİV-də

    Amerika Birləşmiş Ştatlarının “medium.com”, İspaniyanın “alquiblaweb.com”, Gürcüstanın GAXA.GE, Misirin “Əl-Ərabiyyu nyuz”, Əlcəzairin “alharir.info”, Türkiyənin “detayhaberler.com” xəbər portalları müasir Azərbaycanın qurucusu, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin ədəbiyyat haqqında fikirlərini əks etdirən “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı materialın yayımına başlayıb.

    Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Tərcümə Mərkəzindən bildirilib.

    Mənbə: https://azertag.az/

  • Şuşada I Türk Dünyası Mədəniyyət Forumu başlanır

    Azərbaycanın və Türk dünyasının mədəniyyət paytaxtı, qədim söz-sənət beşiklərimizdən olan Şuşa şəhəri növbəti beynəlxalq tədbirə ev sahibliyi edir. 13-14 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə şəhərdə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə I Türk Dünyası Mədəniyyət Forumu keçirilir.

    Oktyabrın 13-də forum iştirakçıları və qonaqlar Şuşa Yaradıcılıq Mərkəzini ziyarət edərək “Heydər Əliyev və Qarabağ” adlı sərgi ilə tanış olublar.

    Sərgidə Ulu öndər Heydər Əliyevin sovet dövründə Azərbaycanın Qarabağ bölgəsində sosial, iqtisadi, siyasi və mədəni inkişaf istiqamətlərində xidmətlərini əks etdirən unikal fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Həmçinin sərgidə Ümummilli liderin Qarabağa səfərləri, burada keçirdiyi görüşlər, müxtəlif tədbirlərə aid fotoları da yer alır.

    Daha sonra forum iştirakçıları şəhərdəki Saatlı məscidinə baş çəkib. Qonaqlara məscidin tarixi barədə məlumat verilib. Bildirilib ki, Şuşanın Saatlı məhəlləsində yerləşən eyniadlı məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət qeydiyyatına alınıb. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə İmamzadə türbəsinin memarı olan Kərbəlayı Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

    Saatlı məscidində sonuncu dəfə ötən əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Şuşa Ermənistan tərəfindən işğal olunduqdan sonra Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. Şəhər müzəffər Azərbaycan Ordusu tərəfindən azad olunandan sonra məsciddə bərpa işləri aparılıb.

    Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidinə də baş çəkib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Kərim” hədiyyə edib.

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət naziri türkmənistanlı həmkarı ilə görüşüb

    Oktyabrın 12-də Mədəniyyət Nazirliyində Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilib.

    Qeyd edək ki, Türkmənistan nümayəndə heyəti 13-14 oktyabr tarixlərində Türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhərində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumunda iştirak etmək məqsədilə ölkəmizə səfərə gəlib. Forum Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, TÜRKSOY və Beynəlxalq Türk Akademiyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.

    Qonaqları səmimi salamlayan nazir Adil Kərimli Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Deyib ki, iki ölkənin rəhbərləri arasında səmimi dostluq münasibətləri qardaş respublikalarımızın əlaqələrini strateji tərəfdaşlı səviyyəsinə yüksəldib. Bu da öz növbəsində, digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də münasibətlərin inkişafına mühüm zəmin yaradıb. Eyni zamanda xalqlarımızı dərin milli köklər, qədim və zəngin mədəni yaxınlıq biri-birinə bağlayır. Mədəniyyət sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi üçün qarşılıqlı mədəniyyət günlərinin təşkili və bu istiqamətdə müxtəlif layihələrin həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.  

    Türkmənistanın mədəniyyət naziri Atageldi Şamıradov səmimi qəbula, qonaqpərvərliyə, eləcə də Türk dünyasının birliyinə, mədəniyyətlərimizin qarşılıqlı tanınmasına, təbliğinə xidmət edən tədbirlərin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

    Türkmən nazir mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün geniş imkanların olduğunu, gələn ilin aprel ayında Bakı və Gəncə şəhərlərində Türkmənistan mədəniyyəti günlərinin keçirilməsinin planlaşdırıldığını deyib. O, IV “Korkut Ata” Türk Dünyası Film Festivalının Türkmənistanın Anev şəhərində keçirilməsi qərarının böyük məmnunluq doğurduğunu da vurğulayıb.

    Nazir Adil Kərimli sabah Şuşada işə başlayacaq I Türk Dünyası Mədəniyyət Forumunun xalqlarımızın qədim tarixi-mədəni irsinin qarşılıqlı təbliği və gələcək nəsillərə ötürülməsi baxımından əhəmiyyətini qeyd edib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Mənbə: https://culture.gov.az/

  • III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə 8-11 oktyabr tarixlərində paytaxtımızda keçirilən III “Korkut Ata” Türk Dünyası Film Festivalı başa çatıb.

    Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində festivalın bağlanış mərasimi keçirilib.

    Mərasimdə rəsmi şəxslər, türk dünyasının tanınmış sənət adamları və digər qonaqlar iştirak ediblər.

    Əvvəlcə dörd gün davam edən festivala həsr olunan videoçarx nümayiş olunub.

    Açılış nitqi söyləyən TÜRKSOY-un baş katibi Sultan Raev qonaqları salamlayıb. Festival barədə təəssüratlarını bildirən S.Raev Azərbaycanda olmağından məmnunluğunu ifadə edib: “III “Korkut Ata” Türk Dünyası Film Festivalı türk dünyası filmlərini tanıtmaq üçün böyük bir fürsətdir. Bu festivala gələcəkdə də dəstək olmağa davam edəcəyik”.

    Sultan Raev çıxışının sonunda TÜRKSOY-un xüsusi mükafatını Xalq artisti Fəxrəddin Manafova təqdim edib.

    Münsiflər heyətinin sədri Xalq artisti Vaqif Mustafayev festivalın əhəmiyyətindən bəhs edib.

    Daha sonra sənədli və bədii filmlər müsabiqəsi üzrə münsiflər heyəti qonaqlara təqdim olunub.

    Türk dünyası kinematoqrafiyasına verdiyi töhfələrə görə Hocaqulu Narlıyev, Mayagözəl Aymedova, Çarlıyar Seyidli (hər üçü Türkmənistan), Serdar Gökhan, Metin Günay ( hər ikisi Türkiyə), Həmidə Ömərova, Oqtay Mirqasımov, Orman Əliyev, Ağasi Məmmədli (hamısı Azərbaycan), Firdavs Abduxalikov (Özbəkistan) və Azamat Satıbaldı (Qazaxıstan) fəxri mükafatlarla təltif olunub.

    “Jambıl” filminə görə qazaxıstanlı aktyor Dosjan Janbotaev, “Hep 33 yaşında” filminə görə türkiyəli rejissor Murat Pay jürinin xüsusi mükafatına layiq görülüb.

    “Ən yaxşı aktyor” nominasiyası üzrə mükafatı Ahmet Amandurdiyev (“Qızıl alma”, Türkmənistan), “Ən yaxşı aktrisa” nominasiya üzrə mükafatı isə Təhminə Rafaella (“Məryəm”, Azərbaycan) qazanıb.

    “Ən yaxşı ssenari” mükafatına “Abdulla Oripov” (Özbəkistan) filmi layiq görülüb.

    “Ən yaxşı rejissor” nominasiyasında Zhuraeva Asel Talibzhanova (“Tanrıverdi”, Qırğızıstan) qalib olub.

    “Ən yaxşı sənədli film” nominasiyasında 3-cü mükafat “Mənim dairəm” (Özbəkistan), 2-ci mükafat “Arqau” (Qazaxıstan), 1-ci və əsas mükafata isə “Sonuncu” (Azərbaycan) filmləri layiq görülüb.

    “Ən yaxşı bədii film” nominasiyasında “Yıldız tozu” (Türkiyə, rejissor Ahmet Sönmez) filmi qalib olub. Mükafat Bakı Media Mərkəzinin prezidenti Arzu xanım Əliyeva tərəfindən təqdim edilib.

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli növbəti “Korkut Ata” festivalının Türkmənistan Anev şəhərinə ötürülməsini və orada keçiriləcəyini simvolizə edən “Durna quşu” mükafatını Türkmənistan Respublikasının nümayəndəsinə təqdim edib.

    Adil Kərimli çıxışında III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətini yüksək qiymətləndirib. Festivalın təşkilində əməyi keçənlərə təşəkkürünü bildirib.

    Daha sonra “Dədə Qorqud” dastanının motivləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya nümayiş olunub.

    Mənbə: https://culture.gov.az/

  • Bu gün istiqlal şairi Əhməd Cavadın anım günüdür

    Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın anım günüdür. XX əsrin otuzuncu illərinin sonunda günahsız yerə repressiya qurbanı olmuş Azərbaycan ədəbiyyatının görkəmli simalarından olan Əhməd Cavadın öldürülməsindən 86 il ötsə də xalqımız öz şair oğlunu heç vaxt unutmayıb.

    AZƏRTAC xəbər verir ki, 2022-ci ildə ölkə başçısının müvafiq Sərəncam ilə Əhməd Cavadın anadan olmasının 130 illiyi ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda silsilə tədbirlərlə qeyd edilib.

    Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlib. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoyub. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişib. O, ilk təhsilini molla məktəbində alır, üç il orada oxuyur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında alıb (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirib. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs deyib. Birinci Cahan müharibəsi başlayanda müharibəyə gedib, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərib. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olub. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərib.

    Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olub, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak edib. Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir. O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlib. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışıb.

    Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

    Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.

    Ə.Cavad “Yaşıl qələmlər” adlı cəmiyyətin yaradıcısı və katibi, Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin üzvü idi. ADR-in milli marşlarının əksəriyyətini o yazmışdı. Bu gün dünya meridianlarında səslənən himnimizin mətnini də o qələmə almışdır. Lakin Əhməd Cavadı şagirdlərə təkcə şair kimi tanıtmaq düzgün olmazdı. O, konkret faktlara istinad edilməklə istedadlı şair, publisist, tərcüməçi, jurnalist, xeyriyyəçi, cəbhəçi-döyüşçü, politoloq, Azərbaycan Demokratik Cümhuriyyətinin baş ideoloqlarından biri kimi tanıdılmalıdır.

    1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.

    Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan ozamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan -doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.

    Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

    Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.

    Nəhayət, 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

    Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın “Şeirlər”, 1961-ci ildə “Sən ağlama, mən ağlaram” kitabı çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər – 1961-ci ildə Fransua Rablenin “Qarqantua və Pantaqruel”, 1962-ci ildə Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, 1978-ci ildə Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərləri işıq üzü görür.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

    Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda “xalq düşməni” damğası ilə güllələnən Əhməd Cavad, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!

    Mənbə: https://azertag.az/

  • Azərbaycan Milli Xalça Muzeyində “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq

    Oktyabrın 12-də Azərbaycan Milli Xalça Muzeyində Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin “Naxışlarda motivlərin gözəlliyi” sərgisi açılacaq. “Türk dünyasının simvolu – xalça” mövzusunda II Türk Dünyası Muzeyləri Görüşü çərçivəsində keçirilən sərgidə Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin etnoqrafik kolleksiyasından 40-dan artıq eksponat nümayiş olunacaq. Bunlara qazax xalqının zəngin mədəniyyətini, dünyagörüşünü, yaşadıqları köçəri həyat tərzinin minilliklər boyu formalaşdırdığı özünəməxsus ənənələri əks etdirən xovlu və xovsuz xalçalar, xalça və keçə məmulatları, geyim və zərgərlik nümunələri, toxuculuq alətləri, məişət əşyaları, atın bəzədilməsi üçün ləvazimatlar və s. aiddir.

    Bədii və tarixi baxımdan yüksək dəyərə malik, fakturası, gözəlliyi, ornamentlərinin zənginliyi ilə fərqlənən kiçik ölçülü “kilem” – ənənəvi qazax xalçaları və xalça məmulatları sərgidə xüsusi yer tutacaq.

    Sərgidə qazax mədəniyyətinin özünəməxsusluğunu əks etdirən, estetik baxımdan zövqlə işlənən, interyerə xüsusi ahəngdarlıq verən eksponatlar alaçıqda olduğu kimi yerləşdirilicək. Bununla da ekspozisiyanı ziyarət edənlər qonaqlar qazax xalqına məxsus ənənəvi yaşayış yeri olan alaçığın ab-havasını duyacaqlar.

    Qeyd edək ki, sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Qazaxıstan Respublikasının Mərkəzi Dövlət Muzeyinin təşkilatçılığı, TÜRKSOY-un dəstəyi ilə baş tutacaq.

    “Naxışlarda motivlərin gözəlliyi” sərgisi oktyabrın 18-dək davam edəcək.

    Mənbə: https://culture.gov.az/

  • III “Korkut Ata” Türk Dünyası Film Festivalı çərçivəsində Zirvə görüşü keçirilib

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə paytaxtımızda III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir. 

    Festival çərçivəsində oktyabrın 10-da “Baku Marriott Hotel Boulevard”da tədbirə qatılan türk respublikaları və qurumlarından nümayəndələrin iştirakı ilə Zirvə görüşü təşkil olunub. 

    Toplantıda TÜRKSOY-un baş katibi Sultan Raev, qurumun nümayəndələri, Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Qazaxıstandan müvafiq nazirliklərin rəsmiləri, kinematoqrafiya sahəsi ilə bağlı aidiyyəti qurumların məsul şəxsləri, tanınmış kino xadimləri iştirak ediblər.

    Açılış nitqi söyləyən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müşaviri Orxan Fikrətoğlu qonaqları salamlayıb. Qeyd edib ki, Türk dünyasının birləşməsi artıq regionda, o cümlədən beynəlxalq müstəvidə qədim bir mədəniyyətin yenidən dünya gündəminə gətirilməsidir: “Şübhəsiz ki, mədəniyyət bu inteqrasiyanın əsas amillərindən biridir.

    Mədəniyyətin ən mühüm qollarından biri olan kinematoqrafiya vasitəsilə bu missiyanın yerinə yetirilməsi, düşünürəm ki, heç kəsdə şübhə doğurmur. Mədəniyyət Nazirliyi olaraq həm dövlət-özəl münasibətlərinin formalaşmasına önəm verir, həm də türk xalqları, ümumiyyətlə isə dünya kinematoqrafiya məktəbləri ilə inteqrasiyaya üstünlük veririk. Son zamanlar bizim yaratdığımız və bir sıra ölkələrlə birgə çəkdiyimiz filmlər artıq ekranlardadır. Bu gün biz Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və digər ölkələrin prodüser şirkətlərinin təqdim edəcəyi layihələri nəzərdən keçirəcəyik. Bu platformanın yaranması Türk dünyasının kinematoqrafiyası sahəsində inteqrasiyasına xidmət edəcək”.
    Daha sonra “113 gün”, “Proyekt 2602”, “Sən haralısan, durna?”, “Mərmər soyuğu”, “Himayədar”, “30 mövsüm səfərdə”, “Hadrut, sən azadsan”, “Nobel qardaşları”, “Qoçu”, “Mavi quş”, “Miras”, “Heyelan” (“Sürüşmə”), “İnsan”, “Sofiya”, “Xəyal quşu”, “Gülmira” və digər filmlərin təqdimatı olub.

    Festival komitəsinin sədri İhsan Kabil III “Korkut Ata” Türk Dünyası Film Festivalının əhəmiyyətindən bəhs edib. “TRT Sinema”nın rəhbəri Faruk Güvən qurumun iş prinsipi haqqında məlumat verib. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kino idarəsinin müdiri Erkin Yılmaz türk kinosunun inkişafı barədə fikirlərini söyləyib.

    Türkiyəli tanınmış aktyor Serdar Gökhan çıxışında tədbirdə iştirakından məmnunluğunu ifadə edib.

    Sonda xatirə şəkilləri çəkdirilib.

    Qeyd edək ki, tədbirin məqsədi türk xalqlarının ortaq dəyərlərini, mədəniyyətini kinoda əks etdirmək, müstəqil türk respublikaları, digər türk muxtar respublikaları ilə birlikdə müştərək film istehsalının inkişafına təkan verməkdir.

    Mənbə: https://culture.gov.az/

  • Türk dünyasının kino xadimləri Şuşa şəhərində səfərdə olub

    Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, TÜRKSOY, Azərbaycan Respublikası Kino Agentliyi və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı ilə ölkəmizdə 8-11 oktyabr tarixlərində III “Korkut Ata” Türk Dünyası Film Festivalı keçirilir.

    Zəngin proqramı olan festivalın münsiflər heyətinin üzvləri, iştirakçıları və digər qonaqlar oktyabrın 9-da 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən, ölkəmizin qədim musiqi və söz-sənət beşiklərindən Şuşa şəhərinə səfər ediblər.

    Səfərin məqsədi Azərbaycan mədəniyyətinə, ədəbiyyat elminə görkəmli şəxsiyyət bəxş etmiş Şuşa şəhərinin tarixi məkanları və əsrarəngiz təbiəti ilə tanış olmaqdır.

    Türk dünyasından gəlmiş kino xadimləri şəhərdəki “Güllələnmiş heykəllər” meydanını, Xurşidbanu Natəvanın ermənilər tərəfindən viran qoyulmuş evini, “Xan qızı” bulağını, Seyidli məscidini (XVIII əsr) və Molla Pənah Vaqifin məqbərəsini ziyarət edib, Şuşa qalasının divarları önündə və Cıdır düzündə şəkillər çəkdiriblər.

    Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin əməkdaşı qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verib. Bildirib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada Azərbaycan dövləti tərəfindən genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Şəhərdə sosial infrastrukturun qurulması ilə yanaşı, əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpası həyata keçirilir.

    Qala-şəhərimiz qonaqlarda unudulmaz təəssürat yaradıb.

    Mənbə: https://culture.gov.az/

  • Azərbaycanlı şair Əlizadə Nurinin “Sənə yağış dərirəm” adlı yeni kitabı işıq üzü görüb

    “Adiloğlu” nəşriyyatı tərəfindən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Əlizadə Nurinin “Sənə yağış dərirəm…” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Əbülfət Mədətoğludur.

    Kitab müəllifin oxucuları ilə sayca onuncu görüşüdür. Kitabda müxtəlif illərdə qələmə alınan şeirlər və poemalar yer alıb.

    Ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şair Coşqun Xəliloğlunun şeiri “Yeni Vezin” dərgisində işıq üzü görüb

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun “Vətəni candan çox sevən Xudayar” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Karaman şəhərində fəaliyyət göstərən “Yeni Vezin” edebiyat, kültür və sanat dərgisinin yeni (Ekim-Kasım-Aralık)sayında Azərbaycan türkcəsində işıq üzü görüb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun”VƏTƏN yaşasın deyə” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun “VƏTƏN yaşasın deyə” adlı yeni kitabı işıq üzü görüb.

    Kitabın müəllifin oxucuları ilə növbəti görüşüdür.

    Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan yeni kitabın ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Gənc xanım yazar Aytac İbrahimin “Paradoks” adlı ilk kitabı işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, yazıçı, gənc xanım yazar Aytac İbrahimin “Paradoks” adlı ilk kitabı işıq üzü görüb.

    “ŞAH-21” MMC-nin maliyyə dəstəyi ilə işıq üzü görən kitab 92 səhifə, 100 tiraj həcmində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırlıb.

    Kitabda şeirler, esse və hekayələr yer almaqdadır.
    Şairənin fikrincə dünya bütünlükdə paradoksdan ibarətdir
    Şeirləri ilə tanış olsanız, bu fikirləri aydın şəkildə görə bilərsiniz.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • Azərbaycanlı yazıçı Günel Natiqin “Kişilərə dur deyin!” adlı ilk romanı işıq üzü görüb

    Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidentinin təqaüdçüsü, yazıçı-jurnalist Günel Natiqin “Kişilərə dur deyin!” adlı ilk romanı işıq üzü görüb. Kitab müllifin oxucuları ilə növbəti görüşüdür.

    Azərbaycanlı yazıçı Günel Natiqin məqalə, esse, hekayə və povestləri müxtəlif mətbu orqanlarda dərc edilib.

    Kitabın ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

    Xatırladaq ki, bundan öncə müəllifin “Kağız gəmilər”, “Məhəbbət quşları”, “Ədəbi talelər”, “Siz səfehsinizmi?!” adlı kitabları ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırlıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

  • “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab işıq üzü görüb

    “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik sənəti və sazbəndlər” adlı kitab ərsəyə gətirilib.

    AZƏRTAC xəbər verir ki, nəfis tərtibatda işıq üzü görən kitab aşıq sənətinin və bu sənətə bağlı olan instrumental ifaçılığın inkişafında mühüm rol oynayan sazbəndlik sənətinə və sazbəndlərə həsr olunub.

    Layihənin həyata keçirilməsinin məqsəd və vəzifələrindən danışan “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir: “Sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Sazbəndlik özünəməxsus incəlikləri olan, sazbənddən peşəkarlıqla yanaşı, aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə dair zəngin bilik və geniş dünyagörüşü tələb edən spesifik bir sənət sahəsidir.

    Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca vacibdir”.

    Kitab iki hissədən ibarətdir. Birinci hissədə mədəniyyətimizin çox mühüm qollarından biri, xalqımızın qədim və ölməz sənəti kimi 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmiş aşıq sənətinin ayrılmaz tərkib hissəsi olan sazbəndlik bir sənət sahəsi kimi diqqət önünə gətirilir, onun incəlikləri araşdırılır. İkinci hissə isə sazbəndlərə həsr olunub və burada ayrı-ayrı sazbəndlər haqqında qısa tanıtım məlumatı verilir.

    Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı kitaba yazdığı “Ön söz”də vurğulayıb: “Təəssüf ki, indiyə qədər sazla bağlı instrumental fəaliyyətin tarixi kökləri, evolyusion inkişaf dinamikası, bir sözlə, sazbəndlik sənətinin incəlikləri, onun zaman içərisində keçirdiyi dəyişikliklər heç də lazım olan səviyyədə öyrənilməyib. Bu barədə elmi monoqrafiya bir yana dursun, mənzərəni təqdim edən albom səviyyəli tanışlıq kitabı da hazırlanmayıb. Sözügedən istiqamətə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun ayrıca diqqət yetirmək cəhdini bu mənada xüsusi vurğulamaq və qədirşünaslıq duyğusu ilə dəyərləndirmək lazımdır.

    Araşdırma səciyyəsi daşıyan və böyük zəhmət bahasına başa gələn bu əsərdə sazbəndliyin tarixi köklərinə diqqət yetirilməklə bərabər, sazın quruluşu, onun müxtəlif hissələri barədə məlumat çatdırılır, ayrı-ayrı sazbənd emalatxanalarındakı istehsal prosesi maraqlı tərzdə təqdim olunur”.

    Kitabın elmi redaktoru ADPU-nun prorektoru, filologiya üzrə elmlər doktoru, professor Mahirə Hüseynova, elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, rəyçilər filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Elxan Məmmədli və ADPU-nun Ədəbiyyat kafedrasının müdiri, dosent Razim Məmmədli, müəllifi isə Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

    Kitabdan folklor və musiqi araşdırıcıları, ölkəmizin müvafiq ali məktəblərində aşıq sənəti üzrə təhsil alan bakalavr və magistrlər, tədqiqatçılar və eləcə də geniş ictimaiyyət faydalana bilər.

    Mənbə: https://azerab.az/

  • Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan mədəniyyətinin, tarixinin və dilinin təbliği işini genişləndirmək məqsədilə qərara alıram:

    1. Ankara şəhərində Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin tabeliyində Mədəniyyət Mərkəzi yaradılsın.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsi ilə yaradılan Mədəniyyət Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı zəruri tədbirlər görsün.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 6 oktyabr 2023-cü il

    Mənbə: http://president.az

  • Filarmoniya oktyabr ayı üçün repertuarını açıqlayıb

    Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının oktyabr ayına olan repertuarı açıqlanıb.

    AZƏRTAC xəbər verir ki, filarmoniya tamaşaçılar üçün zəngin proqram hazırlayıb.

    Oktyabrın 16-da qədim Altay diyarının “kay” sənətinin ifaçısı Aleksey Çiçakov konsert proqramı ilə çıxış edəcək. Bununla yanaşı, oktyabrın 25-də şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş orqan musiqisi axşamı təşkil ediləcək. Oktyabrın 26-da isə Bakı Kamera Orkestrinin konserti baş tutacaq. Azərbaycan Dövlət Xor Kapellası oktyabrın 27-də filarmoniyanın səhnəsində Zəfər gününə həsr olunmuş konsert proqramı ilə çıxış edəcək. Mədəniyyət ocağında həmçinin Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin iştirakı ilə “Barokko musiqi axşamı” konserti keçiriləcək.

    Konsertlər Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında baş tutacaq.

    Mənbə: https://azertag.az/

  • Bu gün tanınmış tarzən Qurban Pirimovun doğum günüdür

    Bu gün Azərbaycanın Xalq artisti, tanınmış musiqiçi, tarzən Qurban Pirimovun doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 143-cü ildönümü tamam olan görkəmli sənətkarın Azərbaycan musiqisi tarixində özünəməxsus yeri var.

    Qurban Pirimov 1880-ci ilin oktyabrında Ağdamın Abdal Gülablı kəndində anadan olub. O, məşhur aşıq Valehin nəticəsidir. Q.Pirimov on beş yaşında ikən müəllimi, müasir Azərbaycan tarının yaradıcısı Sadıqcanın xeyir-duası ilə Qarabağ toylarında seçilən xanəndələri müşayiət edib. Belə toyların birində xanəndə İslam Abdullayev Qurbanın tarda ifasını bəyənib və onu özünə tarzən götürüb.

    1905-ci il gənc tarzən üçün uğurlu olub. Belə ki, Gəncə toylarının birində Cabbar Qaryağdıoğlu onun ifasını bəyənib və İslam Abdullayevin razılığı ilə gənci özü ilə Bakıya gətirib. Məşhur xanəndələri müşayiət edən tarzən onların arasında ən çox Xan Şuşinskiyə bağlanır. Şuşinski xatirələrində onu belə yad edir: “Mən Qurban Pirimovu sonuncu dəfə 1965-ci il avqustun 10-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında çıxış edərkən görmüşəm. Konsertdə gənc ifaçılarla bərabər, 85 yaşlı qocaman tarzən də iştirak edirdi. O, “Rahab” ifa edirdi. Sənət yollarında saç ağartmış tarzən öz sədəfli tarını sinəsinə, barmaqlarını simlərə gənclik ehtirası ilə toxundurduqca tellərdən qopan xoş, ürəkoxşayan səda dinləyicilərin ruhunu oxşayırdı. Tarzən “Rahab”ı 23 dəqiqə çaldı. Dinləyicilər hərarətli təbrik sədaları altında qocaman tarzəni üç dəfə səhnəyə dəvət etdilər”. Bəli, onda özünəməxsus çalğı ştrixləri olub. Bunlar onun öz tapıntısı, ürəyinin hərarəti idi. Q.Pirimovu tanıyanlar onun həm də çox zarafatcıl bir insan olduğunu xatırlayırlar. Həmişə zarafatla tarzənlərə deyərmiş ki, birdən yolla gedəndə sizə daş atarlar, tez əllərinizi gizlədin. Bircə əllərinizi qoruyun. Qurban Pirimov haqlı idi. Bizləri heyrətə salan, möcüzələr yaradan məhz həmin əllər idi. Həmin əllərin sehrindən süzülən musiqi hər kəsin qəlbini fəth edə bilirdi.

    Tarzənlər bu gün böyük sənətkarın yolunu davam etdirərək öz sələflərini unutmağa qoymurlar. Ancaq Qurban Pirimovun öz sözləri ilə desək, “Öyrənmək ustad olmaqda ümdə şərtdir. Amma gərək hər bir ustadın öz barmaqları olsun”.

    Sənətkarın yaradıcılığına sağlığında yüksək qiymət verilib. 1931-ci ildə Xalq artisti adına layiq görülüb. Ona verilən ən böyük qiymət isə xalq məhəbbətidir. 70 ildən çox köksünə sıxıb dilləndirdiyi tar Qurbansız qalsa da, Azərbaycan tar sənəti Qurbansız deyil və olmayacaq, ulu tarımız əbədən yaşayacaq.

    Deyirlər ki, insanı özündən sonra üç amil yaşadır: əməlləri, əsərləri və övladları. Bu mənada Qurban Pirimov çox xoşbəxt insan olub ki, bu deyilən amillər onu bu günə qədər yaşadıb və bu yaşantı əbədidir. Sənətkar 1965-ci il avqustun 29-da dünyasını dəyişib. Amma o, ruhən ulu tardan ayrılmazdır. Çünki tar ifaçılığının tarixini Qurbansız təsəvvür etmək olmaz.

    Xatırladaq ki, tarın hazırlanması və tar ifaçılıq sənəti 2012-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu hadisə Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində mümkün olub.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli bəstəkar Xəyyam Mirzəzadənin doğum günüdür

    Xəyyam Mirzəzadə musiqi mədəniyyətimizin inkişafında əhəmiyyətli rol oynamış sənətkarlardandır. Onun milli musiqi ilə müasir bəstəkarlıq texnikasının əlaqəsinə əsaslanan, özünəməxsus geniş diapazonlu yaradıcılığı Azərbaycanın zəngin musiqi sənəti salnaməsinin parlaq səhifələrindən birini təşkil edir.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, Dövlət mükafatları laureatı, görkəmli bəstəkar və pedaqoq, professor Xəyyam Mirzəzadənin anadan olmasından 88 il ötür.

    Otuzadək səhnə musiqisi, çoxsaylı estrada və caz nümunələri, mahnılar yazmış, “Violin və orkestr üçün” əsərin müəllifi Xəyyam Mirzəzadə 1935-ci il oktyabrın 5-də Bakıda dünyaya göz açıb. 1952-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində 10 illik musiqi məktəbini bitirdikdən sonra həmin il Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, 1957-ci ildə ali təhsilini dahi bəstəkar Qara Qarayevin sinfində bəstəkarlıq ixtisası üzrə başa vurub.

    Əmək fəaliyyətinə elə həmin ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında müəllim kimi başlayan Xəyyam Mirzəzadə burada baş müəllim, dosent və professor vəzifələrində çalışmış, 1971–1983-cü illərdə isə kompozisiya kafedrasının müdiri olmuşdur. O, 1983-cü ildən 2005-ci ilədək həmin təhsil müəssisəsinin professoru olaraq gənc musiqiçilər nəslinin yetişdirilməsində və yüksək ixtisaslı peşəkar musiqiçi kadrların hazırlanmasında xüsusi xidmətlər göstərib.

    Qara Qarayev məktəbinin istedadlı yetirməsi və davamçılarından olan Xəyyam Mirzəzadə dünya musiqisinin nailiyyətlərindən uğurla bəhrələnərək, müxtəlif janrlarda qiymətli əsərlər yaradıb. Onun ayrı-ayrı illərdə bəstələdiyi instrumental, vokal, simfonik, xor və kamera əsərləri sənətkara böyük şöhrət qazandırıb.

    Zəngin yaradıcılığı ilə Azərbaycan musiqi irsini, mədəniyyətini təbliğ etməklə yanaşı, kinomuza da töhfələr verən bəstəkar əsasən dram janrlı filmlərə musiqilər yazıb, ekran əsərlərinin məzmun ideyasını musiqi dili ilə çatdırmağa müvəffəq olub. Onun bir çox kompozisiyaları musiqi xəzinəmizin “qızıl fond”una daxildir. 40-dan artıq filmə, o cümlədən “Arxadan vurulan zərbə”, “Bağ mövsümü”, “Bakıda küləklər əsir”, “Birisigün gecəyarısı”, “Bizim küçə”, “Dənizə çıxmaq qorxuludur”, “Güllələnmə təxirə salınır”, “İlıq dənizdə buz parçası”, “O dünyadan salam”, “Yeddi oğul istərəm” və s. bədii, “Abidələr danışır”, “Bakı eyvanları” və s. sənədli, “Daş”, “Günlərin bir günündə”, “Meşəyə insan gəlir” animasiya filmlərinə yazılan musiqiləri xatırlamaq bəs edir ki, bəstəkarın sənət qüdrətinə heyran qalasan. Xəyyam Mirzəzadənin bənzərsiz kino musiqilərində mövzuya uyğun olaraq vətənə, xalqa, insanlara hörmət, sevgi, həmçinin yüksək insani keyfiyyətlər tərənnüm olunur. Eləcə də çox sayda dram tamaşalarına yazdığı musiqilər yüksək dəyərləndirilib.

    Xəyyam Mirzəzadə, eyni zamanda, gözəl nəğmələrin müəllifidir. Onun bəstələdiyi mahnılar uzun illərdir ki, Azərbaycanın görkəmli ifaçılarının repertuarını bəzəyir.

    Onun mötəbər konsert salonlarında, böyük orkestrlərdə və musiqi festivallarında müvəffəqiyyətlə səslənən əsərləri Azərbaycan musiqisinin dünyada tanınmasında böyük töhfə olub.

    Bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsindəki uzunmüddətli səmərəli fəaliyyəti lazımınca qiymətləndirilib. O, bir çox fəxri adlara layiq görülüb, Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” və “Şərəf” ordenləri və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub.

    Bəstəkar enişli-yoxuşlu sənət yolu keçsə də, heç zaman usanmayıb. 1970-ci ildə Almaniyada çap edilən “50 sovet bəstəkarı” kitabında onun da yaradıcılığından bəhs olunub.

    Görkəmli bəstəkar Xəyyam Hadi oğlu Mirzəzadə 2018-ci il iyulun 30-da ömrünün 83-cü ilində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, ikinci Fəxri xiyabanda dəfn olunub.

    Görkəmli bəstəkar, mahir pedaqoq və səmimi insan Xəyyam Mirzəzadənin əziz xatirəsi musiqisevər xalqımızın, onu tanıyanların qəlbində daim yaşayacaq.

    Mənbə: https://azertag.az/

  • Bu gün görkəmli bəstəkar Tofiq Quliyevin anım günüdür

    Bu gün görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anım günüdür.

    AZƏRTAC xəbər verir ki, böyük sənətkarın vəfatından 23 il ötür.

    Azərbaycan musiqi salnaməsini yaradan şəxsiyyətlər sırasında bəstəkar, dirijor, pianoçu, folklorşünas, ictimai xadim, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin də özünəməxsus yeri var. Onun ürəkaçan mahnıları, orijinal estrada əsərləri, mükəmməl kino musiqisi, operettaları, ölkəmizin hüdudlarından çox-çox uzaqlarda populyarlıq qazanaraq bu gün də sevilə-sevilə ifa olunur. Böyük bəstəkarın sənətinə dövlət tərəfindən göstərilən diqqət və qayğı da bir növ onun xatirəsinə olan ehtiramın bariz nümunəsidir.

    Ölməz əsərləri ilə milyonlarla insanın bədii zövqünü oxşayan, əbədi rəğbətini qazanan, ürəklərdə möhtəşəm sənətkar heykəlini ucaldan Tofiq Quliyev mənalı və şərəfli həyat yaşayıb. O, 1917-ci il noyabrın 7-də Bakı şəhərində anadan olub, erkən yaşlarından musiqiyə maraq göstərib, xalq musiqisinin gözəlliklərindən ilhamlanıb. Ötən əsrin 30-cu illərində sənət yoluna qədəm qoymuş T.Quliyev Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki məktəbin fortepiano sinfinə daxil olub. Bu təhsil ocağında dərs deyən, həyatdan çox gənc ikən köçmüş, lakin əbədilik qazanmış Asəf Zeynallı onun inkişafına böyük təsir göstərib. Məhz sevimli müəlliminin məsləhəti ilə 14 yaşlı Tofiq Quliyev M.Ə.Sabirin sözlərinə “Məktəbli” mahnısını yazıb və bu zamandan etibarən dostu, görkəmli sənətkar Qara Qarayev ona “Sən bizim bəstəkarımızsan” deyib.

    1934-cü ildə musiqiyə olan məhəbbəti T.Quliyevi Azərbaycan Dövlət Konservatoriyasına gətirib çıxarır və o, meylini təkcə fortepianoya salmaqla kifayətlənmir, eyni zamanda, dirijorluq fakültəsinə daxil olur. Hələ konservatoriyada oxuduğu günlərdə – 1935-ci ildə Azərbaycan Dövlət Dram Teatrında dirijorluq fəaliyyətinə başlayır, sonralar müxtəlif musiqi kollektivlərinə dirijor kimi rəhbərlik edir.

    O dövrün gənclərin musiqiyə gəlişi və ilk uğurlu addımları dahi Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu qüdrətli sənətkar bir çox insanların musiqiçi və şəxsiyyət kimi püxtələşməsində əvəzsiz rol oynayıb. T.Quliyev “mənəvi ata” saydığı dahi ustadın başladığı sənət-yaradıcılıq yolunu uğurla davam etdirib və illər ötdükcə, Azərbaycan musiqisinin ləyaqətli təmsilçisinə çevrilib. Məhz Ü.Hacıbəylinin və böyük sənətkar Bülbülün rəhbərliyi ilə gənc musiqiçinin fəaliyyət sahəsi şaxələnir. O, konservatoriyada təşkil edilmiş Elmi-Tədqiqat Musiqi Kabinəsinin işində fəal iştirak edib. 1936-cı ildə T.Quliyev tarzən Mansur Mansurovun ifasında “Rast” və “Segah-Zabul” muğam dəstgahlarını nota köçürüb və onlar milli musiqi tarixində ilk dəfə olaraq nəşr edilib. Bu nəcib təşəbbüsə musiqimizin atası Üzeyir Hacıbəyli o vaxt belə qiymət verib: “Muğamların nota yazılması Azərbaycan musiqi həyatında böyük çevriliş yaratmaqla incəsənətimizə böyük xidmətdir”.

    Sonralar da musiqi folklorunun toplanılması sahəsində mühüm işlər görmüş bəstəkar 1955-ci ildə “Azərbaycan xalq rəqsləri”ni fortepiano üçün işləmiş, “Azərbaycan xalq mahnıları” topluları üçün çoxsaylı mahnıları nota köçürmüşdür. Xalq musiqi incilərinin mükəmməl nümunələri olan “Evləri var xana-xana” və “Qoy gülüm gəlsin, ay, nənə” mahnılarını səs və simfonik orkestr üçün işləyib. Bəstəkar həm də hind, bolqar, ərəb mahnılarının böyük bədii ustalıqla səs və fortepiano üçün variantlarını yaradıb.

    1936-cı ildə Üzeyir Hacıbəylinin şəxsi təşəbbüsü və təklifi ilə Tofiq Quliyev P.İ.Çaykovski adına Moskva Konservatoriyasının dirijorluq fakültəsində təhsilini davam etdirib. Moskvada oxuduğu illərdə dirijor-bəstəkar T.Quliyevin adına bu şəhərin konsert afişalarında tez-tez rast gəlinirdi. Onun parlaq musiqi istedadı Ümumittifaq caz orkestrinin rəhbəri A.Tsfasmanın diqqətini cəlb edir. Məşhur dirijorun dəvəti ilə T.Quliyev 1937-1939-cu illərdə ansamblın tərkibində piano ifaçısı kimi fəaliyyət göstərir və bu, onun gələcək professional taleyini müəyyən edir. 1939-cu ildə Moskva şəhərində belə konsertlərdən birini izləyən görkəmli dövlət xadimi Mirzə İbrahimov gənc musiqiçiyə Bakıda Azərbaycan Dövlət Estrada orkestrini yaratmağı təklif edir. “Caz musiqisinin sərbəstliyi və nikbin əhval-ruhiyyəsini” özünə doğma bilən T.Quliyev bu təklifi bəyənir və təhsilini yarımçıq qoyaraq Bakıya qayıdır. 1941-ci il sentyabrın 6-da milli musiqimizin yeni səhifəsi açılır – M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında həmin orkestrin böyük müvəffəqiyyətlə ilk çıxışı olur. Caz orkestrinin premyerasının İkinci Dünya müharibəsinin qanlı-qadalı günlərindən birinə təsadüf etməsinə baxmayaraq, insanlar bu hadisəni bayram əhvali-ruhiyyəsi ilə qarşıladılar. Çox gözəl tərtib olunmuş musiqi proqramına o günün tələbinə cavab verən mahnılarla yanaşı, T.Quliyev sırf caz üslubunda yazılmış “Bəs pələng hanı?”, “Molla Nəsrəddin və plov” məzhəkəli mahnısını və “Zibeydə” vokal miniatürünü daxil edir. Həmin illərdə yaranmış bu nadir əsərlər Azərbaycan cazı və estrada musiqisinin əsasını təşkil edən klassik nümunələrdir.

    Dövlət Caz Orkestrinin ilk repertuarına Tofiq Quliyev Amerikanın caz ustalarının əsərlərini də daxil edir. O, Dük Ellinqtonun məşhur “Karvan” pyesini “Çahargah” məqamında işləyir, muğamın özünəməxsus çalarını, xırdalıqlarını əsərə daxil edir və sanki onun Azərbaycan variantını yaradır. Bu konserti diqqətlə izləyən dahi sənətkarımız Üzeyir Hacıbəyli istedadlı musiqiçiyə xüsusilə “Çahargah” kompozisiyasını bəyəndiyini söyləyir. Beləliklə, T.Quliyev milli musiqi tarixində ilk dəfə olaraq muğam və caz musiqisinin sintezini yaradır və bu yenilik bəstəkarın mahir bir pianoçu və bəstəkar kimi yetişdiyini göstərir.

    Sənətkarın müharibə illərində bəstələdiyi bir sıra mahnıları – “Azərbaycan diviziyası”, “Vətən haqqında mahnı”, “Azərbaycan”, “Döyüşçülərin mahnısı” və s. insanların təmiz hisslərini, vətənə məhəbbətini tərənnüm edir, onlarda ruh yüksəkliyi yaradır.

    1939-cu ildə Tofiq Quliyev həm də teatr musiqi sahəsinə müraciət edir və Gənc Tamaşaçılar Teatrının “Babək” tamaşası üçün musiqi bəstələyir. Sonralar müxtəlif teatrlarla əməkdaşlıq edən bəstəkar, bir çox pyeslərə, o cümlədən U.Şekspirin “On ikinci gecə”, C.Cabbarlının “Aydın” və “Yaşar”, N.Hikmətin “Qəribə adam” və s. əsərlərinə musiqi yazır. Bu tamaşalar üçün bəstələnmiş mahnılar tez bir zamanda yayılır, dinləyicilərin dilinin əzbəri olur.

    Müharibədən sonrakı illərdə T.Quliyev yenidən təşkil olunmuş estrada orkestri üçün onlarla mahnı bəstələyir. Bu zaman onun, həm də Rəşid Behbudov kimi görkəmli müğənni ilə əməkdaşlığı, keçmiş SSRİ-nin müxtəlif şəhərlərində pianoçu kimi çıxışları, şöhrətini daha da artırır.

    O, 1951-ci ildə Moskva konservatoriyasında təhsilini başa vurur və 1954-cü ildə burada bəstəkarlıq və dirijorluq üzrə aspiranturanı bitirir, həmçinin həmin vaxtlarda “Azərbaycan süitası”, romanslar, fortepiano üçün variasiya və prelüdlər yazır.

    Doğma yurduna qayıdan Tofiq Quliyev parlaq fəaliyyəti ilə musiqimizin tərəqqisi yolunda çalışır. O, Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq, filarmoniyanın direktoru, kinostudiyanın baş musiqi redaktoru, uzun zaman Azərbaycan Bəstəkarlar İttifaqının sədri kimi fəaliyyət göstərir, kəsərli sözü ilə öz peşəkarlıq mövqeyini təsdiq edir. Geniş musiqi-ictimai fəaliyyətinə baxmayaraq, T.Quliyev bir an belə yaradıcılıqdan uzaqlaşmır, fasiləsiz olaraq müxtəlif janrlarda əsərlər yaradır. Lakin bəstəkarı xalqa tanıdan və sevdirən, ilk növbədə, onun müxtəlif əhvali-ruhiyyəli mahnıları olur. Azərbaycan mahnı janrının inkişafında əvəzsiz xidmətləri olan Tofiq Quliyev yaradıcılığının ilk mərhələsində yazdığı “Bakı haqqında mahnı”, “Züleyxa”, “Neftçilər mahnısı”, “Süfrə mahnısı” kimi geniş yayılmış vokal incilər dinləyicilərin hafizəsinə həmişəlik həkk olunur.

    Bəstəkar Azərbaycan musiqisində lirik mahnıların klassik nümunələrini yaradır. Tofiq Quliyevin vokal inciləri özünəməxsus, heç bir başqa bəstəkarın üslubuna bənzəməyən dəst-xəti ilə seçilir. Sənətkarın Nizaminin “Könlüm” və “Sevgilimə”, Xaqaninin “Bəxtəvər oldum” sözlərinə yazdığı romanslar son dərəcə füsunkar səslənir. “Sənə də qalmaz”, “Qəmgin mahnı”, “İlk bahar”, “Neylim”, “Axşam mahnısı”, “Bakı gecələri” kimi mahnıları insanın daxili aləmini, həyəcanını, məhəbbətini romantik bir dillə əks etdirir. Bu mahnılar musiqi dilinin xəlqiliyi, melodiyalarının axınlılığı və zənginliyi ilə fərqlənir. Tofiq Quliyev hər bir mahnı üçün yadda qalan orijinal intonasiya tapır, insanların saf və etibarlı hisslərini rəngli boyalarla təsvir edir. Qüdrətli sənətkar mahnı yaradıcılığında müasir musiqi üslubunu – xalq musiqisinin zəngin aləmindən bəhrələnən xüsusiyyətlərlə uzlaşdırır. Maraqlı sintezə nail olan bəstəkar zamanın nəbzini duyan, peşəkarlığın yüksək zirvəsində duran vokal miniatürlər yazır və milli mahnı janrını yeni inkişaf pilləsinə ucaldır.

    T.Quliyev çox böyük diqqətlə öz romans və mahnıları üçün söz seçir, çalışır ki, musiqi şeirin ruhunu, məzmununu dəqiq üzə çıxarsın. O dövrün müxtəlif problemlərini tərənnüm edən, mövzu cəhətdən rəngarəng olan Səməd Vurğun, Rəsul Rza, Zeynal Cabbarzadə, İslam Səfərli, Ənvər Əlibəylinin şeirlərinə müraciət edir. Dənizin qoynundan “qara qızıl” çıxaranları “Gənc neftçilər” mahnısında, zəhmətkeş insanları “Pambıq” mahnısında, “Saçaqlı qız” əsərlərində tərənnüm edir. “Moldova-Azərbaycan”, “Zlata Praqa”, “Bratislava” haqqında mahnıları dostluq, sülh və əmin-amanlığın himninə çevrilir. Lakin dinləyicilər Tofiq Quliyevi yumoristik, şən əhvali-ruhiyyəli bir sənətkar kimi də sevirlər. Onun oynaq melodiya və ritmi ilə fərqlənən “Badamlı” və “Toy mahnısı” bu sahədəki axtarışlarının bəhrəsidir.

    Sənətkarın yaradıcılığında mahnı janrı aparıcı olsa da, bədii istedadı bununla məhdudlaşmır. O, həmişə böyük həvəslə kino sənəti üçün çalışır, yetmişdən çox filmə musiqi bəstələyir. “Səbuhi”, “Ögey ana”, “Görüş”, “Bəxtiyar”, “Onu bağışlamaq olarmı”, “Telefonçu qız”, “Nəsimi” və s. filmlərə yazdığı musiqi özünün melodikliyi, təbiiliyi ilə seçilir, mahnıları isə coşqun ilhamla oxunur.

    T.Quliyev milli musiqili komediya janrına da öz töhfəsini verir, “Aktrisa”, “Qızıl axtaranlar”, “Sənin bircə sözün”, “Sabahın xeyir, Ella” kimi əsərlərini yazır. Bu operettaların musiqi parçaları tamaşanın müvəffəqiyyət qazanmasında, obrazların səhnə təcəssümündə həmişə böyük rol oynayır. Kiçik yaşlı tamaşaçıları da unutmayan sənətkar “Artıq tamah”, “Şəngülüm, Şüngülüm, Məngülüm” və s. uşaq pyeslərinə musiqi bəstələyir. 1969-cu ildə bəstəkarın üç xoreoqrafik novelladan ibarət “Məhəbbət mahnısı” adlı baleti isə Moskvada müvəffəqiyyətlə səhnələşdirilir.

    Respublikamızın musiqi həyatında fəal iştirak edən T.Quliyev daim müxtəlif musiqi festivalları, müsabiqələrin keçirilməsi üçün çalışır, dövrü mətbuatda aktuallığı ilə seçilən məqalələrlə çıxış edir.

    Yaradıcılığının yetkin və kamil dövründə böyük sənətkarımız Tofiq Quliyevin şərəfli əməyi Ulu Öndərimiz Heydər Əliyev və onun ləyaqətli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 1997-ci ildə o, “İstiqlal ordeni” ilə təltif edilib. 2000-ci ildə dünyasını dəyişən Tofiq Quliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən sənətkarın yaşadığı binaya xatirə lövhəsi vurulur, Bakının küçələrindən birinə və 12 nömrəli musiqi məktəbinə bəstəkarın adı verilib. Prezident İlham Əliyevin Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında müvafiq Sərəncamı görkəmli sənətkarın xatirəsinə dərin hörmət və ehtiramın təcəssümü kimi qiymətləndirilib, ictimaiyyətimiz tərəfindən rəğbətlə qarşılanıb.

    Böyük sənət fədaisi, əsl vətənpərvər Tofiq Quliyev bütün qüvvə və istedadını xalqına sərf etmiş, hörmət və ehtiram qazanmışdır. Adı musiqi tariximizə böyük hərflərlə həkk olunmuş müdrik sənətkarın bənzərsiz yaradıcılığı xalqımız tərəfindən həmişə yüksək tutulacaq.

    Mənbə: https://azertag.az/

  • “Qərbi Azərbaycan aşıqları” adlı şeir antologiyası hazırlanır

    Azərbaycan Aşıqlar Birliyində (AAB) yeni layihəyə başlayıb. Son illərdə bir sıra sanballı nəşrlər ərsəyə gətirən AAB-də bu dəfə Qərbi Azərbaycan aşıqlarının poetik yaradıcılıq nümunələrindən ibarət antologiya hazırlanır.

    XVI əsrdən üzübəri Qərbi Azərbaycanın ayrı-ayrı mahallarında – İrəvanda, Zəngəzurda, Dərələyəzdə, Göyçədə, Qaraqoyunluda, Dərəçiçəkdə, Loru və Ağbabada yaşayıb-yaratmış ustad sənətkarların zəngin ədəbi irsindən nümunələr yer alacaq toplu soydaşlarımızın dədə-baba yurdu olan bu ərazilərdə sənət ənənəsi, tarixi-mədəni prosesin inkişaf dinamikası, coğrafi arealın hansı milli-mənəvi zənginliyə köklənməsi haqqında bilgi vermək baxımından mühüm bir qaynaq olacaqdır.

    Bu barədə məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, antologiyanın hazırlanmasında əsas məqsəd regionun söz-sənət yükünü qoruyub gələcək nəsillərə çatdırmaq, eyni zamanda sənətə yenicə qədəm qoyan yeniyetmə və gənclərin repertuar zənginliyini genişləndirməkdir.

    Topluda XVI əsrdə yaşayıb-yaratmış Miskin Abdaldan üzü bəri bir çox böyük saz-söz ustadlarının – Ağ Aşıq, Aşıq Alı, Aşıq Ələsgər, Məhərrəm Alçalı, Ululu Kərim, Çobankərəli Cəfər, Dərələyəzli Aşıq Cəlil, Aşıq Qəhrəman, Əsəd Rzayev, Ozan Heydər, Xəstə Hasan, Nəsib Ağbabalı, İsgəndər Ağbabalı və digərləri kimi ustad sənətkarlarla yanaşı, erməni təcavüzü nəticəsində öz dədə-baba yurdlarından didərgin düşüb, bu gün Azərbaycanın müxtəlif guşələrində yaşayaraq Qərbi Azərbaycandakı aşıq sənəti ənənəsini yaşadan çağdaş aşıqların bədii yaradıcılığından şeir nümunələrinə də geniş yer ayrılacaq.

    Mənbə: https://azertag.az/

  • T.H.Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    T.H.Kərimlinin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında xidmətlərinə görə Teymur Həşim oğlu Kərimli “Şöhrət” ordeni ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 2 oktyabr 2023-cü il

    Mənbə: http://president.az

  • Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikasında turizm sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycanda turizm sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    “Tərəqqi” medalı ilə

    Ağayev Həsən Şahkərəm oğlu

    Axundov Fuad Hüseyn oğlu

    Davudova Sədaqət Rəhim qızı

    Əliyev Nəzər Mirzə oğlu

    Əzimov İlqar Firudin oğlu

    Kazımova İlhamə Əlixan qızı

    Kərəmov Murad İslam oğlu

    Qafarova Şükufə Bala Əhməd qızı

    Qasımov Kənan İsrail oğlu

    Qəhrəmanov Göydəniz İbrahim oğlu

    Maqsudov Balaş Maqsud oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    Orucov Azər Aslan oğlu.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 2 oktyabr 2023-cü il

    Mənbə: http://president.az

  • Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli sentyabrın 28-də Mingəçevir şəhərində vətəndaşları qəbul edib.

    AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir və Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderin Mingəçevir şəhər Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. Daha sonra mərkəzə baxış olub.

    Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən qəbulda əsasən Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonlarından olan vətəndaşlar iştirak ediblər.

    Mədəniyyət Nazirliyinin məsul əməkdaşlarının da iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Müraciətlər əsasən işlə təmin olunma, mədəniyyət sahəsi ilə əlaqədar təklif, ortaya çıxan problemlərin həlli və digər məsələlərlə bağlı olub.

    Vətəndaşları ayrı-ayrılıqda dinləyən nazir bütün müraciətlərin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq tapşırıqlar verib.

    Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Mənbə: https://azertag.az/

  • “Çağdaş Bütöv Azərbaycan” antologiyasının təqdimatı olub

    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri adlı tədbirlərin təşkili” layihəsi əsasında “Çağdaş bütöv Azərbaycan” adlı poeziya antologiyası nəşr olunub.

    AZƏRTAC xəbər verir ki, antologiyanın təqdimat mərasimi Azərbaycanda Atatürk Mərkəzində keçirilib.

    Layihənin müəllifi və kitabın tərtibçisi “Türk Dünyası İnfo” İB-nin sədri, AYB İdarə Heyətinin üzvü Dəyanət Osmanlı bildirib ki, bu gün Azərbaycan dövləti dünya azərbaycanlıların həmrəylik, vətənpərvərlik hüquq və azadlıqlar, təhlükəsizlik məsələlərinə diqqətlə yanaşır. Xarici ölkələrdə, eləcə də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizin qorunub saxlanılması, azərbaycançılıq ideyalarına sadiq olmaları, vətənləri ilə əlaqələrinin möhkəmlənməsi ictimai, ideoloji imkanlar vardır. Bu layihə çərçivəsində dövlətimizin milli-mənəvi irsimizə, mədəniyyətimizə, ədəbiyyatımıza göstərdiyi ciddi dəstəyi əsas götürərək, Azərbaycanın bütövlüyü kontekstində çağdaş ədəbi-mədəni proseslər nəzərdən keçirmiş, ortaq mövzulu bir sıra poetik nümunələri dilimizə uyğunlaşdıraraq antologiya halında çap etmişik.

    Tədbirdə Atatürk Mərkəzinin müdir müavini Osman Musayev, BDU-nun kafedra müdiri, şair Knyaz Aslan, şairlərdən Rəşid Faxralı, Nazim Əhmədli, Avdı Qoşqar, İbrahim Yusifoğlu, Paşa Babəkərli, Musa Aslanxanlı, Azadə Novruzova, Elmira Aslanxanlı Turan, Süleyman Abdulla, Həzi Həsənli, Nazim Şah və başqaları layihənin ictimai aktuallığını xüsusilə vurğulamış, təqdim olunan antologiyanın ideya-məzmun, səviyyə baxımından müasir ədəbiyyatımıza yeni töhfə olduğunu qeyd ediblər.

    Bildirilib ki, antologiyada o taylı, bu taylı Azərbaycan, Qərbi Azərbaycan, Özbəkistan, Rusiya (Dərbənd), Gürcüstan (Borçalı) da daxil olmaqla, ümumilikdə 54 tanınmış müəllifin əsərlərindən nümunələr yer alıb. Poetik mətnlərdə Azərbaycan insanının vətənçilik, müstəqillik, birlik, azadlıq duyğuları, dil, mədəniyyət, təhsil haqlarını, milli-mənəvi dəyərlərimizin yaşadılmasını ifadə edən fikirlər əks olunub. Bu mənada, ədəbiyyat vasitəsi ilə həmrəylik, bütövlük ideyalarının təbliğinin milli bağlara əsaslanan ədəbi-mədəni düşüncə birliyi dayanır.

    Qeyd edək ki, kitabın məsləhətçisi akademik, Milli Məclisin deputatı Nizami Cəfərov, “Ön söz” müəllifi Hüseyn Şərqidərəcək Soytürk, redaktoru filologiya üzrə fəlsəfə doktoru, Atatürk Mərkəzinin şöbə müdiri İlahə Abdullayevadır.

    Mənbə: https://azertag.az/

  • Saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi – “Aşıq, bağrına bas sədəfli sazı”

    Azərbaycan Dövlət İnformasiya Agentliyi

    Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış “Aşıq, bağrına bas sədəfli sazı” kitabı işıq üzü görüb. Bu antoloji nəşrdə aşıqların və şairlərin saz-söz sənətinə, ustad sənətkarların el-oba içindəki hörmət və nüfuzuna, onların yaratdıqları dastanlara, saz havalarına, aşıq şeirlərinə sonrakı nəsillərin saz-söz ehtiramını əks etdirən seçmə poetik nümunələr yer alıb.

    Bu barədə AZƏRTAC-a məlumat verən Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirilib ki, oxucular bu topluda aşıqların və yazılı ədəbiyyat nümayəndələrinin saza və aşıq sənətinə, eləcə də bu sənətin azman nümayəndələri – ustad aşıqlara həsr etdikləri şeir və poemaları ilə tanış ola biləcəklər.

    Onun sözlərinə görə, bütövlükdə toplu qərinələr və əsrlər boyu aşıq və şairlərin saza və aşıq sənətinə həsr etdikləri çoxsaylı şeir və poemaları özündə cəmləşdirir. Burada orta çağlardan üzü bəri söz-sənət adamlarının qopuz-saz alətinin sakrallığına, ustad aşıqların müqqəddəsliyinə, toxunulmazlığına, haqq aşıqlarının öncəgörməliyinə, gələcəkdən övliya kimi xəbər gətirməsinə, ustad saz-söz sahiblərinin öyüd-örnək dolu kəlamlarına, onların haqq-ədalət mücadiləsinə həsr edilmiş poetik nümunələr xronoloji ardıcıllıq və çeşidli təsnifatlar əsasında sıralanıb.

    Musa Nəbioğlu deyib ki, Dədə Qorqud boylarında, aşıq dastanlarında, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Hüseyn Şəmkirli, Aşıq Alı, Aşıq Ələsgər, Aşıq Şenlik, Molla Cuma, Hüseyn Bozalqanlı, Nəbi Faxralı, Aşıq Şəmşir, Hüseyn Saraçlı, Mikayıl Azaflı, Ədalət Nəsibov kimi görkəmli aşıqların saza və aşığa həsr etdikləri şeirlərlə yanaşı, sonrakı dönəmdə onların özlərinə həsr edilmiş çoxsaylı şeirlər də topluda geniş yer alıb.

    Kitabda diqqətçəkən məqamlardan biri də odur ki, ustad aşıqlara ithaf olunmuş şeirlər əsasən XX yüzillikdə daha çox olub. Bu sırada Dədə Qorquda, Aşıq Ələsgərə, Aşıq Şəmşirə, Mikayıl Azaflıya, Ədalət Nəsibova, Hüseyn Saraçlı və Kamandar Əfəndiyevə ithaflar xüsusilə diqqəti çəkir.

    Topluda, həmçinin saza-sözə böyük məhəbbəti olan görkəmli qələm ustadlarımızın, xüsusən də Osman Sarıvəlli, Hüseyn Arif və Zəlimxan Yaqub kimi Xalq şairləri və digər böyük söz ustadlarının şeirləri ilə yanaşı, ustad aşıqlara, onların saz-söz dünyasına həsr etdikləri poemaların ən dəyərli parçaları da nəşrin uyğun bölməsinə yeləşdirilib.

    Antoloji nəşrin bir özəlliyi də ondan ibarətdir ki, burada aşıq sənəti və saza, eləcə də sazbəndlik və usta sazbəndlərə həsr olunmuş şeirlərlə yanaşı, aşıq və şairlərin saz havalarına həsr etdikləri qoşma və gəraylıların da mühüm bir qismi yer alıb.

    “Aşıq, bağrına bas sədəfli sazı” saz və aşıq obrazına həsr olunmuş ilk antoloji nəşr işi kimi, qopuza-saza verilən tarixi dəyər, eləcə də aşıq sənətinin bədii-estetik və fəlsəfi mahiyyətini görkəmli şair və aşıqların dilindən təqdim edən bir qədirşünaslıq örnəyidir”,-deyə Musa Nəbioğlu bildirib.

    Qeyd edək ki, toplunun elmi məsləhətçi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı Məhərrəm Qasımlı, hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu və filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

    Antoloji nəşr geniş saz-söz ictimaiyyəti, aşıqlar, tələbə və doktorantlar, bütövlükdə folklor araşdırıcıları üçün nəzərdə tutulub.

    Mənbə: https://azertag.az/

  • Səbuhi Ələkbərovu doğum günü münasibətilə təbrik edirik! (25 Sentyabr)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Rəhbərliyi və bütün kollektivi Sizi “MEGA CUSTOMS SERVICE” MMC-nin əməkdaşını, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisi, Ələkbərov Səbuhi Yaşar oğlunu doğum gününüz münasibətilə cani-ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı və xoşbəxt həyat diləyi

  • Alim, şair və ozan ömrünün yetkinlik zirvəsi

      Məhərrəm Qasımlı – 65

      Bu günlərdə ölkənin elmi-mədəni ictimaiyyəti görkəmli folklorşünas, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlının anadan olmasının 65 illiyini sevgi-sayğı ilə qeyd edir.

      65 yaş insan üçün çox olmasa da, Tanrının sənə bəxş etdiyi bu ömür payı­nı mənalı və məzmunlu yaşaya bilmək, Vətən, millət və dövlət üçün faydalı ola bilmək baxımından az zaman da deyil. Bu mənada, haqqında söhbət açmaq istədiyim Məhərrəm Paşa oğlu Qasımlı arxada qoyduğu 65 ildə həm özü, həm də cəmiyyət üçün faydalı və məhsul­dar bir ömür yaşaması ilə öyünə bilər. Bu ömür yolunu qısaca xarakrerizə et­miş olsaq, sadəcə, bu kəlmələr kifayət edər: alim, şair və ozan ömrü! 

      Bir ömürdə 3 missiyanı eyni məsu­liyyətlə daşımaq hər kəsə nəsib olan bir hal deyil: Alim Məhərrəm Qasımlını bu gün təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarlarda da müvafiq sahənin adamları nüfuzlu folklorşünas kimi yaxşı tanıyır, tez-tez əsərlərinə is­tinad edirlər; Şair Orxan Paşa isə po­eziya həvəskarlarının şeirlərini sevə-sevə oxuduğu, qoşma və gəraylılarının aşıqların repertuarını bəzədiyi qiymətli söz adamıdır. Bütün bunlarla yanaşı, məncə onu daha çox məşhur edən, sevdirən ozan-aşıq mədəniyyətinin ən yaxşı tədqiqatçısı və təbliğatçısı olma­sıdır ki, bu səbəbdən də onu həm də ozan adlandırsaq, yanılmarıq. 

      Onun həm alimliyinin, həm də şa­irliyinin mayasında ozan-aşıq sənətinə bağlılığı dayanır. Hərdən adamda elə təsəvvür yaranır ki, alim Məhərrəm Qasımlı olmasaydı, şair Orxan Paşa da olmazdı. Yaxud əksinə, şair-ozan Orxan Paşa olmasaydı, alim Məhər­rəm Qasımlı bu qədər şöhrət tapmaz­dı. Şöhrət demişkən, onun şöhrəti dövlətimiz tərəfindən də rəsmiləşdirilib: 2018-ci ilin avqustunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif olunub. Bun­dan 3 il əvvəl isə Əməkdar elm xadimi fəxri adına layiq görülüb, Dövlət müka­fatı laureatıdır. 

      İlk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan folklorşünas alim olaraq qeyri-maddi mədəni irs nü­munələrimizin tədqiqatında müstəsna xidmətləri ilə yanaşı, uzun illərdir Azər­baycan Dövlət televiziyasında aşıq sənəti, bütövlükdə, ozan-aşıq mədə­niyyəti ilə bağlı apardığı verilişlər onun ziyalı obrazını daha da kamilləşdirir. Bu obrazı daha dolğun əks etdirmək üçün özünün həmin zümrə ilə bağlı fikirlə­rinə diqqət yetirək: “Əsl ziyalılıq odur ki, sən dərbəndli olmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaatı elə bilsin sən də Dər­bənddənsən, lənkəranlı səni Lənkə­randan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçə­dən, şirvanlı Şirvandan bilsin. Sevgin­lə, əməlinlə Vətən boyda görünəsən. Vətənin hər yerindən görünəsən”. 

      Bu kəlmələrlə Məhərrəm müəllim özü də fərqinə varmadan özünün zi­yalı obrazını yaradıb. Neçə illərdir ki, hər həftə mavi ekrandan sazın səsi duyulan, saz ruhlu insanlar yaşayan bölgələrdə, ölkələrdə hər evin qona­ğı olur. Saz-söz vurğunları onun hər verilişini səbirsizliklə gözləyir, qiymət­li söhbətlərini heyranlıqla dinləyirlər. Ekran-efir yaradıcılığı, tamaşaçılarla ünsiyyəti onu Azərbaycanın hər evinin sevimlisinə çevirməklə yanaşı, qonşu ölkələrdə də məşhurlaşdırıb.

      Məhərrəm Qasımlıya görə, sazın səsi dağların səsidir, “saf suların ağ səsidir”, bu səs Koroğlunu oyaq saxlar, çünki “ər səsi, qoçaq səsidir”. Deyir, bu səs ulu dərgaha bağlıdır, ona görə də “daim ölümsüzdür – sağların səsidir”. Nur içində nurdan gələn bu səs Haqqın səsidir. Bir alim və şair kimi qənaəti də budur: “Bu gün dünənə ona görə işıq tutmalıdır ki, sabah daha aydın görünə bilsin!” Sadəcə bunu deməklə kifayət­lənmir, dediklərini əməli işə çevirir. Yaradıcı fəaliyyətinin ana xəttini təşkil edən ozan-aşıq mədəniyyətini araşdır­ması mədəniyyətimizin bu qədim sahə­sinə ayna tutmaqla yanaşı, onun işıqlı sabahının yolgöstərənidir. 

      “Poeziya bütün başqa göstəricilə­ri ilə yanaşı, birinci növbədə, istedad və dil hadisəsidir”, – deyən Məhərrəm Qasımlı haqlı olaraq bu qənaətdədir ki: “Bizim bu günkü şeir dilimiz folklor və ozan-aşıq ədəbiyyatından süzülüb gə­lir”. Və bir vətəndaş-alim təəssübkeşli­yi və ürəkağrısı ilə qeyd edir ki: “Tarix içindəki ən böyük yanlışlığımız türk dilinin statusunu türk qılıncının statu­su səviyyəsinə qaldıra bilməməyimiz oldu”.

      Müxtəlif ölkələrədə tədqiqatları nəşr edilən, əsərləri Azərbaycan folk­lorşünaslığının əhəmiyyətli hissəsini təşkil edən, beynəlxalq elmi konfrans­larda məruzə və çıxışları böyük maraq­la dinlənilən, aşıq sənəti sahəsindəki sistemli elmi-təşkilati fəaliyyəti ilə bir sıra uğurlu layihələrə imza atan, çox­saylı kitab, monoqrafiya və məqalələri Azərbaycanın elmi və ədəbi xəzinəsi­ni zənginləşdirən, başdan-başa özü bir kitab olan Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının kitab­la bağlı fikirləri də maraqlıdır: “Bizim günlərin təzadlı mənzərəsi: bir yandan “kitab” adı daşıyan cildli, bər-bəzəkli kağız yığınlarının əlindən tərpənmək olmur, o biri yandan da, demək olar ki, oxumağa abırlı bir kitab tapmaq müş­külə çevrilib”.

      Məqamında və çox sərrast ifadə olunmuş bu fikri ilə isə barışmamaq sadəcə mümkün deyil: “Kitab kimi adamlar azaldıqca, adam kimi kitablar da yoxa çıxır”.

      Tanınmış tənqidçi-ədəbiyyatşünas alim Qurban Bayramov yazır: “Orxan Paşa ictimai mühitimizi düşündürən, ona nigarançılıq gətirən, qayğılandıran problemləri, həmçinin sevinc və qürur dolu halları poetik tərzdə, səmimiyyət­lə, inandıraraq ictimailəşdirməyi baca­rır və bu, onun bədii mətnlərinin poetik yaddaş səviyyəsində yaradıcılıq mə­ziyyətidir…” 

      Ədəbiyyatşünas alimin bu fikirlərini təsdiqləyən onlarla şeirindən nümunə gətirmək olar Orxan Paşanın. Hər bən­di, hər misrası xalq yaradıcılığından, folklorumuzdan güc alan şeirləri könü­loxşayan gözəl poeziya nümunəsi ol­maqla yanaşı, həm də öyüd-nəsihətdir, hikmətdir. 

      Azərbaycan folklorşünaslığında özünəmxsus yeri və rolu olan, ilk dəfə aşıq yaradıcılığının nəzəri əsaslarını yaradan görkəmli alim, Əməkdar elm xadmi, professor, aşıq sənətinin yorul­maz tədqiqatçısı və təbliğatçısı Məhər­rəm Qasımlını – xalq yaradıcılığı və aşıq şeiri formalarının kamil bilicisi, kö­nüloxşayan poeziya nümunələri müəlli­fi şair Orxan Paşanı – dəyərli ozanımı­zı 65 illik yubileyi münasibəti ilə təbrik edir, Azərbaycan elminin və mədəniy­yətinin daha da inkişafı naminə yoru­ulmaz və səmərəli fəaliyyətində daha böyük uğurlar arzulayırıq. 

      Musa NƏBİOĞLU,
      Əməkdar mədəniyyət işçisi

      Mənbə: https://azerab.az/

    • “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı olub

      Sentyabrın 19-da Azərbaycan Aşıqlar Birliyində (AAB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlı audiodiskin təqdimatı keçirilib.

      Bu barədə AZƏRTAC-a Azərbaycan Aşıqlar Birliyindən bildirilib.

      Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı tədbiri giriş sözü ilə açaraq bu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərçivəsində görülən işlər barədə məlumat verib. Qeyd olunub ki, üç ay ərzində həyata keçirilən layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Ümumilikdə audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

      Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu və Əməkdar mədəniyyət işçisi Samirə Əliyeva layihə çərçivəsində görülən işləri yüksək dəyərləndirərək bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsinin vacibliyini vurğulayıblar.

      Sonra söz aşıqlara verilib. İfaları audiodiskdə yer almış aşıqlardan Nəbi Nağıyev, Roman Azaflı, Ruhiyyə Zəngilanlı, İmran Xəlilov, Ədalət Alməmmədov və Kərəm Təbrizoğlunun, eləcə də “Çeşmə” və “Misri” folklor qruplarının ifalarında Vətəni, ordumuzu və qələbəmizi tərənnüm edən aşıq havaları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

      Xatırladaq ki, layihənin rəhbəri AAB-nin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Mənbə: https://azerab.az/

    • AŞIQLAR VƏTƏN MÜHARIBƏSINDƏ QƏLƏBƏMIZI TƏRƏNNÜM EDİR

      Heç kimə sirr deyil ki, hər bir müharibədə sözün, musiqinin, aşıq sənətinin və ifaçıların öz yeri olub. Hətta 1941-45-ci illər – Böyük Vətən müharibəsində sənət adamları, şairlər, yazıçılar, aşıqlar, müğənnilər cəbhədə, səngərdə olub və əsgərləri döyüşə ruhlandırıblar. II Qarabağ savaşında da, daha doğrusu, 44 günlük möhtəşəm döyüşdə də qələbənin əldə edilməsində Ali Baş Komandan Prezident İlham Əliyevlə və Azərbaycan əsgəri ilə yanaşı, aşıqlarımızın da bu uğurun qazanılmasında, onların qəhrəmanlığını tərənnüm etməsi önəmli əhəmiyyət kəsb edir.

      Mən 44 gün cəbhə bölgəsində oldum, o döyüçlərdə iştirak etdim. Hər həftə Azərbaycan televiziyasının Mədəniyyət kanalında Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aşıqlarla bağlı maraqlı verilişi efirə gedirdi. Füzulidə şəhid anaları əsgər anaları bu verilişi çox maraqla izləyirdi. Çünki o proqramda aşıqlarımız əsgərlərimizi döyüşə ruhlandıran mahnılar səsləndirirdi. Bu mənada “Bayrağım”, “Ordumuz”, “Turan marşı”, “Ovşarı”, “Üvertüra”, “Qəhrəman” və digər səsləndirilən aşıq havaları Azərbaycan əsgərində bir coşqu yaradırdı.

      Bu günlərdə Aşıqlar Birliyində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə köməkliyi ilə hazırlanmış “Aşıqlar Vətən müharibəsində qələbəni tərənnüm edir!” adlı audiodiskin təqdimatı keçiriılib. Tədbiri giriş sözü ilə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı açaraq, rəhbər olduğu layihənin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Layihənin koordinatoru, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu layihə çərşivəsində görülən işlər barəsində məlumat verib.

      Üç ay ərzində həyata keçirilən layihədə aşıqların 44 günlük II Qarabağ müharibəsində müzəffər Azərbaycan Ordusunun əldə etdiyi qələbəni tərənnüm edən ifalardan ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı, aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm qələbəmizi tərənnüm edən, Ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət olan musiqilər bir daha həmin maraqlı tədbirdə adını çəkdiyimiz ayrı-ayrı aşıqlar tərəfindən yenidən səsləndirilib. Bu da tədbir iştirakçılarında xoş ovqat yaradıb, saza və sözə olan məhəbbəti bir qədər də artırıb.

      Bu möhtəşəm tədbirdə professor Məhərrəm Qasımlı və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu ilə yanaşı, Əməkdar mədəniyyət işçisi aşıq Samirə Əliyeva, Azərbaycan Respublikasının Qeyri-Hökumət Dövlət Dəstəyi Agentliyinin əməkdaşı Nilufər Əhmədova, Əməkdar jurnalist Faiq Qismətoğlu da çıxış ediblər. Onlar qeyd ediblər ki, belə layihələrin davam etməsi dövlətçiliyimizin və eləcə də aşıq sənətinin təbliğində və tərənnümündə önəmli yer tutur.

      Bu gün aşıq sənətinə, aşıq havasına və onun təbliğinə çox böyük ehtiyac var. Ona görə də adını çəkdiyimiz layihə çox unikaldır və onun davamlı olmağını arzulayırıq!

      FAİQ QİSMƏTOĞLU

      Mənbə: https://azerab.az/

    • Xalq şairi Zəlimxan YAQUB.”Gəlirəm”

      Duyğuların zirvəsinə baş vurub,
      Uca sözün ucasından gəlirəm.
      Gör nələr var üçcə hərfin canında,
      “Söz”ün bircə hecasından gəlirəm.

      Ömür üzən, gün qocaldan, yaş yoran,
      Dincəlməyə aman verə, kaş, yoran.
      Sualların saç ağardan, baş yoran,
      “Neyçün”ündən, “necə”sindən gəlirəm.

      Danışdırdım hər pərdəni, hər simi,
      Dərk eylədim avandımı, tərsimi.
      Məktəb açdı, Tanrı verdi dərsimi,
      Ustadından, xocasından gəlirəm.

      Tilsim ömrün, qıfıl ömrün, sirr ömrün,
      Hünərin var qapısından gir ömrün.
      Yuxusuna haram qatmış bir ömrün,
      Min yuxusuz gecəsindən gəlirəm.

      Süzülmüşəm tarixlərin ruhundan,
      Od almışam yananların ahından.
      İnsanların Adəmindən, Nuhundan,
      Cavanından, qocasından gəlirəm.

      Qorxusu yox nə amanın, nə ahın,
      Günəşi var hər açılan sabahın.
      Qapısında xidmətçiyəm Allahın,
      Qapısından, bacasından gəlirəm.

    • “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının növbəti sayı çap olunub

      Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının yeni nömrəsi (2023 №1) işıq üzü görüb. “Azərbaycan ədəbiyyatşünaslığı” elmi jurnalının baş redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir.

      Bu sayın ilk yazısı akademik İsa Həbibbəylinin “Anarın ədəbiyyat fəzası və gerçəklikləri” adlı məqaləsidir. Jurnalın məsul katibi filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı, məsul redaktoru filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbovadır.

      Jurnal Azərbaycan ədəbiyyatını və onun tarixi inkişaf mərhələlərini araşdıran, bu mövzuda müasir və aktual tədqiqat işlərinin nəşrini həyata keçirən elmi-nəzəri nəşrdir. Jurnalda məqalələr Azərbaycan, rus, ingilis və türk dillərində dərc edilir. “Elm və təhsil” nəşriyyatında çap olunan jurnalın bu nömrəsi “Azərbaycan ədəbiyyatı”, “Folklorşünaslıq”, “Mətbuat tarixi”, “Yubileylər” və “Resenziya” bölmələrindən ibarətdir.

      “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının beynəlxalq redaksiya heyətinə Türkiyə, Özbəkistan, Fransa, Gürcüstan, Tatarıstan, Hindistan, Polşa və Monqolustanın alimləri daxildir.

      Jurnal Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyə etdiyi elmi nəşrlərin siyahısına daxildir.

      Gülnar Səma

      Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

      İctimaiyyətlə əlaqələr şöbəsi

    • Ülviyyə Əbülfəzqızının şeirləri

      Canın sağ olsun, canın sağ olsun!

      Yoxluğunda qələmim iti bir bıçaq,
      Heç əllərimdə onu istəmir.
      O da can atmaz, əllər ondan qaçaq…
      Saniyəölçən matəm havasında sürünür,
      Dəqiqələr “möhtəşəm yası” davam etdirir.
      Aritimiya saatı çoxdan unutdurub…
      Saat sevgidən məhrum olmuş bir qoca,
      Bu qoca çılğınlıqla ölümü arzular,
      Arzu Əzrailin gəlişində bayram…
      Ölüm qurtulmaqmı, de bu bəladan?
      Ruhun sevdiyin ölüm alarmı?
      Suallarım qulağında ildırım misalı.
      Bağışla, çox yordum sükutunu…
      Elə bil divarla danışıram axı,
      Yenə də divara söykənmək olar.
      Sənə söykənən yerdə çabalar…
      Asıram özümü dərd kəndirindən,
      Canın sağ olsun, canın sağ olsun!

      Qara qış yuxusuna, ağ boya taxta çıxdı

      Oxuyuram gözündən,
      Qəlbinin ağrıların.
      Gözlərimdə canlanır,
      Oxuduğum mənzərə..
      Nə çoxdur qara boya,
      Çoxmu sevirsən onu?!
      Boyanıb qara rəngdə,
      Qəlbinin divarları.
      Qara libas geyinib,
      Titrəyən damarları.
      Qəlbinin lap küncündə,
      Paslı sandıq gizlənib.
      Üstündə qara kilid.
      Özünün öz qəlbindən,
      Gizlətdiyin sirmi var?!
      Axı qəlbindir, dostum,
      Gizlətsən də anlayar.
      Bir izn ver, sən Allah,
      Açım mən o sandığı.
      Niyə xəsis olmusan?!
      Paylaşsana mənimlə.
      Dilin başqa söz deyir,

      Qəlbin boynuna almır.
      Söylə, görüm bir zaman,
      Ağ boyanı sevdinmi?!
      Nələri gizləyirsən?
      Gözləri kədər İnsan.
      Qüssə sənə sarılı,
      Onumu izləyirsən?!
      Gəl izn ver gözlərinə,
      Məni alsın qəlbinə.
      Qara boya tələsik
      Ağ boyaya bürünsün.
      Ala-qaranlıqda heç,
      Düşündünmü nə olur?
      Gecəylə səhər gizli
      Vallah, qol-boyun olur.
      Gözün səndən xəbərsiz
      Qapını mənə açdı.
      Budur keçdim qəlbinə,
      Sandıq özü açıldı.
      Kilid yaman qorxaqdı,
      İndi bildim sandıqda
      Sevgi özü dustaqdı.
      Məni görən bu dustaq
      Ətrafa nur saçırdı.
      Qara əşyalarını,
      Yığışdırıb qaçırdı.
      Budur qəlbin divarı,
      Qırmızıya boyandı.
      Qara qış yuxusuna
      Ağ boya “taxta çıxdı.”

      Xəyal adlı dünyada var olmaqdır yaşamaq

      Unutmaq üçün çabalamaq,
      unutduğunu düşünüb unutmamaqdır unutmaq.
      Gözünə həkk olmuş simanı silməyə cəhd,
      gözünə cəza vermək- acı suda acımadan

                       boğmaqdır  xatırlamaq.

      Xoşbəxt obraza dönüb
      həqiqət misrasında matəm çadrasına bürünməkdir,
      yas tutmaq.
      Dilində qəzəblə ” Kimdir o? ” söyləyib
      qəlbində əzizləməkdir,
      dəlicəsinə bağlanmaq.
      Zamanını, ömrünü acizcəsinə
      fəda etməkdir,
      Ağlını azdırıb onun varlığına sarılmaqdır, fədakar olmaq.
      Bəxtinin ayaqlarına düşüb,
      Onu qaytarmaq üçün əsl fəryaddır, məzlumtək yalvarmaq.
      Nədir? Nədir axı quru nəfəs almaq?
      Ruhunu ondan ayrı vücud adlı məngənədə sıxmaqdır yaşamaq.
      Ondan uzaq xəyal dünyasında -” zülm səltənətində” yaşamaqdır var olmaq!

      Buxar dövrüm

      Mənim kədərimin dili tutulub,
      Söyləyə bilməyir yaşananları.
      Səninsə,sevginin dili uzundur
      Durmadan bildirir öz hisslərini.
      Mənim qulaqlarım həvəsdən düşüb
      Bağlayıb qapısın dəmir zəncirlə,
      Sənin qulaqların çox həvəslidir
      Gözləyir səsimi uşaq həvəsiylə.
      Dilimi çəkicə gəl döndərmə sən,
      O kövrək qəlbini mən sındırmayım.
      Qəzəbli çəkici necə saxlayım?
      Axı necə edim, səni qırmayım…
      Səmanın bəzəyi-Günəş görürsən,
      Nur kimi görünən bir zülmətəm mən.
      Ömrünə buz tutmuş Günəşmi lazım?
      Bəzən də gizlənər min kədər, min qəm,
      Saxta partılının saçaqlarında.
      Susubdur ilhamım, yazmaz qələmim,
      Gəl məndən bahara tərif istəmə.
      Görürsən ömrümdə boranlı qışdır,
      Yaz məni qəlbinə qara nöqtətək,
      Axı söyləmişdim, düşmə izimə,
      İndiki gəlmisən, son dəfə dinlə
      Yalanlar dəryası, qəm otağında,
      Keçib əyləşmişəm süfrə başında.
      Bir dayan, süfrəmə yaxınlaşma sən,
      Yox, qəddar deyiləm, istəmirəm mən.
      Acıdan, kədərdən qidalanasan,
      Gecəni əyninə geyən qadını
      Gözlərin əbədi sevə bilərmi?
      De onlar doymazmı bu qaranlığa?
      Buz parıltısına aşiq olanlar
      Dözə bilməzlər ki, soyuqluğuna,
      Buz vərdişkarıdır soyuq şaxtanın
      Alovlu nəfəsdə buxara dönər.
      Əlini atsan da, tuta bilməzsən
      Buxarın qanadı səmanı sevər,
      Sevgi dəryasıydı məskənim mənim.
      Eşqdən yananlara sərinlik idim,
      O soyuq şaxtaya aşiq olarkən
      Billməzdim sevdası buza döndərər.
      Elə tilsimdir ki, pozulmaz sehri
      Deyirlər qorxusu ” üçə” bağlıdır,
      Dəryada günlərim indi xatirə
      Ömrümün ən uzun dövrü buz imiş.
      Günəş nəfəsilə gecikən insan,
      Ömrümün sonudur, çox gec qalmısan.
      Buz dövrüm əriyir, can verir artıq,
      Bilirəm dəryada yerim yox mənim
      Səmalar gözləyir buxar dövrümü!

      Mənbə: https://edebiyyat.az/

    • ALLAH RƏHMƏT ELƏSİN!

      Azərbaycan aşıq sənətinə, bütövlükdə mədəniyyətimizə ağır itki üz verib. Şirvan aşıq mühitinin yetirməsi olan ustad aşıq, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü, Əməkdar mədəniyyət işçisi Abbas Musaxanoğlu 2023-cü  il sentyabrın 13-də vəfat edib.

      Abbas Musaxan oğlu Güləliyev 1954-cü ildə Şamaxı rayonunun Şıxzərli  kəndində sənətkar ailəsində dünyaya gəlib – onun atası Musaxan öz dövrünün ustad aşıqlarından olub.

      1972-ci ildə orta məktəbi bitirən Abbas Musaxanoğlu kiçik yaşlarından aşıq sənətinə maraq göstərib, ilk sənət dərsini öz atasından alıb, sonra Şirvanın məşhur sənətkarı Aşıq Xanmusanın şəyirdi olub.

      Aşıq sənətinin bütün incəliklərinə dərindən bələd olmaqla yanaşı, eyni zamanda muğam sənətinin də bilicisi olan A. Musaxanoğlu özünün gur və şaqraq səsi ilə seçilir, dastanlarımızn mahir bilicilərindən biri kimi tanınırdı. Uzun müddət Şıxzərli kənd mədəniyyət evinin müdiri vəzifəsində çalışan ustad aşıq  2010 və  2014-cü illərdə keçirilən I və II Beynəlxalq Aşıq festivallarında iştirakına görə fəxri diploma layiq görülüb. Respublika miqyasında və Şirvan bölgəsində keçirilən bir çox mədəni-kütləvi tədbirlərdə,  müxtəlif yubiley tədbirlərində uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıb. Rusiyada, Qazaxıstanda, İranda və s. ölkələrdə keçirilən beynəlxalq folklor festivallarında Azərbaycan aşıq sənətini layiqincə təmsil edib.

      O, Azərbaycan Aşıqlar Birliyi idarə heyətinin üzvü kimi də səmərəli fəaliyyət göstərib, aşıq sənətinin təbliğində, gənclərdə bu sənətə marağın artırılmasında böyük xidmətləri ilə fərqlənib.

      Abbas Musaxanoğlu Güləliyev Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2019-cu ildə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

      Dəyərli sənətkar, ustad aşıq Abbas Musaxanoğlunun əziz xatirəsi respublikamızın ozan-aşıq mədəniyyəti ictimaiyyətinin, sənət dostlarının, pərəstişkarlarının və bütün sənətsevərlərin qəlbində daim yaşayacaqdır.

      Allah rəhmət eləsin!

      AZƏRBAYCAN AŞIQLAR BİRLİYİ

      Mənbə: https://azerab.az/

    • Azərbaycanlı şair Coşqun Xəliloğlunun şeirləri “Ozan dünyası” jurnalının yeni sayında dərc olunub

      “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni nömrəsində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Qaradağ Rayon Bürosunun Rəhbəri, Azərbaycanlı şair-yazıçı Coşqun Xəliloğlunun “Telli saz” və “Oxuyanda Aşıq Şakir” adlı şeirləri dərc olunub.

      Xatırladaq ki, “Ozan dünyası” jurnalının baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

    • Araşdırmacı-jurnalist Kənan Aydınoğlunun məqaləsi “Ozan dünyası” jurnalının yeni sayında dərc olunub

      “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni nömrəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, araşdırmacı-jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol” adlı məqaləsi dərc olunub.
      Xatırladaq ki, “Ozan dünyası” jurnalının baş redaktoru Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi

    • “Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb

      “Ozan dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin nəşri olan “Ozan dünyası” jurnalının yeni nömrəsi işıq üzü görüb.

      AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə jurnal Xalq şairi Zəlimxan Yaqubun bu böyük şəxsiyyətə həsr etdiyi “Əbədiyyət dastanı” poemasından bir parça ilə açılır.

      Oxucular bu sayda görkəmli dövlət və ictimai xadim Həsən Həsənovun ustad aşıq Hüseyn Saraçlı ilə bağlı xatirələri, hazırda Türkiyədə fəaliyyət göstərən elm adamı Afina Barmanbayın “Şair Ağacan və “Türkiyə səfəri”nin üç variantı”, araşdırmaçı jurnalist Kənan Aydınoğlunun “Aşıq Şəmşirdən ustad Şəmşirə qədər yol”, aşıq Atlıxan Alxanovun “Xatirələrdə yaşayan laçınlı Aşıq Şakir” adlı məqalələri, şair-publisist Əkbər Qoşalı ilə müsahibə, eləcə də ustad aşıq və sazbəndlərlə bağlı digər yarılarla tanış ola biləcəklər. Jurnalda həmçinin poeziya nümunələrinə də yer ayrılıb.

      Jurnalın baş redaktoru Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Mənbə: https://azertag.az/

    • T.M.Ağababayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      T.M.Ağababayevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                            

      Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Tofiq Məmmədəli oğlu Ağababayev “Şöhrət” ordeni ilə təltif edilsin.

      İlham Əliyev

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri, 12 sentyabr 2023-cü il

      Mənbə: http://president.az

    • F.F.Xəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      F.F.Xəlilovanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                               

      Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Fətula qızı Xəlilova “Şöhrət” ordeni ilə təltif edilsin.

      İlham Əliyev

      Azərbaycan Respublikasının Prezidenti

      Bakı şəhəri, 7 sentyabr 2023-cü il

      Mənbə: http://president.az

    • “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı xülasə oxuculara təqdim edilib

      F.Köçərli adına Respublika Uşaq Kitabxanasının məlumat-biblioqrafiya şöbəsi tərəfindən Azərbaycanın tanınmış yazıçısı Mir Cəlal Paşayevin 115 illik yubileyi münasibətilə “Əbədiyaşar şəxsiyyət Mir Cəlal Paşayev – 115” adlı daycest oxuculara virtual şəkildə təqdim edilib.

      Kitabxanadan AZƏRTAC-a bildirilib ki, daycestdə görkəmli ədib haqqında qısa xülasə, görkəmli şəxsiyyətlərin onun haqqında dəyərli fikirləri, həmçinin, Mir Cəlalın əsərlərində işlətdiyi atalar sözləri və aforizmlər yer alıb.

      Xülasədə 24 adda kitab və 131 adda dövrü mətbuat məqaləsinin tammətnli siyahısı, yazıçının 5 kitabı yer alıb.

      Mənbə: https://azertag.az/

    • UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası Ər-Riyadda işə başlayıb

      Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 45-ci sessiyası işə başlayıb.

      AZƏRTAC xəbər verir ki, UNESCO-nun Səudiyyə Ərəbistanı ilə birgə təşkil etdiyi sessiya sentyabrın 25-dək davam edəcək. Sessiyada ötən dövr ərzində İrs Komitəsinin fəaliyyətinə nəzər salınacaq. Sessiya gedişində artıq Ümumdünya İrs Siyahısına daxil olan ərazilərin konservasiya vəziyyətinin qiymətləndirilməsi müzakirə olunacaq, təklif olunan yeni nominasiyalar qiymətləndiriləcək.

      Sessiya gedişatında görüşlər, seminarlar və sərgilər təşkil olunacaq, Komitənin növbəti iclasının yeri və tarixləri haqqında qərar qəbul ediləcək.

      Xatırladaq ki, UNESCO İrs Komitəsinin 43-cü sessiyasına Bakı ev sahibliyi edib. Dünya Mədəni İrs Siyahısı UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il konvensiyası əsasında yaradılıb. Sözügedən konvensiya Dünya Mədəni İrs Siyahısına qəbul olunmaq üçün təbii və ya mədəni yerlərin növünü müəyyənləşdirir və müstəsna universal dəyərə malik abidə və məkanlar bu ümumbəşəri irs elan edilməyə layiq görülür.

      Şəhla Ağalarova

      AZƏRTAC-ın xüsusi müxbiri

      Paris

      Mənbə: https://azertag.az/

    • Akademik Opera və Balet Teatrı növbəti teatr mövsümünün açılışına hazırlaşır

      Azərbaycan Dövlət Akademik Opera Və Balet Teatrı 115-ci teatr mövsümünün açılışına hazırlaşır.

      Teatrdan AZƏRTAC-a bildiriblər ki, Azərbaycanın Xalq artisti, teatrın direktoru Yusif Eyvazov yeni mövsümünün açılışı ilə əlaqədar kollektivlə iclas keçirib.

      Yusif Eyvazov ilk olaraq balet truppasına teatra yeni təyin olunmuş baş baletmeysteri Ruslan Pronini təqdim edib.

      Ruslan Mixayloviç Pronin Rusiyanın Əməkdar artisti, baletmeyster-repetitor, məşhur xoreoqraf Yuri Qriqoroviçin assistenti kimi onun quruluşlarını bütün dünyada həyata keçirir. Həmin quruluşlardan biri Azərbaycanın Xalq artisti, bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin sentyabrın 18-də və 19-da Heydər Əliyev Sarayında baş tutacaq premyerasıdır.

      Sonra Y.Eyvazov yeni mövsümdə qarşıda duran prioritet məsələlər, maraqlı layihələr, premyeralar haqqında geniş məlumat verib. Bildirilib ki, hazırda xarici teatrlarla müqavilələr bağlanır. Əsas məsələlərdən biri də teatrın qastrol səfərlərinin təşkil edilməsidir. Həmçinin qeyd olunub ki, milli və unudulmuş operalarımızın bərpası teatrın qarşısında dayanan məsələlərdən biridir.

      Mənbə: https://azertag.az/

    • Gənc Tamaşaçılar Teatrı yeni mövsümü “Balaca kişilər” tamaşası ilə açacaq

      Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sentyabr repertuarını açıqlayıb. Teatr builki 96-cı mövsümünü “Balaca kişilər” tamaşası ilə açacaq.

      AZƏRTAC sənət ocağının sentyabr repertuarını təqdim edir.

      Mənbə: https://azertag.az/

    • “ÇAĞDAŞ BÜTÖV AZƏRBAYCAN” adı 6-cı poeziya antologiyası nəşrə hazırlanır

      Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Türk Dünyası İnfo” İB-nin yeni layihəsi çərçivəsində “ÇAĞDAŞ BÜTÖV AZƏRBAYCAN” adı 6-cı poeziya antologiyası nəşrə hazırlanır.

    • SÖZ AXŞAMI” YENİ MÖVSÜMƏ BAŞLAYIR

      Neçə illərdir ki, “Mədəniyyət” kanalında yayımlanan “Saz-söz axşamı” verilişinin yaradıcı heyəti yeni mövsümə hazırlıq işlərini başa çatdırıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlının aparıcılığı ilə hər həftənin şənbə günü efirə gedən verilişn ilk buraxılışı Qərbi Azərbaycan aşıq mühitlərinə, bu bölgənin aşıqlarına həsr olunub. Qərbi Azərbaycan aşıqlarına həsr olunmuş əvvəlki verilişlərdən fərqli olaraq bu dəfə əsasən gənc aşıqlara yer ayrılıb. Tamaşaçılar veriliş boyu İmralı Fikrətoğlu (“Baş sarıtel”, “Qəhrəmanı”), Nərmin Salahova (“Cəlili”, “Orta müxəmməs”), Elməddin Bayramlı (“Baş dübeyti”, “Ağır şərili”), Ayaz Əzizoğlu (“Göyçəgülü”, “Ovşarı”), Urfan Qurbanov (“Ruhani”) və Ləman Mirzəyevanın ifasında (“Hüseyni”, “Gəraylı”) müxtəlif aşıq havalarını dinləyə biləcəklər.

      Verlişin növbəti buraxılışları isə dastanlarımıza həsr olunub. Ustad aşıq Elman Talıstanlı və Elçin İsmayıllı “Seyfəlmülk”, Ələddin Göyçəli və İxtiyar Qocayev isə “Aşıq Musa və Mələknisə xanım” dastanlarını təqdim edəcəklər. Hazırda hər iki dastanın teatral təqdimatı üzərində son hazırlıq işləri görülür.

      Mənbə: https://azerab.az/

    • Aşıqlar Birliyində daha bir layihə yekunlaşıb

      Azərbaycan Aşıqlar Birliyində (AAB) daha bir layihəyə yekun vurulub. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.

      Bu barədə AZƏRTAC-a məlumat verən AAB-nin sədr müavini Altay Məmmədli bildirib ki, layihə çərçivəsində aşıqların 44 günlük müharibədə müzəffər Azərbaycan Ordusunun əldə etdiyi Qələbəni tərənnüm edən ifalarından ibarət audiodisk hazırlanıb. Burada Əməkdar mədəniyyət işçiləri Ağamurad Şirvanlı və Samirə Əliyeva ilə yanaşı aşıqlardan Qələndər Zeynalov, Nazim Quliyev, Nəbi Nağıyev, Altay Məmmədli, Kəmalə Qubadlı, Roman Azaflı və digərlərinin, eləcə də “Çeşmə” və “Misri” qruplarının ifalarında II Qarabağ müharibəsindəki möhtəşəm Qələbəmizi tərənnüm edən, ordumuzu yeni uğurlara səsləyən aşıq mahnıları təqdim olunur. Ümumilikdə, audiodiskdə müxtəlif aşıq havalarından ibarət 20 ifa yer alıb.

      Layihənin rəhbəri Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, koordinatoru isə birliyin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

      Yaxın günlərdə audiodiskin geniş ictimaiyyətə təqdimatı olacaq.

      Mənbə: https://azerab.az/

    • Bu gün görkəmli yazıçı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür

      Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.

      AZƏRTAC xəbər verir ki, anadan olmasının 136-cı ildönümü tamam olan Yusif Vəzir Çəmənzəminlinin yaradıcılığı bu gün də öz aktuallığını qoruyub saxlayır.

      Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabrın 12-də Şuşa şəhərində anadan olub. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəslə keçib.

      İlk təhsilini Şuşada “Kar Xəlifə” ləqəbi ilə tanınan Molla Mehdinin məktəbində alıb. 1896-cı ildə Şuşa realnı məktəbinə daxil olub. Bu məktəbdə təhsilini rus dilində aldığı üçün 1904-cü ildə həyatından şikayət tərzində yazılmış “Jaloba” adlı ilk şeirini yazıb. Həmin illərdə əmisi oğlu və dostu Mirhəsən Vəzirovla birlikdə rus dilində “Fokusnik” adlı aylıq yumoristik jurnal çıxarıb.

      Şuşada baş verən erməni-müsəlman toqquşmaları nəticəsində məktəbi tərk etməyə məcbur olan Yusif Vəzir təhsilini davam etdirmək üçün Bakıya gedib. 1910-cu ildə Bakı realnı məktəbini bitirən gənc yazıçı Kiyev şəhərindəki Müqəddəs Vladimir adına İmperator Universitetinin hüquq fakültəsinə daxil olub. Bu dövrlərdə Yusif Vəzir uşaqlar üçün yazdığı və əsasını xalq nağıllarından götürdüyü məşhur “Məlik Məmməd” nağılını qələmə alıb.

      Əsərlərini “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm” və başqa təxəllüslərlə yazan Yusif Vəzirin ən tanınmış təxəllüsü “Çəmənzəminlidir”. O, bu təxəllüsdən 1911-ci ildən istifadə etməyə başlayıb və bu adla tanınıb.

      Çəmənzəminli Kiyev şəhərində 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını çap etdirib. Bundan başqa, Ukraynada “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları da işıq üzü görüb.

      O, Ukraynada təhsil alan azərbaycanlı tələbələri ilə birgə “Müsavat”ın Kiyev şöbəsini qurub. Azərbaycan Demokratik Cümhuriyyəti tərəfindən Yusif Vəzir Ukraynada diplomatik nümayəndə təyin edilib.

      Yusif Vəzir həmin dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını çap etdirib. Daha sonra Nəsib bəy Yusifbəylinin təklifi ilə 1919-cu ildə səfir kimi İstanbul şəhərinə göndərilib. O, İstanbulda diplomatik fəaliyyətlə yanaşı, öz ədəbi yaradıcılığını da davam etdirir. “Azərbaycan ədəbiyyatına bir nəzər”, “Tarixi–coğrafi və iqtisadi Azərbaycan” adlı kitablarını yazıb.

      Yusif Vəzir “Bakı işçisi” nəşriyyatında şöbə redaktoru, daha sonra Dövlət Plan Komitəsinin ictimai-mədəni bölməsində ixtisası üzrə vəkil işləyib, Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində, müxtəlif institutlarda rus dilindən dərs deyib.

      1937-ci ildə o, Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən çıxarılıb.

      1938-ci ildə Yusif Vəzir Özbəkistan SSR-nin Urgənc şəhərindəki Pedaqoji İnstitutda baş müəllim və eyni zamanda, institut kitabxanasına müdir təyin olunub. 1940-cı il yanvarın 25-də həbs edilərək Bakıya gətirilib. Altı aya yaxın Keşlə qəsəbəsindəki həbsxanada saxlanıldıqdan sonra 1940-cı ilin iyulun 3-də Nijni Novqorod vilayətindəki həbs düşərgəsinə göndərilib. Yusif Vəzir Çəmənzəminli 1943-cü il yanvarın 3-də dustaq olduğu həbs düşərgəsində vəfat edib və Betluqa çayının sahilindəki qəbiristanlıqda dəfn olunub.

      O, “İki od arasında”, “Qızlar bulağı”, “Soyuq öpüş”, “Bir cavanın dəftəri”, “Gündəliklər”, “Qanlı göz yaşları”, “Xanın qəzəbi”, “Zeynal bəy”, “Son bahar”, “Üç gecə” əsərləri xüsusilə məşhurdur.

      1956-cı ildə bir çox digər repressiya qurbanları kimi Yusif Vəzirə də bəraət verilib.

      Mənbə: https://azertag.az/

    • Gülay Tahirli – Yenə ən kədərli günlərdən biri idi bu gün

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Daradım saçımı bircə-bircə, incə-incə,

      Topladım arxadan,

      Xoşum gəlmədi, açıb bir də topladım.

      Geyindim ən gözəl paltarımı, oturdum evdə.

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Dəmlədim qəhvəmi, bol köpüklü, şəkərsiz,

      Hərkəsləşmək keçdi könlümdən,

      Çevirdim fincanı, falıma baxım,

      Unutdum, qaldı eləcə.

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Playlistimdə olmayan mahnılardan tapdım,

      Rəqs etdim doyunca.

      Yana-yana qaldı kədərim,

      Hiss etdirmədim, mən də yandım.

      Yandım, amma dayandım!

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Savaşdım gözlərimlə, onlar qaçdı,

      Mən tutub çəkdim yollardan,

      Savaşdım sözlərimlə,

      Boğa-boğa öldürdüm.

      Savaşdım əllərimlə, yazılmadı o mesaj,

      Çalınmadı o zəng.

      Yenə ən kədərli günlərdən biri idi bu gün.

      Gətirdim kitabımı,

      Tutdum keçmişin qabağına, oxudum.

      Səsli oxudum

      Eşidilmək üçün özünü didən

      Bütün səslərin acığına.

      Yenə ən kədərli günlərdən biri idi bu gün,

      Qucaqladım yastığımı,

      Üzdü içindəki qaz lələkləri,

      İnandılar nə vaxtsa

      Təzədən quş olacaqlarına.

      Onlar inandı, mən də inandım.

      Yenə ən kədərli günlərdən biri idi bu gün.

      11.09.2023

      Mənbə: https://edebiyyat.az/

    • “Nə yaxşı sən gəlibsən…” – İbrahim İlyaslı

      “Ədəbiyyat və incəsənət” portalının bol izləyicili Poetik qiraət rubrikasında bu gün sevilən şair İbrahim İlyaslı “Nə yaxşı sən gəlibsən…” deyəcək. 

      Nə yaxşı sən gəlibsən,

      Bakı ağ günə çıxıb.

      Kaldırımlar süslənib,

      Bağça-bağ günə çıxıb.

      Yürüdüyün caddələr,

      Bəxtəvərlik yaşayır.

      Vitrinlərdə modellər

      “Göz”lərini qaşıyır.

      Ayaq səsinə qoşur

      “Kirxa”nın orkestri.

      Havadaca dövşürür

      Göyərçinlər səsləri.

      Baxırlar heyran-heyran

      Yasamaldan təpələr.

      Səni görüb Xəzərdə

      Cilvələnir ləpələr.

      Xəyalımda canlanır

      O illərin retrosu…

      Eh… yenə də ayrılıq,

      Yenə “Sahil” metrosu!

      “Ədəbiyyat və incəsənət”

      (08.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/

    • Ölümün intiharı

      Jalə İslam, “Ədəbiyyat və incəsənət”

       

      Səhər saat: 08.00

      Beyin: Soruşmamaq üçün özümü güclə saxlayıram, amma yenə də alınmır. Onu bilirəm ki, səni yeyib bitirən hər nədirsə, məni yoracaq. Danış görüm nə olub?

      Ürək: Özünün xatirinə halımı soruşursansa, heç soruşmamağın daha yaxşıdır. Səni yormağımla bağlı olan məqama gəlsək, mənim yaralarımın birinin üstünə beşini qoyub yenidən əzabıma əzab qatan sənsən.

      Beyin: Bəsdi də, səni artıq anlaya bilmirəm. Niyə həmişə özünü haqlı çıxarmaq üçün əlindən gələni edirsən?

      Ürək: Mənə deyənə bax, sən sanki heç etmirsən? Həm sən məni qara düşüncələrinlə doldurmasan, özüm öz yaralarımı sağalda bilərəm.

      Beyin: Ay yazıq, sənin başqasının fikirlərinə ehtiyacın varsa və öz qərarlarını özün qəbul edə bilmirsənsə, bu olanlarda mənim günahım nədir?!

      Ürək: Ay Allah, sən mənim düşdüyüm vəziyyəti görürsən?!

      Beyin: Allah sənə nə edə bilər ki? Sən onun sənə bəxş etdiyi heç nəyi lazımlı yerdə və düzgün istifadə edə bilmirsən. Ən sonda da adını qoyursan ki, sənsən günahkar. Saf tapmısan də!

      Ürək: Nə? Sənsən saf olan?! Sən mənim ilə hər gün min dildə danışırsan. Keçən dəfə sənə kiçik bir mövzu dedim, böyüdüb dağ boyda elədin. O qədər əzab çəkmişəm ki, yazıq sahibimə gecə yatmağa belə icazə verməmişəm.

      Beyin: Mənəm min dildə danışan?! Əgər eləyəmsə, onda məni niyə dinləyirsən? Ayrıca mən heç vaxt sənin dərdlərin üçün pis fikirlər irəli sürməmişəm. Hər problemdə ağıla gəlməli olan başlıca məsələləri səninlə bölüşmüşəm. Sən isə oturub hamısını düşünüb dəli olmusan.

      Ürək: Başlıca məsələləri söyləyirmiş, yox bir. Bir dəfə də son ağlına gələni söylə, qorxma ölməzsən. Arada bir qayğıma qal, çünki mənə bir şey olsa, sənin də sonunu gətirəcəyəm.

      Beyin: Deyirlər ki, dərd sahibləri uzun yaşayır. Düşünüb özünü yormağa çalışma, elə əlavə bir səbəbi yoxdur. Dərd düçar olduğu qulunu bütün varlığı ilə sevib, onun od-ocağına hakim kəsilən və onu əbədi tək qoymayan yeganə məfhumdur.

      Ürək: Bunu  kim deyir?

      Beyin: Mən!

      Ürək: Səfeh, boşboğaz!

      Beyin: Özünsən!

      Ürək: Əsla…

      Beyin: Bundan sonra sənin işinə qarışan namərddir. Özün öz halına çarə tap. Belə də ki, mənim kimsəyə ehtiyacım yoxdur.

      Ürək: Mənim də sənə ehtiyacım yoxdur. Xoş getdin!

      Beyin: Sən də xoş getdin!

      Axşam saat: 23.59

      Beyin: Mənə bax, hələ də mənə əsəbisən?

      Ürək: Deyəsən, milçək səsi eşidirəm. Yox, məncə, milçəyə haqsızlıq edirəm, çünki bu səs tonu onu ifadə edir ki, onun şüuru həmin həşəratın belə şüurundan kölgədə qalır. Səni daşıyanın məhz bu səfehliyinin səbəbindən halım hal deyil.

      Beyin: Ey! Mənim fikrimcə bu qədər uzatmağın heç bir mənası yoxdur. Axı belə nə qədər davam edə bilər ki?

      Ürək: Aydın oldu, sən mənə rahat yatmağa imkan verməyəcəksən. Nə istəyirsən, onu de!

      Beyin: Mən səndən yaxşılığından başqa nə istəyə bilərəm ki? Öz içimdə hiss etdim ki, sənin mənim köməyimə ehtiyacın var. Sən yaxşı bilirsən ki, mən laqeyd bir dost deyiləm. Taleyimiz o qədər qəribədir ki, girdiyimiz qapıdan birlikdə çıxacağıq.

      Ürək: Hər nə qədər mənasındakı dərinlik itsə də, dost dəyərli bir kəlimədir. Az əvvəl ölüm məsələsinə toxundun. İnsanları bir uçurum, yaxud bir qəza düşmənləri ilə birgə də həmin qapıdan çıxara bilər. Bizə də belə olacaq, ona görə ki, düşüncə və hisslərini bir -birinə düşmən edən insan öz-özünə düşməndir.

      Beyin: Əlbəttə, bəzən elə bir an  olur ki, dözə bilmədiyin, səni yandıran bütün hisslərini bir nəfərdə söndürmək istəyirsən və elə o an ağlına yeganə insan gəlir. Ona inanırsan, güvənirsən düşünürsən ki, dilindəki bir damla su ilə səni fərahladar, lakin bəzən hər şey istədiyin kimi olmur. Sənin ruhunu heç düşünmədən külə çevirən, ən sevdiklərin olur.

      Ürək: Əvəzsiz olan, sənə özünü xoşbəxt hiss etdirən hər şey bir gün getməyə məcburdur. Peşman olmaq üçün, bəlkələrlə yaşamaq üçün, lap elə özünü sənə tanıtmaq üçün bunlar sadəcə bir imtahandır.

      Beyin: Bəlkə də, bu söylədiklərin bizə nəyi isə öyrətməyə çalışır. Artıq bizim üçün son parlayan günəşdir, keçən həftə bizim üçün son dəfə yağmur yağdı, ən son keçən il göyqurşağını gördük və bu sözləri sənə son dəfə deyirəm… Məni son dəfə diqqətlə dinləməyini xahiş edirəm: İkimiz də həmişə eyni səmtə baxdıq. “Fəqət hansımızın gözündə canlanan mənzərə daha parlaq oldu?” -bax bu, böyük müəmmadır. Baxdığımız o səmtdə nə baş verdi? Özünə bir dəfə də olsun heç bu sualı vermisən? Düşünürəm ki, cavab məndə çoxdan hazırdır. Biz eyni səmtə baxıb fərqli mənzərələri görərkən eyni sualları içimizdə boğacaq qədər ağır ruhlu olduq. Ola bilər ki, sən mən deyildin və mən də heç vaxt sən olmağı bacara bilmədim, amma içimizdə olan bütün suallar bizi hər zaman eyni mövqedə qarşı-qarşıya gətirdi. Və bu, sadəcə bizə şamil olmayacaq. Əgər sən belə zənn etmisənsə, çox yanılırsan.

      Ürək: Bəs bütün bu olanlarda özümü günahkar hesab etməliyəm? Axı bir nəfər günahkar olmalıdır. Mənə ən son nə vaxt birlikdə qərar verdiyimizi söyləyə bilərsən?

      Beyin: Bütün bu suallara cavab axtarmaq üçün səncə də artıq gec deyilmi? Ömrünün bu çağında, zahirin qırışmışkən, ruhunu dərin bir qorxu əsir almışkən və ən önəmlisi, sənə gedən bütün yolların bağlanmasına çox az bir vaxt qalmışkən gecikmiş cavablarını dinləməyi özümə rəva bilmirəm.

      Ürək: Özüm də uduzduğumun, artıq mənim üçün hər şeyin gec olduğunun, yolun tamamilə sonunda olduğumun fərqindəyəm. Onu çox incitdilər, elə bu səbəbdən də o da məni yaralamağı seçdi. Az sonra ona içimdə olan bütün suallarla, məni vahiməyə salan qorxularımla, susduğum bütün haqsızlıqların yara izləri ilə vida edəcəyəm. Yanlış seçimləri məhz indi onu bir ip kimi özündən asır. Bu ölüm bir intihardan daha ağır olacaq, bunu hiss edirəm. Elə məhz bu an sənin düşüncələrində gəzinən ilk sual nədir?

      Beyin: Bu sualı eşitmək istədiyinə əminsən?

      Ürək: Düşünürəm ki, artıq əmin olub, ya da olmamağımın heç bir əhəmiyyəti yoxdur. Buna hazıram.

      Beyin: Deyir ki, həyatda yaşadığımız bütün pis və ya yaxşı hadisələr Tanrının seçimləri olduğu təqdirdə, bir qulun alın yazısına yazılan intiharı yaşaması axı necə günah ola bilər? Hər şeyi yerlə yeksan etməyə qadir olan UCA YARADAN’IN məhz bir qulunun ayaqları altındakı kiçik bir kətili saxlamağamı, yoxsa onun boğazını öz əlinə alan mənfur ipi qoparmağamı gücü yetmir? Əgər bu bir həyat oyunu deyilsə, niyə yaşamağa məcburuq? Çox maraqlıdır,  bütün bunlara verəcək hansısa bir cavabın varmı?

      Ürək: Mən cavab vermək üçün deyil, içimdə yaşadıb böyütmək və daha da çox özümü məhv etmək üçün yaranmışam… Deyəsən, artıq yavaş-yavaş təslim oluram. Əgər sənin gücün çatırsa, özünə mənim onu heç vaxt bağışlamayacağım düşüncələrini ək.

      Beyin: Belə başa düşürəm ki, bu dəfə də sən intihar etmək fikrindəsən. Bəlkə, səninlə paylaşdığım bütün sirlər üçün məni də yox etməyi düşünürsən? Elədi, ay qısqanc?

      Ürək: Sən necə qaçmaq lazımdır çox yaxşı bilirsən. Mənim üçün isə narahat olmağın əsassızdır, kədər ortağım.

      Beyin: Bəsdi görək, ay səfeh.

      Ürək: …………..

      Beyin: Nə tez getdin? Bir də… bir də ki…. onun üçün məndəki son düşüncəsi sənin adına həkk olunan böyük bir peşmanlıqdır. O, sənə yaşatdığı hər şey üçün çox……..

      Ürək: …………!

      ***

      Yeni günə salam olsun, bitən gün isə özü ilə bərabər bir çox əzabı, sevinci, kədərin yanıqlı toxumlarını külə çevirdi. Artıq əqrəblər daha həzin hərəkət edir, saniyələr əzabın hökmü altında sürünür, dəqiqələr axına qarşı üzən gəmi tək gücünün təkəbbürü əlində oyuncağa çevrilir, saatlar isə öz hökmünü çoxdan verirdi. Kimlərsə yeni günün doğan günəşi ilə birlikdə dünyaya gözlərini açarkən, bəzilərini də dünənin batan günəşi özü ilə birlikdə çoxdan tarix etmişdi. Günəşin batışını dərin bir sükutla ötürən asiman günü böyük səs-küylə qarşılayırdı. Hər kəs bir-birinin rüzgarı ilə fərqli diyarlara səpələnirdi və daha sonra alışdıqları məskəni unudub yenidən qədəm qoyduqları həyata alışmaq məcburiyyətində qalırdılar. Dünəndən qalan cavabsız suallar heç kimin maraq dairəsinə daxil belə deyildi. Səmanı ağuşuna alan qara buludlar gündüzü gecəyə çevirəcək qədər güclü idilər. Yolun mərkəzindən uzun bir karvan keçirdi. Onlar çiyinlərində çoxdandır axtardıqları vicdanlarını son mənzilinə çatdırmağa çalışırdılar. Bəziləri qara geyimdə, bəzilərinin gözündə qara eynək, bəzilərinin əlində yalandan bir əsa və yalnız bir neçəsinin gözlərində kədəri bariz görə bilirdim. Bu kasıb insan karvanı hər birinin vicdanından bir parça daşıyan tabutu göməcək boş torpağı tapa bilmirdi. Əlləri havaya açılmış, gözləri ilə bizi bir ölçüb min biçən şəxs isə üzünə çisələyən yağmur dənəciklərini silmək üçün əllərini üzündə büsbütün rəqs etdirirdi. Əlləri üzünü örtsə belə, ruhundakı etinasızlığı örtməyə onlar da çarəsiz idi. Və… ən sonda hər kəs nizama düzülmüş əsgərlər kimi eyni anda əks istiqamətə yönəlirdilər. Çıxışın qapısı onları qarşılamaq üçün hər iki qolunu büsbütün açaraq iki ayaqlı heyvan sürüsünü gözləyirdi.

       Səssiz və yaramaz baxışlardan uzaq bir həyat səni ağuşuna çoxdan almışdı. Artıq səni onlara xatırladan bir tək yeni qazılmış isti torpağına sancılan taxta parçası idi. Üzərində günəşin doğuşu və batışının dumanlı tarixləri həkk olunmuşdu və ən sevmədiyim səkkiz rəqəmini də elə bu taxta yatağa uzatmışdılar. Baxışlarım elə hey birotaqlı, rütubətli evimin açıq pəncərəsi ilə arasına uzun bir yol inşa edirdi. Bir zamanlar daşdan möhrü qoyulan bu səssiz insan sürüsünə o həmin pəncərədən baxırdım. İndi isə ağır payız küləyinin təsiri ilə rəqs edən pəncərəmin qiyafəsi onun tam arxasına iz salan stulun çiyinlərinə gücsüz əlləri ilə toxunaraq, -“Səssiz ol”- deyirdi.

      Elə bir kimliyə bürün ki, sənin səssizliyin bitən əzablarının imzası olsun!

      “Ədəbiyyat və incəsənət”

      (11.09.2023)

      Mənbə: https://edebiyyatveincesenet.az/