
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
* * *
O, elə gözəldi, fərqli baxardı,
Baxışında məna ürək yaxardı,
Gözündə könlünün odu yanardı,
Közlərindən xatirəydi, xatirə..
Gözləri günəşdi, gülüşü qürub,
Sanki, çöhrəsində günəş bərq vurur,
Gözünün buludu ərşə dərd olur,
O qız elə xariqəydi, xariqə..
Barmaqları uzun, əlləri incə,
Hər adam olmazdı onun qəlbincə,
Şimşəklər çaxardı deyib-gülüncə,
O qız elə şahanəydi, şahanə..
Özündən özünə şeir yazardı,
Hər kəs şeirini eşqə yozardı,
Özü qədərindən elə bezardı..
Qəlbi elə viranəydi, viranə..
O qız elə qəribəydi, qəribə..
* * *
Hər şey keçər deyirdin,
Heç nə keçib getmədi..
Dünənin yaraları,
Bax bu gün də göynədir..
Elə düşün ha düşün,
Ömür nədir, gün nədir!?
Yer tapmadım özümə..
Hələ də üzüm gülür,
Kirpiyin arasından,
Qəm süzülə-süzülə..
Bilmədim tale atı,
Hara çapdı ömrümü..
Daşqın oldu, sel oldu,
Daşa çırpdı ömrümü..
Bükəndə göy əskiyə,
Rəngsiz ömür-günümü,
Dinməyə söz tapmadım..
Könlümün ətəyindən,
Qan süzülə-süzülə,
Ömür həsrətlə verir,
Can, üzülə-üzülə..
Bu həsrətin, vidanın,
Vüsalı ölümdürsə,
Yaradan sınağıyla,
Ürəyini gömdüsə,
Bədən gəzir, yeriyir,
Amma ruhun öldüsə,
Sürüyürsən ömürü,
Ruh əzilə-əzilə..
Ömrünün ayağından,
Qan süzülə-süzülə..
Ömrünün ayağından qan süzülə-süzülə..