
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini.
* * *
Yuxum qaçdı başladım,
Sevməyə qaranlığı..
Gözüm küsdü günəşə,
İtirdim aramlığı..
Otağımda rəqs edir,
Qaranlıqla kölgələr..
Düşüncəmdə dumanlar,
Ürəyimdə
“bəlkələr”..
Bu rəqsin ahənginə,
Qat mənimlə ruhunu..
Səndən suya danışdım,
Çin çıxardı yuxumu..
Anlamaz, duymaz bizi,
İndi fani könüllər..
Çəkinmə, bərkdən danış,
Haqq eşitmir ölülər..
* * *
Ürəyini bilmirəm,
Ətəklərin zil çalır..
Barmağının yerişi,
Yanağımda iz salır..
Sən gəzirsən süzülür,
Meh əsəndə tellərin..
Bir dua, bir əlimə,
Çox yaraşır əllərin..
Bu zülmətə süzülən,
Zərrədə gur işıqsan..
Sənə dünya yaraşmır,
Dünyaya yaraşıqsan..
Ürəyinin nurundan,
Don geymisən əyninə..
Başına nə ki gəldi,
Heç gəlmədi eyninə..