Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QUBA Bürosunun Rəhbəri.

Xalq şairi Məmməd Araza

Ağlayana göz yaşıdır,
Ağladana közdür dünya.
Kimisinin öz yaşıdı,
Kimisinə sözdür dünya.
Dünya mənim dünyam deyil.

Hara baxsan hərb ocağı,
Hara baxsan qəm-ələmdir.
Canlı məzardır qucağı,
Bağrının başı sitəmdir.
Dünya mənim dünyam deyil.
Pozulub mizan-tərəzi,
Çəkilməmiş gözü qaçır.
Ocağı tərk edən kəsin
Arxasınca közü qaçır.
Dünya mənim dünyam deyil.

Bir loxma çörək dalınca
Başı lovlu qaçanı var.
Hədəf olub ehtiyaca,
Dərd üstə dərd qucanı var.
Dünya mənim dünyam deyil.
Kimisinə dar ağacı,
Kiminin uman yeridir.
Dərd əhlinə yar ağacı,
Sevənin güman yeridir.
Dünya mənim dünyam deyil.

Dünya qədərin qalası,
Qədərliyə qara gündür.
Dünya dərdimə qalası,
Açılmayan bir düyündür.
Dünya mənim dünyam deyil.
…Gülünclərin gülüncünə
Qalib gəlmək təpəri yox.
Bu dünyanın nə vecinə-
Toxun acdan xəbəri yox!
Dünya mənim dünyam deyil.
Dünya mənim dünyam deyil!

Azərbaycan.Quba