Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”

    Vətən qorudun sənindir,
    Qorumadın özgənindir,
    Qorumadın, yağınındır,
    Qorumadın axırındır…

    Vətən qorudun sənindir,
    O, bayraq tutan əlindir,
    Basılmaz qalan, dağındır,
    Qorumadın göz dağındır…

    Vətən qorudun sənindir,
    Yoxsa gədə-güdənindir,
    Yoxsa başsız sürünündür,
    Bir ovuc sağ ölünündür…

    Vətən qorudun sənindir,
    Allahın, peyğəmbərindir,
    Anan, qardaşın, balandır,
    O, indi talan-talandır…

    Vətən qorudun sənindir,
    O tay-bu taylı ünündür,
    İki ağlayan gözündür,
    Dərbəndindir, Təbrizindir…

    Vətən qorudun sənindir,
    Qorumadın kəfənindir,
    Qorumadın qübarındır,
    Murdarlanmış məzarındır…

  • Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “

    Demə bu məhəbbət, demə bu sevgi,
    Ötəri hiss imiş, ötəri həvəs.
    Yox imiş təməli, yox imiş kökü,
    Dəyəri bir qara qəpiyə dəyməz.

    Özün bu sevdaya sövq etdin məni,
    Sonra öz əlinlə özün dağıtdın,
    Özün hicrana öyrətdin məni,
    Özün bu kitabı açdın, bağladın.

    Özün də axırda dandın sözünü,
    O andlar, amanlar de, harda qaldı?
    Sən gəldin, yollardan çəkdim gözümü,
    Sən getdin, gözlərim yollarda qaldı…  

    Yenə də tuş oldum qəmə əzizim,
    Soldu bağçalarım, soldu bağlarım.
    Tənhalıq ölümmüş demə, əzizim,
    Mən necə yaşayım ölü günləri?!

  • Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”

    Nə erkən sənə dən düşdü,
    Niyə düşdü, nədən düşdü?
    Beynimmi qüvvədən düşdü?
    Ağarma, saçım, ağarma!

    Arzu sonsuz, ömür yarı…
    Artdı alnın qırışları,
    Səndə insaf olsun barı
    Ağarma, saçım, ağarma!

    Məni qəmgin görsə əgər
    Düşmən gülər, dost qəm yeyər,
    Qızlar baxıb “dayı” deyər,
    Ağarma, saçım, ağarma!

    Daşdır qəlbin, daşdır canın,
    Yoxdur, duyğun, yoxdur qanın.
    Hələ gəncəm, sən vicdanın
    Ağarma, saçım, ağarma!

    Ömür keçir, yaman keçir,
    Qəlbimdən qara qan keçir.
    Daha gözəllər yan keçir,
    Ağarma, saçım, ağarma!

    Hələ səsim ucalmayıb,
    El gücündən güc almayıb.
    Hələ ürək qocalmayıb
    Ağarma, saçım, ağarma!

    İlham adlı şahpərim var,
    Yol üstəyəm, səfərim var…
    Yazılmamış əsərim var…
    Ağarma, saçım, ağarma…

     1957.

  • Xalq şairi Məmməd ARAZ.”Sən getdin”

    Sən mənim yazıma birinci yağış,
    Sən mənim qışıma sonuncu qardın.
    O mənim qəlbimdə ünvan tapmamış,
    Pərişan bir eşqi hara apardın…

    Sən getdin, təbiət bir səs itirdi,
    Bir sevgi dastanı qaldı yarımçıq.
    Bir ulduz əbədi buluda girdi,
    Bir çiçək göyərib soldu yarımçıq.

    Sən getdin, son həsrət eşqi gözündən
    Qəlbimə axmadı sözlə, qılıqla.
    Bəlkə oğurlayıb səni özümdən
    Sənə qaytarırdım bu ayrılıqla…

    Son dəfə dinlədim ayaq səsini,
    Qəlbimdə bir tufan qopdu dərindən…
    Sən getdin, elə bil yer kürəsini
    Ayırdın bir anlıq öz mehvəridən.

    Dəydi bir-birinə səma, dəniz, dağ,
    O görüş nə idi, bu ayrılıq nə?
    Nə bilim, hər halda bir qəlbi qırmaq,
    Bir tale yıxmaqdan asandır mənə.

    Bir də ki, dənizə bənzər bu aləm,
    Həyatım, taleyim onsuz deyildir.
    Mən yalnız gəmiyəm, üzmək bilirəm,
    Hara üzməyimi – cəmiyyət bilir…
    1964

  • Kənan AYDINOĞLU.”Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib”

    1902788_614529541965133_896121757_n
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Dastanlar bu torpağa düzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.
    Göz yaşına çevrilib süzüləndə bildim ki,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    “Subhənallah” deyincə nurlu gözləri dolan,
    Ruminin məclisində yenə ilk bahar olan,
    Dərin bir fəlsəfənin qaranlığına dalan,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Hər misrası gövhərdən, torpaqdan daha dolğun,
    Yanaqları lalədən, incidən daha solğun.
    Türkün övladı yenə baxanda oğrun-oğrun,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    İllərin arxasında candakı ruhu gördüm,
    “Qurani-Kərim”də mən Adəmlə Nuhu gördüm.
    Harayı ərşə çatan fəğanla ahu gördüm,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Əhmədin məktubları sızıldadı tar kimi,
    Bağlandı Haqq dininə Haqqı sevən yar kimi.
    Allahı sevən qəlbə ələndi bir qar kimi,
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

    Dağılanda gözümdən həsrət, ayrılıq, kədər,
    Sevdim Anam torpağı axan göz yaşı qədər.
    Bir elə, bir obaya yayılsın bu xoş xəbər:
    Dünyanın gözəl şeri Yunus Əmrədən gəlib.

  • Kənan AYDINOĞLU.”Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!”

    1902788_614529541965133_896121757_n
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
    Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    XIII yüzil Ön Asiyada  ilk türkdilli təsəvvüf şairi Yunus Əmrəyə ulu sayğılarla!

    Qaramandan, Ərzurumdan, ey Oğuz dillərinin
    Böyük şairi YUNUS, sənə salamlar olsun!
    ƏSKİŞƏHƏRdə belə məzarın olsa yenə,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    MƏHƏMMƏDin həsrətin çəkəndə gözü dolan,
    MÖVLANA məclisində HAQQı deyən söz olan.
    Çəkib həsrətin yenə çiçəklər kimi solan,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın dininə yenə HAQQ kimi baxıb gələn,
    SARIKÖYdən yoğrulub su kimi axıb gələn.
    “ALLAHU ƏKBƏR” sözün bayrağa taxıb gələn,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQın DİNi nur kimi dünyaya ələnəcək,
    HAQQ AYƏSİn dinləyib körpələr bələnəcək.
    Dünyanın şər, böhtanı gün gələr mələnəcək,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    HAQQ dastanla yağının qəlbini dələn zaman,
    KONYAda mədrəsəni bitirib gələn zaman.
    Bir nur olub sufinin qəlbinə ələn, zaman,
    Ey mənim YUNUS ƏMRƏm, sənə salamlar olsun!

    Qoşma, gəraylılarda yağının gözün oyan,
    Gözləri HAQQ DİNİNDƏN tarix boyunca doyan,
    “RİSALƏTÜN-NUSHİYYƏ”, “DİVAN”ı miras qoyan,
    Ey mənim YUNUS ƏMRƏM, sənə salamlar olsun!

  • Şəfa VƏLİYEVA.”Nənəm üçün…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Nənəm üçün…

    Sınıb fələyin qələmi,
    Nənəmin qarğışı tutub…
    Xançobanım gələmmədi,
    Deyir, yolda yağış tutub…

    Elə islanıb yaddaşı,
    Qarışıb xatirə-rənglər…
    Axtarır bir ocaq başı-
    Xatirəmi daşa sərə…

    Düşmədi, nənəm, düşmədi,
    Yaz yağışı qış bəxtimə…
    Adım dilindən düşmədi,
    Elə bir alqış bəxtimə…

  • Şəfa VƏLİYEVA.”Bütün ayrılıqlar doğma…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***
    bütün ayrılıqlar doğma…
    bütün xoşbəxtliklər yad…
    səninlə yaşanan hər nə varsa
    adını qoymağa çalışma…
    heç məndən də soruşma…
    adı üstündə yazılı: HƏYAT…

    bağırma, çağırma…
    sükutunu qucaqla…
    dərdini bas bağrına…
    bir də görərsən ki,
    qapın döyülür…
    pəncərəndən pıçıltılar tökülür-
    gecikmiş “Bağışla” adıyla…

    yalan demirəm sənə…
    İnanmasan da olur…
    daha eynimə gəlmir
    məni necə bilirsən…
    daha əynimə gəlmir
    “qadın nazı”… Bilirsən…

    bütün səssizliklər haray…
    bütün anlayışlar fəryad…
    səninlə yaşanan hər nə varsa
    adı üstündə yazılı: HƏYAT…

    Şəfa Vəli (2014)

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Hüseyn Arif” Ədəbi Məclisinin sədri

    Yavaş-yavaş alışırsan hər qəmə,
    Adilləşir sol qolunun ağrısı.
    Yavaş-yavaş gözdən düşür ömür-gün,
    Deyirsən ki…
    Ürəkdi də, qoy ağrıyır-ağrısın…

    Qoy sevinsin qeybətini qıranlar,
    Gülə-gülə gəl hamını yola ver.
    Xatirələr göz yaşında durulsun,
    Külə dönən ümidləri yelə ver!

    Eh…kimə nə ağlayırsan,gülürsən,
    Bəlkə elə unutmusan adını.
    Bu gecə də tənhalıqdı qonağın,
    Çıxardırsan darıxmağın dadını.

    Açıq qalıb səhərəcən pəncərən,
    Qəfil yağış pərdələri isladıb.
    Gözlərinə düşən gündən oyandın,
    Bu sabah da öz-özünü aldadıb…

    Aman Allah saat səkkiz otuzdu…
    Di qaç görüm, birinci dərs başladı.
    Səbrin çatmır bir stəkan çaya da,
    Bu günün də heyif….çox nəs başladı…

    Lap beləsə,kefini də pozma heç,
    Dərd eləmə,keçib gedər hər nə var.
    Təbəssümün işıq tutsun yoluna,
    Ötəridir,keçəridir ağrılar…

    Eh…bu gün də baş-başasan özünlə,
    Bir az kövrəl,gəl özünü dilə tut.
    Göz yaşınla buludları şad elə,
    Kədərini çiçəyə tut, gülə tut.

    Bu günü də bax beləcə yola ver,
    Ötüb keçər bu dumanlar, bu çənlər.
    Hər adamın sevinməyə haqqı var,
    Qoy sevinsin inciyənlər, küsənlər.

    Pəncərə

    Səni kim çəkib asıb
    Zalım,o pəncərədən?!
    Düşərmi bircə dəfə
    Yolum,o pəncərədən.

    Bax,çayın da soyuyur,
    Zaman çıxır yadından.
    Tərləyir bir pəncərə
    Ürəyinin odundan.

    Bir ömür tüstülənir…
    Alışırsan,sönürsən.
    Unudursan özünü,
    Pəncərəyə dönürsən.

    Təkliyin,yalqızlığın
    Həmdəmidi pəncərə.
    Zülmətdən keçib gedən
    Ağ gəmidi pəncərə.

    Səni götürüb gedər…
    Ha qaçsam da çatmaram.
    Yeriyəm su üstə,
    Bəs nə sirdi,batmaram.

    Yadından çıxıb tamam,
    Yuxulusan,oyaqsan.
    Pəncərə bir dənizdi,
    Sən bir tənha mayaqsan…

    Uyuyursan…yuxuna
    Keşik çəkir pəncərən.
    Bir gün durub görərsən
    Çiçəkləyib pəncərən…

  • Rafiq ODAY.”BAŞIN SAĞ OLSUN, VƏTƏN!”

    Şəhid Elman Müslüm oğlu Abbasovun
    unudulmaz xatirəsinə

    I

    Ataxal kəndində gəldi dünyaya,
    Dolaşdı hər dağı, dərəni Elman.
    Yaxşı tanıyırdı mahir ovçutək,
    Bu yerdə hər bəndi, bərəni Elman.

    Ataya, anaya ümid payıydı,
    Babanın-nənənin hay-harayıydı,
    Hamı bu oğlanı doğma sayırdı,
    Sevirdi doğmatək hərəni Elman.

    “Cəngi” üstündəydi sazının simi,
    Yox idi zərrəcə kəsiri, kəmi.
    Düşmən xar olardı – Koroğlu kimi,
    Çəkəndə bir dəli nərəni Elman.

    Gənc idi, deyildi sənətdə naşı,
    Sevib-əzizlərdi torpağı, daşı,
    Göydə buludlara dəyərdi başı,
    Zərblə sındırardı kərəni Elman.

    Tanrı duasıyla almışdı adı,
    Olmuşdu bir nəslin qolu, qanadı.
    Bu odlar yurdunun igid övladı,
    Gədəbəy elinin ərəni Elman.

    II

    Düşüb qovğaya, qala, –
    Ana Vətən çağırır.
    Kim dözər ki, bu hala? –
    Ana Vətən çağırır.

    Gün ağlamaz xalx bizə,
    Dayaq olsun Haqq bizə,
    Namusdu torpaq bizə,
    Ana Vətən çağırır.

    Neylər bizə bu hədə,
    Beş-on “yan”, beş-on gədə,
    Şərəf-şan təhlükədə,
    Ana Vətən çağırır.

    Sona varılmaz lənglə,
    Dinək topla, tüfənglə,
    Tarix yazaq bu cənglə,
    Ana Vətən çağırır.

    Boğularsa gur səsin,
    Ömür olar bir əsim.
    Analar inciməsin, –
    Ana Vətən çağırır.

    III

    Baxmaz qardı, borandı,
    Şərəfi bilər bu andı.
    Keşikdə mərd durandı,
    Azərbaycan əsgəri.

    Torpaq müqəddəs beşik,
    Ulus, oymaq, ev-eşik,
    Qürurla çəkər keşik,
    Azərbaycan əsgəri.

    Öndədir hər yarışda,
    Həm hərbdə, həm barışda.
    Can qoyar hər qarışda,
    Azərbaycan əsgəri.

    Səngərində mərd durar,
    Ürəyində od durar.
    Düşmənə qan uddurar,
    Azərbaycan əsgəri.

    Müqəddəs and yeridi,
    Xalqın ümid yeridi.
    Qalibiyyət şeridi,
    Azərbaycan əsgəri

    IV

    Vətən səsləyəndə, “hazıram” dedin,
    Götürdün əlinə silah, döyüşdün.
    Torpaq darda ikən qına çəkilmək,
    Gizlənmək ən böyük günah, döyüşdün.

    Namusdu, qeyrətdi, ismətdi torpaq,
    Odur ki, anaya nisbətdi torpaq.
    Taledi, iqbaldı, qismətdi torpaq,
    Apardın torpağa pənah, döyüşdün.

    Çəkdirdin min türlü dağı düşmənə,
    Güllələr söylədi ağı, düşmənə,
    Həddini bildirdin yağı düşmənə,
    Ucaldı göylərə min ah, döyüşdün.

    Soldan həmlə etdin, sağdan yeridin,
    Dərədən yeridin, dağdan yeridin.
    Köməyə çağırdı Ağdam – yeridin,
    Hər yan oldu sənə cinah, döyüşdün.

    Hər addımbaşında ölüm nidası,
    Səni qorxutmadı qanı-qadası,
    Qəlbdə yağılara nifrət sədası,
    Dildə – Vətən, Torpaq, Allah – döyüşdün.

    V

    Torpağından yoğrulduq,
    Sənə layiq oğulduq,
    Biz ölməyə doğulduq,
    Vətən, başın sağ olsun!

    Kim dözər yurd talansa,
    Köksü oda qalansa,
    Biz köçən, sən qalansan,
    Vətən, başın sağ olsun!

    Azadlıq yolu bu yol,
    Ya şəhid, ya qazi ol.
    Təki bizdən razı oi, –
    Vətən, başın sağ olsun!

    Üzümüz ağ yanında,
    Qara torpaq yanında,
    Biz bir canıq canında,
    Vətən, başın sağ olsun!

    Torpağından yoğrulduq,
    Sənə layiq oğulduq,
    Biz ölməyə doğulduq,
    Vətən, başın sağ olsun!

  • Şairə-publisist Nəcibə İLKİN.”Şəhid anası”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    ŞƏHİD ANASI

    (Ad günündə şəhid olmuş milliyətcə tatar olan Adek Sepxanova həsr edirəm)

    Dünən bir ana gördüm, qəlbi qaynar, od-alov,
    Sinəsində qarlı qış, kirpiklərində qırov.
    Dünən bir ana gördüm, gözlərində qəm-qüssə,
    Fəryadından ürəyi olmuşdu hissə-hissə.
    Alnında düyün-düyün olmuşdu qırışları,
    Həsrətdən yoğrulmuşdu o solğun baxışları.
    Odlara qalamışdı, oğul dərdi ananı,
    Od içinə atmışdı oğul, dərdə yananı.
    Ölüm günü, ad günü bir tarixə yazılmış,
    Ananın sinəsindən bir daş kimi asılmış.
    Qarşımda ana sanki buz heykələ dönmüşdü,
    Yaşamaq, həyat eşqi gözlərində sönmüşdü.
    İntizardan, xiffətdən ana saralıb solmuş,
    Həsrət seli qəlbindən axıb gözünə dolmuş.
    Danışdıqca ananın dodaqları əsirdi,
    Oğul dərdi ananı şaxta kimi kəsirdi.
    Başında qara örpək, əynində qara paltar,
    Oğlum özü alıbdı,-dedi məndən yadigar.
    Hər gün bu geyim ilə görüşünə gəlirəm,
    Nisgilmi, dərdimi soyuq daşla bölürəm.
    Evim muzeyə dönüb onun şəkillərindən,
    Təkcə o şəkillərdən təsəlli tapıram mən.
    Oğlum bir oğul idi, istiqanlı, mehriban,
    Dediyim hər kəlməmə cavabı olurdu “can”.
    Ad gününə az qalmış adına hədiyyə aldım,
    Şirin qoğal bişirib, adına sürfə saldım.
    Gözləyirdim yolunu əziz xələf oğlumun,
    Adı özündən şirin, sözü şəkər noğlumun.
    Səhər-səhər həyətdən gələn səsə boylandım,
    İki əsgər soruşdu, adımı dərhal andım.
    Tələsik qaça-qaça tez yüyürdüm həyətə,
    -Kimsiniz? Kim lazımdır?- tez qarışdım söhbətə.
    Biri ürkək baxışla üzümə baxıb xeyli,
    Gözlərin dikib yerə, axır dindi gileyli.
    -Biz cəbhədən gəlmişik, necə dedyim ki, Adik-
    Agır yaralanıbdı…
    -Necə? Nə dedin? Yox, yalandı balama,
    Güllə dəyməz heç zaman o qəhrəman oğluma.
    Düşündüm bu, zarafat, dostların haq səsidi,
    Mənə muştuluq üçün əsgər hədiyyəsidi.
    Sevincimdən gözlərim doluxsunmuş, dolmuşdu,
    Oğlumu görmək üçün ürəyim od olmuşdu.
    Yaşarmış gözlərimə göründü tabut bu an,
    Anasız da hər şeyi həll eləyirmiş zaman.
    Yenə də gözlərimə inanmadım hayqırdım,
    Özüm öz səsimə hərgah, sanki birdən ayıldım.
    Ahım çıxdı göylərə, dağılmadı göy nədən?!
    Amansız ölüm idi, məni belə göynədən.
    Oğul verdin ay Allah, neçə il bundan öncə,
    Sənə dualar edib bürünmüşdüm sevincə.
    İndi bu ad günündə mənə paymı göndərdin,
    Bəslədiyim qönçəmi qıyıb necə tez dərdin?!
    Ahım çatmadı əfsus, nə yerə, nə də göyə,
    Tabutu qucaqladım, -Yaşın mübarək,-deyə.
    Oğul deyən dillərim dilim-dilim soyuldu,
    Yandı bağrım nalədən, için-için oyuldu.
    Yenidənmi doğuldun, Şəhid qoyuldu adın,
    Vətən! Qoy sənin olsun bu qəhrəman övladın.
    Dan yeri tək söküldü ürəyimin telləri,
    Son nəfəsdə oğlumun nə söyləyib dilləri.
    O susuz dodaqları pıçıldayıb, nə deyib,
    Ürəyindən nə keçib, görəsən nə söyləyib?!
    Necə dözüm ay Allah, necə dözüm bu dağa,
    Ad günündə oğlumu tapşırıram torpağa.
    İgid doğuldu oğul, şəhid doğuldu oğul,
    Vətənin göylərində yanıb kül oldu oğul.
    Yığışdı dostları, qonşular ad günündə,
    Ehsan verdilər ona, balamın şad günündə.
    Qoy sevinməsin düşmən, oğlum ölməyib mənim,
    Oğlum şəhiddir deyə, ana kimi öyünüm!!!
    20. 01. 2008

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    ***

    Qırx beş ildi ov güdürəm boş yerə,
    Saçlarıma kəfən oldu dənim, eh.
    Molla hazır, tabut soyuq, can isti…
    Daş olmalı halım yoxdu mənim, eh.

    Yoxa çıxıb aradakı körpülər,
    Bu lal köçü öz arxanca çək, keçir.
    Başa düşdük sevgi nədir, guya ki,
    Anlamadıq Tanrı bizdən tək keçir…

    Aclıq bizi dara çəkir o vaxtdan,
    Gör, içimdə bir söz qalıb yeməli?!
    Gəlişimiz qışa düşdü, əzizim,
    Bəxtimizdə donmaq varmış deməli.

    Eh, nə vaxtdı yas tuturam şeytana,
    Kimsə demir Allahı yox onun da…
    Ürəyinə qorxu düşüb çoxunun,
    Belə getsə, daş olacam sonunda.

    ***

    Çöllər gecəyə aşiq…
    Niyə his verir şamdan?
    Bəlkə ruhum qayıdıb?
    Kimsə toz atır damdan.

    Ürəyim daş olandan,
    Xatirələr daşlaşıb…
    Tanrı bilməz içimdə
    Neçə arzu yaşlaşıb…

    …Sanki vaxt tələsdikcə,
    Şərdən güc alır hamı…
    Söz demək istəyirəm,
    Qaldır son kərə camı…

  • Əziz MUSA.Yeni şeirlər

    em
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    HƏLƏ

    Bəxtimin ulduzu bu sevimli qız,
    Neyləyim əzəldən nazlıdır belə.
    Yerişi, duruşu bir tamaşadı,
    Bənzəyir ən gözəl çiçəyə, gülə.

    Odlu baxışıyla canımı alır,
    Vallah mən yazığı odlara salır,
    Hər şey dəyişsə də, məhəbbət qalır,
    Mənə əzab verir o, bilə-bilə

    Alışıb yanıram pərvanə kimi,
    Titrəyir qəlbimin ən incə simi,
    Tökübdü üstümə kədəri, qəmi,
    Mənəm ki, bu naza dözürəm hələ.

    GÜLÜM

    Gecə gözlərimdən gizləyir səni,
    Ulduzlar sübhətək izləyir səni,
    Gözlərim yol çəkir, gözləyir səni,
    Geciksən gün çıxar, ay batar, gülüm.

    Göz yaşım isladar yanaqlarımı,
    Ah-nalə çatladar dodaqlarımı,
    Sükut dəng eyləyər qulaqlarımı,
    Ahım göylərərə də tay çatar, gülüm.

    Eşqindi dünyada hər şeydən uca,
    Uçur xəyallarım, uçur dalınca,
    Başımı qoymaram sənsiz balınca,
    Ürək nə dincələr, nə yatar, gülüm.

    Ağlamaq, sızlamaq olubdu peşəm,
    İndi bircə sənsən dərdim, əndişəm,
    Sənsiz gündüzü də gecə bilmişəm,
    Könlüm görüşünə can atar, gülüm.

    Məni məndən alıb sevgi, məhəbbət,
    Sənin əlindədir ömür , səadət,
    Qəlbimi yandırır ayrılıq, həsrət,
    Məni dərd əlindən gəl qurtar , gülüm.

  • Kənan AYDINOĞLU.”Sən hələ körpəsən, üzündə nur var”

    1902788_614529541965133_896121757_n
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.


    Sən hələ körpəsən, üzündə nur var

    Mayisə bibimin və Elbəyi əmimin Nuryüzlü nəvəsi Xanıməfəndi Leyla Rəhimova üçün

    Günəşə, aya da boylanan Sənsən,
    Söhbətin bal olar, sözün bal olar.
    Nə qədər doğmasan, nə qədər əziz,
    Sənin gülüşünlə dünya lal olar.
    Sənə hələ körpəsən, üzündə nur var,
    Boynuna örtdüyün ipək şal olar.

    Bakı şəhəri. 6 iyun 2019-cu il.

  • Şəfa VƏLİYEVA.”Salam, cənab dirijor!”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    ***
    salam, cənab dirijor!
    saxla əlini bir az…
    daha oxumasın xor,
    eşqsiz oxumaq olmaz!

    adam eşqdən oxuyar,
    adam dərdi söyləyər…
    gün gələr, dən qoxuyar
    daraqtanımaz tellər…

    ver, qırıb atacağam
    “sehrsiz çubuğunu”…
    sənə anladacağam
    eşqin nə olduğunu…

    dayan, cənab dirijor!
    dinlə..
    bu səs eşqindi…
    ruhumuzda bəyazlar,
    məsum həvəs eşqindi…

    dəyişək yerimizi…
    mən sevilim, sən də sev…
    bizə yetər sevgimiz,
    bir kitab, bir taxta ev…

    gülüşümlə yu, axıt
    üzündəki qrimi…
    sən heyrət etdiyim büt,
    mən-eşqin din xadimi!

  • Şəfa VƏLİYEVA.”Bütün zəlzələlər, qar uçqunları”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

    Bütün zəlzələlər, qar uçqunları
    Bir insan ruhunun sancısındandı…
    Şeirlər hisslərin uçurumları,
    Romanlar ən ucuz intiharlardı…

    Səhər “sevda!”- deyə yansa könlümüz
    Axşam can ağrısı qor edir bizi…
    Uğrunda şeirlər öldürdüyümüz
    Bir ağ gün eşqinə öldürür bizi…

    Nə gözəl aldadır bizi bu dünya…
    Ayaq tutan hər nə varsa, yeridir…
    Təbiət Tanrının oyuncağıysa
    Ruhumuz ən gözəl oyun yeridi…

  • Şəfa EYVAZ.”Bilmirsən”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Götür ürəyini, gəl mənə tərəf…
    Əriyib yolların qarı, bilmirsən.
    Bir ümid içimdə çıxıb naxələf,
    Uçub gedib sənə sarı, bilmirsən.

    Sanma ki, arzular gəlib keçici,
    Bu könül yaşını doldurub çoxdan.
    Bizim taleyimiz iki əl içi,
    Məndə yarı, səndə yarı, bilmirsən.

    Ötür bu taleyi, doğul yenidən,
    Yenidən yolumuz qovuşa bəlkə.
    Bu ömür sevinci salıb əlindən
    Verib “yox”u, alıb “var”ı, bilmirsən.
    02.02.2016

  • Şəfa EYVAZ.”Əl açıb küçədə dilənən çocuq”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Nəsə demə… dillənmə.
    Səni bu yollara salan dünyaya
    Dəymir,
    Dəymir ki dillənib nəsə deməyə.

    “Kimsəm yoxdu”
    tökülür sözcüklər
    təbəssüm çəkilmiş dodaqlarından.
    Kiçicik əlləri titrəyir amma,
    Soyuqluq tökülür baxışlarından.

    Ağlama çocuq,
    Ağlama!
    Bu dünya kəfəni əlində hazır,
    Dünən səni gətirənlər həyata
    Sabahkı gününün qəbrini qazır.

    Kimlər götürmədi,
    beşikdə boğdu.
    Sənin dünya boyda gülüşlərini…
    De, kimsə görürmü günəşdən parlaq,
    Sevməkçün yaranan üzü, əlləri?

    Hələ süd qoxuyan məsum körpənin
    Ovcuna tökülür çirkli qəpiklər
    və o qəpiklərin soyuq səsləri.
    Amma əvəz etmir
    Nə soyuq baxışlar, nə cingiltilər
    Şəfqətli ananın öpüşlərini..
    19.01.2016

  • “Səbəbi sənsən”in müzakirəsi keçirildi

    https://c.radikal.ru/c16/2002/f9/fca8bb129c95.jpg

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin gözəl bir ənənəsi var. Hər həftənin ikinci günü çağdaş dövr ədəbi nümunələrindən birinin müzakirəsi keçirilir. İlk dəfə olaraq həmin müzakirədə mən də iştirak etdim. Növbəti müzakirə üçün Rəşad Məcidin “Səbəbi sənsən” adlı şeirlər kitabı seçilmişdi. Müzakirədə AMEA-nın müxbir üzvü, şöbənin müdiri Tehran Əlişanoğlu, filologiya elmləri doktoru Rahid Ulusel, filologiya elmləri doktoru Mərziyyə Nəcəfova, yazıçı, böyük elmi işçi Mənzər Niyarlı, kiçik elmi işçi Hənifə Səlifova, magistrant Səbirə Müzəffər və şöbənin digər əməkdaşları iştirak edirdilər.

    İlk olaraq Tehran Əlişanoğlu müzakirənin formatını xatırlatdı: “Bugünkü toplantımız da şöbəmizin daimi müzakirələrindəndir. Niyyətimiz şöbə ilə bir yerdə ədəbi prosesi izləməkdir. Müzakirələrimiz eyni qaydada başlayır, oxucu təəssüratından ədəbiyyatçı yanaşmasına qədər. Hər birimiz ilk növbədə oxucu kimi təəssüratımızı bölüşürük. Sonra həmin təəssürat ətrafında bir ədəbiyyatçı kimi düşünməyə başlayırıq. Nəticədə kitab bizə nə verdi, kitabın obrazı, kitab ətrafında müəllifin obrazı, kitabın ədəbiyyatımızda tutduğu yer şöbənin imkanları daxilində müzakirə olunur. Bu dəfə müzakirəmiz Rəşad Məcidin “Səbəbi sənsən” kitabı ətrafında olacaq. Biz kitabları müzakirə edirik, ayrı-ayrı müəllifləri yox. Bu proses 2016-cı ildən ikicildlik “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı”nın çapından sonra daha geniş vüsət alıb. Müzakirənin baş tutması üçün ən azı 5 nəfər kitabı oxumalıdır və bu, şöbənin məcburi işi deyil, könüllülük əsasında təşkil olunur. Oxucu təəssüratını bölüşmək üçün Mənzər xanımı dinləyək”.

    Tehran müəllimin giriş sözündən sonra yazıçı, böyük elmi işçi Mənzər Niyarlı kitab haqqında təəssüratlarını belə ifadə etdi: “Rəşad müəllimi mən bu qədər kövrək bilməzdim. Görünüşü ilə ürəyində, sanki bir təzad var. Çox səmimi yazılan şeirlərdir. Qəhrəmanın çoxlu iztirablarını görürük burada. Bu kitaba qədər şair Rəşad Məcidlə tanış deyildim. Bu şeirlərdə onun ürəyinin saflığını, qəlbinin kövrəkliyini eyni zamanda böyük sevgisini gördüm. “Qələmsiz yazılanlar”ı oxuyanda esselərində də qəribə nostalji hisslərlə qarşılaşdım…”.

    Təəssüratlarını bölüşmək Mərziyyə Nəcəfovanın növbəsi idi. O, bir az ötən illəri yada salaraq sözə başladı: “Rəşad Məcidi 1997-ci ildən tanıyıram. Qarabağla bağlı yazılarımla onun yanına getmişəm. Onun vətənpərvərlik hissi son dərəcə güclü olduğuna görə həmin yazılarımı həssaslıqla yayımlayırdı… Rəşad müəllimin şeir yaradıcılığından xəbərim vardı. Bu kitab vasitəsilə daha yaxından tanış oldum. Şeirlərində həsrət, ağrı, yuxusuz gecələr gördüm. Kitabın adı da bu baxımdan olduqca mənalıdır – “Səbəbi sənsən”.

    Tehran müəllim onları dinlədikdən sonra əlavə etdi ki, mənim də bu kitab haqqında qənaətlərim var. Məndə təəssürat belə oldu ki, bunlar ömür boyu yazılmış şeirlərdir. Bu sevgi şeirlərində müxtəlif yaş dərəcələrini gördüm.

    Növbəti çıxışçı – şöbənin kiçik elmi işçisi Hənifə Səlifova etiraf etdi ki, Rəşad Məcidin yaradıcılığı ilə bu kitab vasitəsilə tanış olub: “Kitabda ifadə-üslub cəhətdən kamil, dərin mənalı şeirlər var. Daha çox ənənəvi şeir üslubu üstünlük təşkil edir. Onbirlik, səkkizlik, ondördlük şeir formalarından istifadə edilib. Bədii ifadə vasitələrindən yetərincə istifadə olunub. Maraqlı təzad və bənzətmələr diqqətimi çəkdi”.

    Tehran Əlişanoğlu bu məqamda dedi ki, təəssüratları dinlədik, indi şeirlərin müzakirəsinə keçək. Öncə Mərziyyə Nəcəfova nümunələr əsasında qənaətlərini bölüşdü: “Rəşad Məcidin şeirlərində güclü yumor hissi duyulur. “Əvvəl” şeirində sevginin təsvirini görürük”. Şeiri bütöv oxuyandan sonra bir bəndini xüsusilə vurğuladı:

    Tez-tələsik yazacaqsan:

    “Planlarım dəyişib…

    Bəlkə, sabaha keçirək,

    Birigünkü görüşü”.

    O, fikirlərini bu cür ümumiləşdirməyə çalışdı: “Mən bu şeirdə o dəli sevgini görə bildim. Sevgidən əzab çəksə də, ondan xilas ola bilməyən obraz görünür”.

    Bu arada Tehran müəllim müdaxilə etdi ki, mən Rəşad Məcidin qəhrəmanında “dərd gözəldir” deyimi hiss etmədim, əksinə, əzablardan qurtulmaq istəyi güclüdür. Bu dəfə Mənzər xanım “İstedadlı mələk” şeirini oxuyaraq öz mülahizələrini irəli sürdü:

    Beləsi çətin tapıla! Təksən!

    Təpədən dırnağa

    Yalanla, riyayla

    Yoğrulmuş

    İstedadlı mələksən!

    Burada sevimli insana yönəlmiş incə bir eyham, qınaq var. Başqa bir şeirində isə o qədər səmimidir ki, saf bir aşiq obrazı görürük. Mənzər Niyarlı “Üzünə qurban” şeirini oxuyub son bəndini xüsusilə vurğuladı:

    Gah müdriksən, gah uşaqsan,

    Həm günahkar, həm də haqsan.

    Ayrılmaram hardan baxsam,

    Qurban, hər üzünə qurban!

    Və sözlərinə belə davam etdi: “Ümumiyyətlə, şair qəhrəmanı necə var, elə təsvir edir, aşiq özünü aldatmır. Onun sevgi fəlsəfəsi güclüdür, o, həmin obrazı bizim gözümüzün qarşısında canlandırmağı bacarır. Qulu Ağsəsdən belə bir sitat gətirir: “Mən heç çürük dişimi çəkdirmirəm, Səni hara atıram?” və həmin ovqatda “Atmaram səni” şeirini təqdim edir.

    Yenə zülm etsən də,

    Yox olub getsən də,

    Sən atıb getsən də,

    Atmaram səni!”.

    Tehran müəllim belə bir sual ortaya qoyur: “Rəşad Məcid bilavasitə lirik qəhrəmanı duyğuları, hissləri, düşüncələri, iztirabları iləmi verir və yaxud sevgi obyektinin böyüklüyü iləmi? Bu aşiqi hərəkətə gətirən nədir? Qadın, məşuq obrazına diqqəti yönəltmək istəyirəm. Yəni şeytanmısan, mələkmisən. Bu sual bir çox şeirlərindən keçir”.

    İlk münasibət Mərziyyə xanımdan gəlir: “Mən məşuq üçün darıxan, onun gəlməsini gözləyən obraz izlədim. “Bu yarıqaranlıq, bu kiçik otaq, Necə işıqlandı birdən, İlahi” misralarından belə qənaətə qəlmək olur”.

    Hənifə Səlifova isə fikirlərini belə ifadə edir: “Rəşad Məcidin poeziyasında ənənəvi sevgi şeirlərinin müasir ruhda ifadəsi özünü göstərir. Aşıq və heca şeirinin formasında yazılanlar daha çoxdur. Kitabda sərbəst şeirlər azdır”.

    Söhbətə qoşulan Rahid Ulusel məsələyə daha fərqli mövqedən yanaşır: “Rəşad Məcidin sevgi şeirlərində həyat var, ürək döyünür. Poetik baxımından maraqlı şeirlərdir”.

    Müzakirənin bu yerində Tehran müəllim “Uzağı bir ay” şeirini misal gətirərək kitabda fərqli mövzulara, ictimai motivlərə də yer ayrıldığını xatırlatdı:

    Unuda bilmirəm: uşaqkən qumdan

    Qurduğum qalanı sular apardı.

    O itki heç zaman çıxmır yadımdan –

    Çığırdım, qışqırdım, şivən qopardım.

    Mənim çox qalama o vaxtdan bəri

    İldırım şaxıyıb, dolu tökülüb.

    Doğma şəhərlərim viranə qalıb,

    Uşaqlıq evlərim daş-daş sökülüb.

    İndi nə sarsılıb, nə də yanaram

    Taleyin bu yeni, sərt sınağına.

    Uzağı bircə ay qubarlanaram

    Qurduğum qalanın uçulmağına.

    “Bu şeirdə Rahid müəllimin suallarının cavabını görmək olur, amma bütövlükdə kitabda bu fəlsəfə varmı? Bəlkə, doğrudan da, Azərbaycan insanı bu otuz ildə o qədər müsibətlər gördü ki, onun üçün hər şey adiləşdi”.

    Hənifə xanım söhbətə qoşularaq onu daha çox “Mələyim… İblisim…” şeirinin cəlb etdiyini bildirdi. “Gah qatil olursan, gah da ki qurban” kimi misralarından da görünür ki, müəllifdə bədii təzadlardan istifadəyə meyil çoxdur. “Sənsən” şeiri də orijinaldır”.

    Tehran müəllim müzakirəyə bu cür yekun vurdu: “Bir savab iş gördük ki, Rəşad Məcidin oxucularının sayını daha da artırdıq. Onun lirik qəhrəmanına bir maraq oyatdıq. Bu kitabda həyatla, sevgi ilə yaşayan bir aşiq obrazı var. Bir oxucu kimi də, bir ədəbiyyatçı kimi də bu kitab haqqında fikirlərimizi bölüşdük. Rəşad Məcidə yeni yaradıcılıq uğurları, müzakirələrimizə isə davam arzulayıram”.

    Gülnar SƏMA

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Əllərim qoynumda dustaq

    Gözüm ürəyimin suyunu çəkdi,
    Quruda qaldım sənsiz.
    Mən səninlə tam olmuşdum,
    Yarıda qaldım sənsiz.

    Gözümdən düşən dünyanı
    Kim qoyacaq yerinə?…
    Xəyallarım qız uşağı,
    Qoşulub qaçıb birinə.

    Əllərim qoynumda dustaq,
    Səni saxlamıram ki.
    Pəncərəmi açıq qoydum,
    Bulud doldu gözümə,
    Yoxsa ağlamıram ki.

    Ürəyimə işıq düşmür

    Ürəyimə işıq düşmür,
    Pəncərəni kim bağladı?
    Yox, mən ağlağan deyiləm,
    Gözlərimdə kim ağladı?
    Göy üzündə
    Boş yer yoxdu
    Ulduzların əlindən.
    Səsim sənə çatmır, Allah.
    Yerindən, göyündən küsüb
    Duam,
    Dilimə yatmır, Allah.
    Ayaq üstə oldürmə,
    Öldürürsən, yıx məni.
    Üstümə bir ölüm gəl,
    Bu dünyadan çıx məni.

  • Xəyalə SEVİL.Yeni şeirlər

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Güzgülər içimin çöl tərəfidi

    Ayrılıq deyirəm…
    Ayrılıq
    Bədənimin sol tərəfidi.
    Gözlərim deyirəm…
    Gözlərim
    Gedənlərin yol tərəfidi.
    Güzgülər içimin çöl tərəfidi,
    Güzgülərdə sevmə məni.
    Ürək görünmür orda!
    Yox! Qayıtma deyirəm,
    Əvvəl ayağa dur ürəyimdə.
    Ayağa dur ki, sənin
    Çiyninə başımı əyim.
    Güvənməkdən başlayır sevməyim…

    Əllərim bir tənha qucaqdı sənsiz

    Əllərim bir tənha
    Qucaqdı sənsiz.
    Həsrətin yamanca
    Qoçaqdı sənsiz.
    Stolumun üstündə
    Titrəyən şamım üşüyür.
    Sənsiz açılan səhərim,
    Düşən axşamım üşüyür.
    Çiynim bədənimdə intihar yeri,
    Asılacaq qolum varmış.
    Elə hər gün ürəyimdən keçirsən,
    Nə tükənməz yolun varmış.
    Ömrümü başı aşağı
    Tutub boşaltmısan indi.
    Səndən qalan tək xatirə
    Təkliyimdi, təkliyimdi…

  • Kənan AYDINOĞLU.”Bağışlayıb, suçumu gəl”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Şair dostumuz Əziz Musaya.

    Şairsən, kövrək şairsən,
    Bağışlayıb, suçumu gəl.
    Könlünün sözünü dinlə,
    Bağışlayıb, suçumu gəl.

    Yasamaldan və Bayıldan,
    Nəbidən, Qaçaq Mayıldan,
    Qubadlıdan, Cəbrayıldan,
    Bağışlayıb, suçumu gəl.

    Şairə atılmaz ki, ox
    Möminin qəlbi, gözü tox,
    Bu dünyaya etibar yox,
    Bağışlayıb, suçumu gəl.

    Xoş diləyi, niyyəti sev,
    Möhnəti və zilləti sev,
    Düşmə dara, milləti sev,
    Bağışlayıb, suçumu gəl.

    Fikrim dumanda, çəndədi,
    Yoğrulan yenə kündədi,
    Ustad, dəyişən bəndədi,
    Bağışlayıb, suçumu gəl.

    Bakı şəhəri. 24 dekabr 2019-cu il.

  • Əziz MUSA.”Gözlərin”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gözlərə nə qədər şeir yazılıb,
    Gözlərə nə qədər mahnı qoşulub,
    Sənin gözlərindən yoxdu dünyada,
    O gözlər tay mənim həyatım olub.

    O gözlər naz ilə baxanda mənə,
    Məndə nə can qalır, nə də ki, ürək,
    O gözlər necə də yaraşır sənə,
    Ən böyük rəssammış, inan ki, fələk.

    O gözlər Günəşdən od-alovludur,
    Baxanda qəlbimi odlara yaxır.
    Necə işıqlıdır, necə nurludur,
    İlahi, o gözlər nə qəşəng baxır.

    Mənə yol göstərir şəfəqi, nuru,
    O gözlər gecəni işıqlandırır,
    O gözlər mehriban, o gözlər duru,
    Qəlbimə od salır, məni yandırır.

    Gözüm o gözləri görəndən bəri,
    Sanıram Ay ilə, Günəş görüşüb,
    O gözlər dünyanın möcüzəsidi,
    Mənim qismətimə, bəxtimə düşüb.

  • Əziz MUSA.”Gizlənpaç oynama”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gizlənpaç oynama bu qaşla gözlə,
    Sən harda olsan da tapacam səni,
    Gecə də gündüz də yolumu gözlə,
    Gəl bu ayrılığa öyrətmə məni.

    Unutma özünü, vaxt tələ qurur,
    Yolumu, izimi tumarla hərdən,
    Hələ ilk görüşün çiçəyi durur,
    Bu eşqi, sevinci buraxma əldən.

    Çalış baharını yuxuya vermə,
    Qismətin, taleyin bərəsi olur.
    Dövranın ağlayan üzünü görmə,
    Sevdalı günlərin bəhrəsi olur.

    Sonrakı göz yaşı hayına yetməz,
    Çoxdu bəhanələr, bilirəm indi.
    Acı göz yaşından çiçəklər bitməz,
    Sənin ürəyinə gəlirəm indi.

    Çox zaman göz, qaşa aldanır adam,
    Səni çox sevirəm, qaçma gözümdən,
    Demə taleyinə qəribəm, yadam.
    Mən dönən deyiləm heç vaxt sözümdən.

  • Afət VİLƏŞSOY.”Gəlmə”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Cənub Bürosunun Rəhbəri

    Gözləntilər, puça çıxsın ümidlər,
    Arzulara quyu qazım bu axşam.
    Sən bir az da ağlat, bir az da gəlmə
    Həsrətinə şeir yazım bu axşam.

    Qaş qaralsın, bala-bala saralım,
    Səbr kasam, dolsun, daşsın, yorulum,
    Dəli kimi küçələrə yol alım
    Öz qapıma yolu azım bu axşam.

    Sən ha gəlmə,birdən çaşıb gələrsən,
    Sənsizliyi-hüzurumu bölərsən,
    Qoy ağlayım, gələmməsən, ölərsən?
    Bax gül kimi dolub gözüm bu axşam.

    Sən bir az da ağlat, bir az da gəlmə,
    Həsrətinə şeir yazım bu axşam.

  • Xəyalə SEVİL.”Hamıdan sonrasan”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Hamıdan sonrasan,
    Hamıdan əvvəl.
    Ömrün tən ortası
    Görüş yerimiz.
    Budağıq, yarpağıq,
    Suyuq, torpağıq,
    Bəlkə bir gövdədə
    Tamamlanaq biz?
    Ruh adam, dost adam,
    Bu doğmalığın
    Adını mən qoyum
    Ömrünü sən ver.
    Yarımcan qalmışdım
    Dünənə kimi.
    Nə ömür verirsən, ver,
    Amma tam ver.

  • Xəyalə SEVİL.”Cəzalıdı ürəyim”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Cəzalıdı ürəyim,
    Bədənimdə küncə qoydum.
    Yorulan göz yaşımı,
    Yanağımda dincə qoydum.

    Bu da səndən qalan ömür,
    Yarı sənsən, yarı sudu.
    Həsrətini atdığım yer
    Gözlərimin quyusudu.

    Eh! Yolların yol yoldaşı,
    Gedən yollara qarışdın.
    Sən tək bədəndən ibarət

  • Xəyalə SEVİL.”Və bir gün qarşına bir adam çıxa”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Və bir gün qarşına bir adam çıxa,
    Elə oyanasan yuxundan elə
    Gördüyün yuxular yadından çıxa.

    Və bir gün qarşına bir adam çıxa,
    Əridəsən hisslərinin qarını.
    Açasan qəlbini bir sərgi kimi,
    Tək-tək göstərəsən duyğularini.

    Və bir gün qarşına bir adam çıxa,
    Bircə baxışından səsini duya.
    Səni bu dünyada bəlkə, bəlkə də,
    Atandan, anandan artıq taniya.

    Və bir gün qarşına bir adam çıxa…
    Gözlərimdə ürəyimin səsi var.
    Boğazacan yığılmışam, ilahi,
    Səbrimin tükənmək təhlükəsi var.

  • Xəyalə SEVİL.”Sən mənim xəyal yoldaşım”

    “Gənc Ədiblər Məktəbi2”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü

    Əvvəl saçlarımı kəsdirdim,
    Sonra qollarımı tulladım
    Yanımdakı boşluğa.
    Mən alışdım təkliyə,
    Sən alışdın sərxoşluğa.

    İçimə atdım səsimi,
    İçimdə qulaq batır.
    İndi gücüm nə ölməyə,
    Nə də yaşamağa çatır.

    Sən mənim xəyal yoldaşım,
    Ayrılığın adını qoy.
    Həyatına sevmədiyin qadını qoy.
    Ağla,
    Gözlərin boşalsın.
    Sonuncu axşamdan yazıram sənə,
    Bütün gecələrin xeyirə qalsın.

  • Xatirə FƏRƏCLİ.”Yerin bağrımın başıdı”

    Ömür yolda qatar ikən,
    Sinəm cadar-cadar ikən,
    Arzularım çapar ikən
    Minib tərkinə gəlmisən.

    Keçən illərin köçündən,
    Ağrılarımın içindən,
    Sıyrılıb Qədər suçundan
    Ürəklə, ərklə gəlmisən.

    İllər həsrət, qəm yaşıdı,
    Qəlb eşqinə baş daşıdı,
    Yerin bağrımın başıdı,
    Gəl, öz mülkünə gəlmisən.

  • Xatirə FƏRƏCLİ.”Bu dərd ki var”

    Bu dərd ki var, keçən deyil,
    Çalış yola ver də, ağla.
    Bir ağladın kar olmadı,
    Çək sinənə bir də ağla.

    Bax ha, nadansa qarşında,
    Gülünc olar göz yaşın da.
    Yer ver bağrının başında,
    Çəkil dalda yerdə ağla.

    Boş ver dünya dəstgahına,
    Bat bir ömrün günahına,
    Yol get dərdin dərgahına,
    Dərdini DƏRD bil də, ağla.

  • Ay Bəniz ƏLİYAR.”Yenə gözüm su içmir”

    Yenə gözüm su içmir,
    həyat donub elə bil.
    Məndəki bu səssizlik
    xeyir əlamət deyil…

    Keçdi ömrün yarısı,
    yarı yaşa yetişdim.
    Kal günlər, kahal günlər
    gəldi başa, yetişdim.

    Gözümə işıq oldu,
    ömrümə çıraq adam,
    Gördüyüm yuxulardan
    çin çıxan qonaqadam.

    İşə gedirəm hər gün,
    çıxır yoluma yenə.
    Evimə dönən zaman
    qapımı açır mənə.

    Həm kədərdir, həm ağrı,
    həm min dərdə dəvadır.
    Yastığımda göz yaşı,
    əllərimdə duadır…

    Həm yuxudur, həm həyat,
    həm su, hava, yer, göy O…
    Nə sirr, möcüzədirsə,
    hər şey Odur, hər şey O…

  • Ay Bəniz ƏLİYAR.”Sənə şeir axtarıram”

    Yaşamaq eşqinə düşüb,
    Sənə şeir axtarıram.
    Boş şeydi qafiyə işi,
    Sən ən gözəl qafiyəmsən.

    Mənə elə tərs-tərs baxma…
    Haqlısan yerdən göyəcən.
    Bu şeirdə sənin yerin
    tərsinə düşüb deyəsən…

    Vallah, qafiyə boş şeydi…
    Qoymaram beynimi yorsun…
    Burda qafiyə yerinə
    olarmı əllərin dursun?

    Şeir axtara-axtara
    səni gəzirəm, biləsən.
    Elə zamanında gəl ki
    qafiyəmlə tən gələsən.

    Söz uzandıqca nə derlər?
    Və başqaları… və sair…
    Bu şeiri də az ütülə,
    ay qafiyəbaz şair.

  • Şairə Adilə NƏZƏR.”Adımı şeir elədim”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Hansı ağrılardan çıxdın,
    Hansı əzablardan gəldin?
    Harda ağladın kim bildi,
    Kim bildi ki, harda güldün.

    İslandınmı, qurudunmu,
    Kimin gözünə əkildin?
    Coşub bir gün şəlalətək,
    Kimin qəlbinə töküldün?

    Ruhumun yağmur havası,
    Könlümün duman yerisən.
    Kiminin ümid işığı,
    Kiminin güman yerisən.

    Ürəyimə düşən oda,
    Ayağı yalın girirəm.
    Aynalara baxammıram,
    Baxanda səni görürəm.

    Oxudum hər sətirini,
    Hər hərfini seyr elədim.
    Sənin özün olum deyə,
    Ta, adımı şeir elədim.

  • Şairə Adilə NƏZƏR.”Qar yağıb”

    Filologiya üzrə fəlsəfə doktoru,
    AYB-nin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri

    Dünən gözəl bir haldaydım,
    Bu gün o hala qar yağıb.
    Həyat necə də acıymış,
    Şəkərə, bala qar yağıb.

    Bir nöqtədə cəm olmuşdum,
    Elə şad-xürrəm olmuşdum,
    Sevincimdən dəm olmuşdum,
    Gör necə əla qar yağıb.

    Verim bu dərdi neçəyə,
    Ağrıdım üzü gecəyə,
    Qaldığım evə, küçəyə,
    Getdiyim yola qar yağıb.

    Münəccimlər gətirdi bəd,
    Titrədi diz, büküldü qədd.
    Uçmaz dediyim o məbəd,
    Uçdu o qala… qar yağıb.

    Üz çevirib getdi hamı,
    Tərk etmədim heç inamı,
    Yuxuda gördüm anamı,
    Söylədi: bala, qar yağıb…

    Yazma, mənə bu günahı,
    Bitir, dilimdəki ahı,
    Dön bir mənə bax, İlahi,
    Gör ki, bu qula qar yağıb.

    Adilə Nəzər 21.12.2019

  • Əyyub MƏMMƏDOV.”Dəniz boyda sevgim…”

    Gəlmişəm yenə də dəniz seyrinə,
    Qəmli fikirlərlə həsrət ötürüm.
    Baxıram dənizin ucqar yerinə
    Deyirəm təəssüf mənim sevgimə.

    Bir vaxtlar dənizi birlikdə sevdik
    Gəlib kənarında, qışı yay etdik.
    İndi bu yerlərə yalnız gəlirəm
    Çılğın dalğalarla köks ötürürəm.

    Gələrdik dənizə görüşmək üçün
    Qol-boyun olub, sarılmaq üçün.
    İndi tək-tək gedirik, düşünmək üçün
    Oturub kənarda ağlamaq üçün.

    Dəniz boyda sevgim, deyərdin mənə
    Mən də can deyib, baxardım sənə
    İndi bu sularda üzün görünür,
    Böyük ləpələrdə səsin duyulur.

  • Əyyub MƏMMƏDOV.”Yarımçıq sevgilər”

    Məhəbbət yolunda yıxılmaq olar
    Yetər ki, qalxmağa bir yolun olsun.
    Ayrılıb, yenidən sevmək də olar
    Yetər ki, sevməyə bir üzün olsun.

    Bir ürək nə qədər sevgi daşıyar?
    O olar, bu olar, o biri olar
    Qəlb boxça deyil, kim gəldi tuta
    Axırda cırılıb, partlayıb daşa

    Demə sevənlərim günahkar idi
    Yarı yolda qoyub, tərk etdi məni
    De mən qəlbimi açıq qoymuşam,
    Hər gələn atını oynadıb getdi.

    Bir gün geriyə dönüb baxanda
    Alnının qırışı çaşdırar səni
    Yarımçıq sevgilər bir alov kimi
    İçində qaynayıb, yandırar səni.

  • Əyyub MƏMMƏDOV.”Alov kimi”

    Bu bahar da payız kimi,
    Sarı, qırmızı keçdi..
    Yaşıllığı görmədim
    Ya da gördüm, hiss etmədim.
    Çoxdandı fəsilləri,
    Yaman qarışdırmışam
    Bircə sən qarışmırsan.
    Beynimə qoyduğum kimi,
    Yerində dayanmısan.
    Dünən küləklə qar,
    Yaman çovğun yaratdı
    Bütün cismim üşüdü.
    Təkcə başımdan başqa
    Orda elə qalmısan,
    İsti daş kömür kimi
    Məni yaman qızdırır,
    Xəyalın alov kimi…

  • Əyyub MƏMMƏDOV.”Gecikirsən, ay ürək”

    Arzuları bir-bir gerçək etməyə
    Vaxt azalıb, gecikirsən, ay ürək.
    Bu həyatda əməl qoyub getməyə,
    Gecikirsən, bir az tələs, ay ürək.

    Çoxdandır heç yoxlamırsan özünü
    Bəlkə sağlam, bəlkə xəstəsən bilək.
    Deyirdin ki, qəm bağlayıb üzünü
    Gecikirsən sil dərdini, ay ürək.

    Hiss edirəm, içində bir boşluq var
    Vaxt ötsə də, dola bilmir bu ürək.
    Çox sakitsən, bilirəm ki, sözün var
    Töküb, boşalt öz içini, ay ürək.

    Pünhan tutmusan neçə sirrini,
    Bilirəm vəfada tayın yox ürək.
    Hərçənd bilməsələr bəzən qədrini,
    Gecikirsən, üsyan elə, ay ürək.

    Əvvəlkitək zövq almaqda acizsən
    Əl-qolunu itirmiş bir əlilsən.
    Son mənzilin uzaq deyil bilirsən
    Gecikirsən, aman yoxdur, ay ürək.

  • Əyyub MƏMMƏDOV.”Apar məni doxsanlara”

    O dövrdə izim qalıb
    Çox deyilmiş sözüm qalıb
    Xatirəmdən ilham alıb,
    Baxar könül oralara
    Apar məni doxsanlara.

    Yaşım onda azdı mənim
    Heç olmazdı dərdim,qəmim
    İstəyirəm indi gəlim
    Qaçım-gedim doğmalara,
    Apar məni doxsanlara.

    Bayramları çox fərqliydi
    Süfrələr bol-bəzəkliydi.
    Adətlər də dəyərliydi
    Bircə getsəm o çağlara,
    Apar məni doxsanlara.

    Televizor köhnə idi.
    Düymələri də işləmirdi
    Fəqət bizi bir tutardı
    Hamı baxardı bir kanala,
    Apar məni doxsanlara.

    İndi fikrim xəyallarda
    Arzum qalıb uzaqlarda.
    Bir quş olub o dağlarda
    Baxam bizim ocaqlara,
    Apar məni doxsanlara.

  • Əziz MUSA.”Gözəl” (Təcnis)

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Çoxdan gəzdirirəm dərdi sinəmdə,
    Qurumur inan ki, gözdə nəm, gözəl.
    Sinəm alovlanır dərd isinəndə,
    İtibdi gözümdə göz dənəm, gözəl.

    Xəlbirim, ələyim düz ələ indi,
    Sözümü tapşırdım düz ələ indi,
    Çətin ki bu qəddim düzələ indi,
    De nə vaxt olubdu gözdə nəm, gözəl?

    Bir kimsə yoxdu ki, deyəm dərdimi,
    Söylə Əziz Musa gülün dərdimi?
    Dərdimin yanında dərdlər dərddimi?
    İnan ağlamaqdan gözdənəm, gözəl.

  • Əziz MUSA.”Bir gün gecikərsən”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Sən bir bəhanə tap, gecik görüşə,
    Ürəyim həsrətlə çırpınsın bir az.
    Gecik əllərimdə solsun bənövşə,
    Qoy məni ağlatsın bu işvə, bu naz.

    Axtarsın gözlərim elə hey səni,
    Xəyalım dalınca yollara çıxsın,
    Gülüm intizarda sən saxla məni,
    Gözümdən dünyanın sel, suyu axsın.

    Gəldiyin yollara sərim kölgəmi,
    Yolların tozu da dəyməsin sənə.
    Öyrət bir az mənə həsrəti, qəmi,
    Ayrılıq dağ çəksin odlu sinəmə.

    Öyrət bu həsrətə, öyrət sən məni,
    Sənsiz bulaq kimi çağlasın gözüm.
    Gülüm, görməyəndə bircə gün səni,
    Sənsiz yaşamağa tablayım, dözüm.

    Sevinclə gedirəm hər gün görüşə,
    Sənsiz darıxıram qonçə çiçəyim.
    Gəlmə sən vaxtında, gəlmə görüşə,
    Bir gün gecikərsən, dözməz ürəyim.

  • Əziz MUSA.”Gözəl”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Gözələ deyilər sözün gözəli,
    Gözəldə ən gözəl gözdü , ay gözəl.
    Əl vursan yandırar vallah köz əli,
    Gözlərə od salan közdü, ay gözəl.

    Od düşsə alışıb yanacaq ürək,
    Nazlı bir gözəli sevəsən gərək,
    Qoru sevdiyini göz bəbəyi tək,
    Hər gözəl bir şirin sözdü, ay gözəl.

    Gözəllik önündə baş əyir insan,
    Gözəllik qoruyur dünyanı hər an,
    Dünya gözəllərlə gözəldi inan,
    Bu bir həqiqətdi, düzdü, ay gözəl.

  • Əziz MUSA.”Baba”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Olan düz bölünmür, artıb qalıqlar,
    Yaxşılıq bilməyir daha balıqlar,
    Gün-gündən çoxalır xarabalıqlar,
    Dünyanın nizamı pozulub, baba.

    Daha düz çəkməyir, bu daş tərəzi,
    Yoxdu, ədalətin , haqqın əvəzi,
    Bölünüb dağları, düzü, dənizi,
    Dünyanın nizamı pozulub, baba.

    Çoxalıb uçuran, azalıb quran,
    Cənnət el-obalar olubdu viran,
    Allahlıq eyləyir yerindən duran,
    Dünyanın nizamı pozulub, baba.

    Bayquşlar ulayır gül bitən yerdə,
    Namərd quyu qaxır, tor qurur mərdə,
    Düşübdü urvatdan xeyir də, şər də,
    Dünyanın nizamı pozulub , baba.

    Alovlar bürüyür torpağı indi,
    Axan qan, göz yaşı torpaga dəndi,
    Öldürmək, zülm etmək, bir təzə dindi,
    Dünyanın nizamı pozulub, baba.

    Xıxan dəvələri yükləyən yoxdu,
    Yaxşı adamları təkləyən çoxdu,
    Dünya kökdən düşüb, kökləyən yoxdu,
    Dünyanın nizamı pozulub, baba.

  • Əziz MUSA.”İnciyər”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Düşsən qürbət yollarına,
    Səndən doğma el inciyər,
    Öpməsən , sığallamasan,
    Qara saçlar, tel inciyər.

    Nur saçmasa göydən günəş,
    Çiçək solar, gül inciyər,
    Bal kimi söz danışmasan,
    Dodaq küsər, dil inciyər,

    Görüşünə sən geciksən,
    Nazlı yarın bil, inciyər.
    Görsən qəmlidi sevgilin,,
    Gözlərini sil, inciyər.

    Sən sevib, sən sevilməsən,
    Can yanar, könül inciyər,
    Gül-çiçəklər naz eyləsə,
    Ah çəkər, bülbül inciyər.

  • Şəhla RAMAZANQIZI.”Gücüm yetməz atdığı hər daşına”

    Gücüm yetməz atdığı hər daşına.
    Yaşım çatmaz söz deməyə yaşına,
    Görən kimdi sığal çəkən başına?!
    Arxası kim,dayağı kim dünyanın?!

    Gözlərimə yuxu yaddır gecələr,
    Çox gerçəyə şahid olur küçələr,
    Ömür sürür yarıyuxulu neçələr,
    Yatmışı kim, oyağı kim dünyanın?

    Dərk edəndən doğuluruq, ölürük,
    Qısa ömrü hamı ilə bölürük,
    Hansımız bu müəmmanı bilirik?
    Başı kimdir,ayağı kim dünyanın?!

  • Şəhla RAMAZANQIZI.”Sən yoxsulu görəmməzsən dilənən”

    Sən yoxsulu görəmməzsən dilənən,
    Kasıb adam zəngin qəlblə mərd gəzər.
    Həyat yükü çiyinlərin əzsə də,
    Qəddin əyməz,ürəyində dərd gəzər.

    Addımbaşı ” yoxluq” deyib ağlamaz,
    Rəbbdən özgə kimsəyə bel bağlamaz,
    Acı dillə könülləri dağlamaz,
    Tale yükü həyatında sərt gəzər.

    Öz evinə gələndə də utanar,
    Əlləri boş cibində gizli yanar,
    Səbr eləyər çətin günə,dayanar.
    Tək qalanda çox fikirli, pərt gəzər.

  • Azərbaycanlı gənc yazar Əyyub Məmmədovun şeiri İranda dərc olunub

    https://c.radikal.ru/c23/1912/08/2ad492d5ef8a.jpg

    Jurnalist, şair Əyyub Məmmədovun milliyətcə Azərbaycan türkü olan, görkəmli şair Məhəmmədhüseyn Şəhriyara həsr etdiyi “Şəhriyar” adlı şeiri fars dilinə tərcümə edilərək İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən məşhur “Xudafərin” dərgisinin 183-cü sayında çap olunub. Adı çəkilən ədəbiyyat və mədəniyyət dərgisində fars şair və yazıçılarla yanaşı, türk yazarların da qələmə aldığı hekayə, şeir və esselər dərc olunur. Qeyd edək ki, “Xudafərin” dərgisi həm türk, həm də fars diində nəşr olunur.
    Jurnalist, şair Əyyub Məmmədovun adı çəkilən dərgidə çap olunan şeirini oxucularımıza təqdim edirik.

    “Şəhriyar”

    Bir dahi uyuyur qonşu torpaqda
    Adı Şəhriyardı, özü dəryadır.
    Sözü, kəlməsi dürri-yektadır
    Amalı türk olan bir bəxtiyardır.

    Bir görmək istədi, öz millətini
    Çəkdi daxilində acı zilləti.
    Qəlbi bu eşqlə hey çırpınırdı,
    Gözündə qor kimi şimşək çaxırdı.

    Yanıb odlanırdı, sözdə, sətirdə
    Bir xalq, dövlət, torpaq üstündə
    Vahid birliklə, ulu vəhdətlə,
    Şamtək əriyirdi şeir, qəzəldə.

    Azadlıq məlhəmin çəkib yaraya
    Vətən nisgilinə dərman edirdi
    O taylı-bu taylı doğma elinə,
    Ürəyi qubarlı salam deyirdi.

    Heydərbaba onsuz qalıb gileyli
    Öz elində olub indi yadelli
    Sarıbaba düşüb xeyli aralı,
    Səsi gəlmir qəlbi olub yaralı.

    Neçə əsər yazılıbdır şəninə
    Mahnı qoşub, söz deyiblər şeirinə
    Adı düşmür cavan, qoca dilindən,
    Öyrənirlər daim onu dərindən.

  • Rafiq ODAY.”Qoymadılar”

    Yaşamaq haqqın vardı
    Sənin də, qoymadılar.
    Hər gün od qaladılar
    Tənində, qoymadılar.

    Dünya iblis, sən mələk,
    Düz ələmir bu ələk.
    Gəl indi dərdini çək
    Dənin də, qoymadılar.

    Yolunda bənd qurdular,
    Min cürə fənd qurdular,
    Imanını qırdılar,
    Dinində qoymadılar.

    Səbret, püşkünlə barış,
    Olum, ölüm – bir yarış.
    Yer istədin bir qarış
    enində, qoymadılar.

    Bu haqq hardan əyilmiş? –
    Kim sorubsa, döyülmüş.
    Göy də bizlik deyilmiş,
    Enin də, qoymadılar.

  • Rafiq ODAY.”Adın gör haçandı dildə, dodaqda”

    Dərin hörmət bəslədiyim, etimad qazanmış dostların
    hər birinin boynunda haqqı olan Lalə xanım Mikayılzadəyə

    Mayan halallıqdan yoğrulub, adın
    Müqəddəs işinlə qoşa qanaddi.
    Vaxt oldu, bir an da çimir almadın,
    Vaxt oldu, gözündə gecə dan atdı.

    Beləcə yaşadın halal ömrünü,
    Kiminə şam oldun, kiminə mayak.
    Dərd-sərin əlindən gəl al ömrünü,
    Gör neçə dost səndən gözləyir dayaq.

    Adın gör haçandı dildə, dodaqda,
    Ünvanın çoxunun tale yoludu.
    Sənin ürəklərdə qurduğun taxtda
    Nəfs də, həsəd də haqqın quludu.

    Ortaq bölüşürsən hamının qəmin,
    Dərdinlə sevincin qoşadır sənin.
    Sevgidi, sayğıdı könül həmdəmin,
    Bu ülfət, bu mehr yaşadır səni.

    Hər gün söyləyirsən “Təkbir” Allaha,
    Çiynin altındadır ən ağır yükün.
    Deyirsən: sığının tək bir Allaha,
    Durun səcdəsinə, siz də diz çökün.

    Müdriklik boy atır hər söhbətində,
    Səni sevdiribdi, bacı, sadəlik.
    Tanrı ərmağanı bu qismətində
    Yaşayır başının tacı sadəlik.

    Bir məsum, gülüzlü mələk kimisən,
    Hər kəsə qəlbindən nur paylayırsan.
    Xoş arzu, ən ülvi dilək kimisən,
    Hamını saflığa haraylayırsan.

    Qoy ömür bağçanı sazaq almasın,
    Tər güllər ömrünün naxışı olsun.
    Həyatın sevincdən uzaq olmasın,
    Bu da biz dostların alqışı olsun.

  • Rafiq ODAY.”Elə-belə”

    Biraz səbrim daralıb,
    Təngiyib nəfəsim də.
    Sən cah-cəlal eşqində,
    Mən sevda həvəsində.

    Qayıtmaq ümidi var,
    Hər köç edən quşun da.
    Yazı oxunmaz olub
    Alnımın qırışında.

    Yağışda islanıram,
    Keçib gəlirəm qardan.
    Üstümə qor ələnir
    Sayrışan ulduzlardan.

    Qaçıbdı gözlərimdən
    Yuxu, göyə dirənib.
    Qalxıb sinəmin ahı
    Axı göyə dirənib.

    Yaz da, payz da, qış da,
    Elə yay da sənindi.
    Mən fayda güdmürəm ki,
    Bütün fayda sənindi.

    Barı, insafla iş gör,
    Yerində nəsə saxla.
    Vüsalına yetməyə
    Bir yol da kəsə saxla.

  • Rafiq ODAY.”Əllinin üstünə”

    Əyyub Qiyasın 50 yaşına

    Bir az huzur, bir az kədər
    Yağır əllinin üstünə.
    Çiyinləri qançır-qançır,
    Yağır – əllinin üstünə.

    Əlli – bəlli, ömür yarı,
    Artır saçlarının qarı.
    Tanrı göydə buludları
    Sağır əllinin üstünə.

    Ha qaçsan da fitnə-feldən,
    Dara çəkilirsən dildən.
    Qarışqadan yüngül, fildən
    Ağır əllinin üstünə.

    Kipriklərin mamır-mamır,
    Gözdən axan qəlbə damır.
    Qılıncını çəkən cumur
    Fağır əllinin üstünə.

    Tanrım səni səndə qorur,
    Yol azmasın bəndə, qorur.
    Canda təpər, təndə qürür
    Yığır əllinin üstünə.

    Cismin də EŞQ, ruhun da EŞQ,
    Dağlar dələn ahın da EŞQ,
    EŞQ adlı Allahın da EŞQ –
    Çağır əllinin üstünə.
    14.12.2018.

  • Rahilə xanım DÖVRAN.”Dövranam”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Düşüncələrim” – silsiləsindən/

    Ömür adlı kəhərimi yora-yora çapmışam,
    Çox gecəmi yatmamışam, gündüzümə qatmışam.
    Kipriyimdə od daşıyıb, bu günlərə çatmışam
    Vətənimə, torpağıma, millətimə heyranam,
    Azərbayçan övladıyam, mən şairə Dövranam!

    Yurd bilmişəm türk yaşayan hər ulusu- Turanı,
    Köksüm alta, sinəmdədi dağı, düzü, aranı.
    Baş üstündə Ay- Ulduzu, dildə təkbir, Quranı
    Səmasında qartalıyam, düzlərində ceyranam,
    Azərbayçan övladıyam, mən şairə Dövranam!

    Nə zamandır qan ağlayır irəvanım, Qarabağ,
    Ey Ağrıdağ, ey Savalan, canım-gözüm Haçadağ.
    Tonqal çatın zirvənizdə, yeri-göyü oynadağ
    Mamır basmış qaya altdan, Aslan təkim oyanam,
    Azərbayçan övladıyam, mən şairə Dövranam!

    Əxz etmişəm babalardan əzəməti, vüqarı,
    Comərdliyi, sədaqəti,əhdə vəfa, ilqarı.
    Namərdlərdən gizlətmişəm göz yaşımı, qübarı
    El- obama göz dikənə sərt tufanam, boranam,
    Azərbayçan övladıyam, mən şairə Dövranam!

    Qisas üçün çalınarsa “Mehtər”, Cəngi”, ər Marşım,
    Şəhidimə gülab olar zəfər, sevinc göz yaşım.
    Qiyamətdən betər olar, bu müqəddəs savaşım
    Müxənnətdən hər məqamda haqlı hesab soranam,
    Azərbayçan övladıyam, mən şairə Dövranam!

  • Rahilə xanım DÖVRAN.”Haqqın mizanı”

    Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı

    /”Düşüncələrim” – silsiləsindən/

    Dünyamız olubdur fırıldaq, yalan,
    Abır, ismət, əxlaq, edilib talan.
    Nə varsa yox olub əcdaddan qalan,
    Qoruya bilmirik Tanrı yazanı-
    Allahım, qurulsun Haqqın mizanı.

    Artır bəyaz saçlar ağıllı başda,
    Bu hala qəlb nədir, əriyər daş da.
    Bəllərdik ərləri, mərdi savaşda,
    Kilkilər ram edir nərə, sazanı-
    Allahım, qurulsun Haqqın mizanı.

    Yalan ayaq açır, hətta yeriyir,
    Iblis bic-bic gülür, eyləyir seyir.
    Yalançı doğruya şər, böhtan deyir,
    Islah etmək üçün yolun azanı-
    Allahım, qurulsun Haqqın mizanı.

    Zaman mürgüləyir, yuxuya dalib,
    Aqillər, adillər kənarda qalıb.
    Gülzar bağçalıqda, alaq kök salıb,
    Yazımız görməmiş vaxtsızxəzanı-
    Allahım, qurulsun Haqqın mızanı.

    Nələri görməyib bu qoca Turan,
    Bizə kömək olsun müqəddəs Quran.
    Əl açıb dərgaha yalvarır Dövran:-
    Qoy çəksin suçlular haqlı cəzanı-
    Allahın, qurulsun Haqqın mizanı.

  • Xatirə FƏRƏCLİ.”Adını bilmədiyim ağrı”

    Ağlamaq xilasdır çox zaman,
    ağlaya bilməmək zülüm,
    nə etdin bə, zalım,
    qurutdun göz yaşımı,
    əvəzində
    hüzur yox, ağrı verdin –
    adını bilmədiyim ağrı.

  • Xatirə FƏRƏCLİ.”Apardı”

    Elə bulandırdın könül aynamı,
    Düzəlib durulmaq illər apardı.
    Söküb xatirəni tulladım yerə,
    Küləklər sovurdu, yellər apardı.

    Əslində nə idi, nə oldu adı,
    Çəkib, çəkişdirdi doğması, yadı,
    Çoxların qarsıdı alovu, odu,
    Söhbətlər soyutdu, dillər apardı.

    Gəlmişdim, qismətdə bir biyar ömür,
    Bu biçilmiş ömrə di sığış, gömül,
    Hər soyuq baxışdan çat verən könül,
    Hər çatda nə boyda sirlər apardı.

  • Xatirə FƏRƏCLİ.”Bu payız”

    Gəldi öz donunda, öz biçimində,
    çaldığı ilmələri
    bərli-bəzəkli, xal-xal,
    rənglədi təbiəti,
    yarpaqlar
    bu payızın ayağına
    ağacların göndərdiyi təşəkkürü, minnəti.
    Elə bil arzu idi, həvəs idi, gəlmişdi,
    hisslərə can verməyə nəfəs idi,
    gəlmişdi,
    oynatdı könülləri,
    göyçək sevgisi qaldı vurğun ürəklərdə.
    Çətin,
    çətin ki, gələ
    belə payız,
    bu payız
    dünya üzünə birdə.

  • Xatirə FƏRƏCLİ.”Səni gözlədim”

    Əsir edib istəkləri,
    sındırıb çox ürəkləri,
    görməz olub gerçəkləri
    səni gözlədim.

    Kölgələnmiş aya döndüm,
    sıralandım, saya döndüm,
    toy-büsatdım, vaya döndüm,
    səni gözlədim.

    Gəzən səda-soraq olub,
    gözü itmiş bulaq olub,
    yaxınlara uzaq olub
    səni gözlədim.

    Damla olub dolan gözdə,
    söhbət olub dildə, sözdə,
    baxış qoyub yolda, izdə
    səni gözlədim.

    Ucalardan enmədin sən,
    daşa döndün, dinmədin sən,
    nələr çəkdim… bilmədin sən…
    səni gözlədim.

  • Şəfa EYVAZ.”Çıx get ürəyimdən”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Gəl çək öz köçünü duyğularımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.
    Yuxuydun yox oldun sən həyatımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Döndün ümidimin göz yaşına sən
    Aldandın kiminsə göz-qaşına sən.
    Köçdün taleyimin yaddaşına sən,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Sevmək,sevilmək də yalanmış demə
    Sevgin özü boyda yükdü qəlbimə,
    Sən layiq deyilsən mənim sevgimə
    Çıx get ürəyimdən,daha sevmirəm.

    2006

  • Şəfa EYVAZ.”Mənim yarımçıq şerim…”

    Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi

    Dağınıq fikirlərim kimisən bu gün
    yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
    yarı başqa yerdə, başqa evdə, başqa aləmdə…

    İş masamın üstünə düzülüb xəyalların…
    Bütün kağızların bir tərəfində
    sənin şifrələnmiş adın,
    bir tərəfində mənə aid cızma-qaralar…
    Eynən duyğularım tək qarma-qarışıq…

    Yağış döyən pəncərəmdə görünür bir ara üzün,
    Diksinib baxıram… “yanıldım” yenə o hüzn…

    Bir tərəfdə sırf özəl əşyalar,
    gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar…
    Soldakı çərçivədə rəsm – sonuncu xəyal,
    kiçik bir ailə, kiçik ev, məsum uşaqlar…

    Önümdə yazdığım bir neçə sətir –
    hələ tamamlanmamış yarımçıq şeir…
    nədənsə istəmirəm sonuncu cümləni yazmaq…

    dağınıq fikrilərim kimisən bu gün
    yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
    yarı başqa yerdə, başqa evdə , başqa aləmdə…

    Sən mənim yarımçıq şeirim kimisən
    heç vaxt son cümləsi yazılmayacaq…
    2011