memmedhacizade

Olmasın

Varlananda qarşındakı adamlar,
Göz önündə cılız,arıq olmasın.
Oturanda düzgün otur,yaylanma,
Gözlə sinən çox qabarıq olmasın.

Həyat səni sınaqlarla bərkidir,
Nər kişilik bu həyatın ilkidir.
Gözəl sözdür,deyir:-pul əl çirkidir,
Əsas odur zatın qırıq olmasın.

Dünya

Pulun üz döndərib düzgün adamdan,
Dolur əyrilərin cibinə,dünya.
Xəcalət çəkirəm yerinə sənin,
Girirəm torpağın dibinə,dünya.

Tikan da əyrinin,gül də əyrinin,
Danışan”bir qarış dil”də əyrinin.
Qızıl da əyrinin,ləl də əyrinin,
Girmişəm dərdinin küpünə,dünya.

Ağlım başımdadır,dəliyəm bəlkə?
Bilmirəm,diriykən ölüyəm bəlkə?
Başına Tanrının külüyəm bəlkə?
Yatmıram sapına,ipinə,dünya.