esse

Sahibinin yolunu gözləyən it

Hər dəfə rayona gedəndə bir it görürdüm yol qırağında- çox vaxt da eyni yerdə
Bu itin sahibinin kim olduğunu isə dəqiq bilmirdim. Bu dəfə kəndə gedəndə öyrəndim ki, həmin it toydan qayıdarkən qəza nəticəsində dünyasını dəyişən
həmyerlimiz Səxavət və Dəyanət qardaşlarının itidir. Tez-tez öz sahibinin məzarı üstünə də gedir. O gün yenə həmin iti gördüm…
Sahibinin məzarını unudub onun toydan qayıdacağı anı gözləyirdi…
Yol qırağında bir it var. Gecə-gündüz yollara baxır o it. Yol gözləyir, bir gün sahibinin geri dönəcəyi günü gözləyir…

28 mart, 2015
Müəllif:Gültən Qədirli

Sahil bağındakı qərənfillər
Bu yaxınlarda Sahil bağında baş verən cinayət hadisəsi mənə cox pis təsir etdi. Həmin vaxtdan öz-özümə deyirdim ki, Allahım, insanlar bu qədərmi qəddarlaşıb? İtin hürməyinə görə də adam öldürərlər? Sonra eşitdim ki, Sahil bağında o bədbəxt hadisə baş verən yerə qərənfillər qoyulub. O oğlanın son dəfə bu dünyaya baxdığı yeri görmək istədim. Yazıçılar Birliyinə gedəndə Sahil bağını başdan ayağa gəzdim, amma qərənfillər qoyulan yer görmədim, fikirləşdim ki, yəqin götürüblər, gör neçə gün keçib üstündən. Bir həftə keçməmiş yenə də yolum ordan düşdü. Birdən qarşımda yerə qoyulmuş qərənfilləri gördüm…Bir neçə dəqiqəliyə ayaq saxladım, o oğlanın ruhunu yad etdim…Həmin anlarda orda baş verən hadisə gözlərim önündə canlandı…Özümə gələndə gördüm gözüm yaşarıb və qorxmuş kimiyəm, elə bil canlı şahidi olmuşam o hadisənin. Aralandım ordan…O oğlanın itini fikirləşdim..Görəsən o it neyləyir indi? Görəsən sahibinin ona görə öldürüldüyünü duyubmu? Görəsən öldürülən o oğlan sevdiyi qıza gül vermişdimi?…Sahibsiz itlərin biri də artdı…

Müəllif:Gültən Qədirli
25 Yanvar, 2015