me

Gecələr vahimə gəlir üstümə,
Qürbətdə ölməkdən qorxuram yaman.
Yuxuda getməyir yaşlı gözümə,
Vətənsiz qəribəm,dağları duman,
Qürbətdə ölməkdən qorxuram yaman.

Gözlərim axtarır qoca dağları,
Həyat dara çəkdi bu insanları,
Unutduq vətəni,bu torpaqları.
Dənizdə fırlanan bir burulğanam.
Qürbətdə ölməkdən qorxuram yaman.

Vətən ayrı düşdü öz balasından,
Qarabağ torpağı öz dünyasından.
Sağalmaz ürəyim belə yaradan,
Tapmıram,yarama gəzsəmdə dərman,
Qürbətdə ölməkdən qorxuram yaman.

Gözüm ağlar,dilim sızlayan sazdı,
Elimi-obamı yağı apardı,
Qaraca çobanda haya çatmadı.
Meydanda tək qalan,sanki Qazanam,
Qürbətdə ölməkdən qorxuram yaman.

Mehri deyər,el olubdu həsrətim,
Gəldiyim yollara baxır gözlərim,
Xəstəyəm,titrəyir yaman əllərim.
Bu yataqdan bilməm durub,durmaram,
Qürbətdə ölməkdən qorxuram yaman.

Kiyev 06-03-2015