1915291_748109358667106_2463672035380493579_n

“Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü,
Prezident təqaüdçüsü, Gənclər müfakatçısı

Biz hər nə qədər təsadüflərə inanmasaq da “ömür” adlı məfhum anların vəhdətindən ibarətdir. Hətta, xoşbəxtlik də bir anın hökmündədir. Insanlar öz anlarının dəyərini anlasa, o bircə anın qədrini bilsə təsadüflərin ona Tanrı ərməğanı olduğunu anlayar.
Mənim həyatımda da Tanrı ərməğanı anların hakimliyi çox olub. Bu hakimiyyətlər bəzən xoşbəxtliyimin açarı, bəzən də həyatımın sonrakı davamının səbəbi olub. 2012-ci ilin üçüncü ayında belə təsadüflərdən biri idi. Martın 22-dən 23-nə keçən gecə Gəncə Şəhər Dəmiryol Xəstəxanasında ginekoloq Adilə Abbasovanın növbəsində xəstəxanaya getməyim də təsadüf idi… Onun əllərindən şəfa taparaq üz-üzə dayandığım ölümə zəfər çaldım. Səkkiz aydan çox Bakının bir çox özəl və dövlət xəstəxanalarında müayinə olunsam da mənə düzgün diaqnoz qoyulmurdu. Hər həkimin öz diaqnozu, öz yeni “evrikası” vardı. Və mənə düzgün diaqnozu da Adilə Abbasova təyin etdi. Müalicə isə sürətlə məni gələcəyə gedən yola istiqamətləndirdi. Cəmi iki ay ərzində Adilə Abbasovanın müalicəsi ilə mən sağlamlığıma qovuşmuşdum. Artıq dörd ildir ki, mən ürəklə Adilə Abbasovaya MƏNİM HƏKİMİM deyirəm. Hətta, 2013-cü ildə Yevlaxda yaşayan, evliliyinin 3-cü ilində ana ola bilməyən rəfiqəmi də həkimimin yanına apardım. Indi bir oğlu və bir qızı var.
Adilə Abbasova savadlı ginekoloq kimi hər nə qədər mənimçün əvəzsizdirsə, onun mənə göstərdiyi qayğı, verdiyi ümidlər bu dəyəri ölçüsüz edir. Bütün həyatdan əl üzdüyüm anda belə Adilə Abbasova mənə :
-Səninçün hər şey yaxşı olacaq!-deyib.
Bir həkimin öz xəstəsinə göstərdiyi mehribanlıq müalicənin yarısıdır. Aradan dörd il keçib Adilə Abbasovanı mənə bəxş edən anın hökmündən. Hələ də günün istənilən saatında, hətta, gecə belə ona ürəklə zəng edib məsləhətləşə bilirəm. Məncə, bu böyüklükdə ürəyin qarşısında baş əyməyə dəyər.
Adilə Abbasova Azərbaycan qadınlarının əl uzadınca əlini tutduğu, hayına çatdığı yerdədi: Gəncə Şəhər Dəmiryol Xəstəxanasında. Və onun sədasını dünyaya gəlişində yardımçı olduğu neçə-neçə körpənin səsində, öz sağlamlığına qovuşan Azərbaycan qadınlarının uğurlarında eşitmək heç də çətin deyil.
Nə yaxşı ki, varsınız, MƏNİM HƏKİMİM!

( AYB və AJB üzvü, gənc yazar, Gəncə)