Eyruz Memmedov Zohra ve Kenan

Eyruz Məmmədovu istər Sumqayıtda, istərsə də Bakıda yaxşı tanıyırlar. Respublikanın əməkdar jurnalistidir. O, 28 ildir ki, Sumqayıtda baş verən hadisələrin tədqiqatı ilə məşğuldur. 10-a yaxın kitabı çap olunmuş, üç sənədli filmi çəkilmişdir. Həmin kitablar və sənədli filmlər erməni millətçilərinin iç üzünü açmış, dünya ictimaiyyətinə əsl həqiqət tutarlı dəlil-sübutlarla çatdırılmışdır.
Eyruz müəllim sənədli publisistika ilə yanaşı, bədii yaradıcılıqla da məşğuldur. Onun “Gecə…incə gecə…”, “Dama Pika”, “R.S.”, “Mister Riç” və sair romanları nəşr olunmuşdurr. Əsərləri türk, rus, alman, ingilis və ispan dillərinə tərcümə olunub.
Bu yaxınlarda müəllifin “Azəri” nəşriyyatı tərəfindən “Zöhra və Kənan” adlı yeni romanı işıq üzü görmüşdür. Əsərdə hadisələr 2004-2005-ci illərdə İraqda baş verir. Amerika və ingilis qoşunları Bağdada daxil olmaqda məqsədlərini nüvə silahının ləğvi ilə əlaqələndirirlər. Əslində isə belə deyildir. İraqda nüvə silahının olmaması hamıya məlumdur. Qərb dövlətlərini İraqın nefti maraqlandırır. Onlar Səddam Hüseyn rejimini devirmək, hakimiyyətə dırnaqarası demokratik qüvvələrin gətirilməsini bəyan etsələr də, əslində İraq neftinə sahib çıxmaq ustəyirlər.
Müharibə böyük bir ölkəyə fəlakət gətirir, şəhərlər dağıdılır, insanlar qətlə yetirilir, ana-bacıların göz yaşları ümmana çevrilir. Əsərin əsas qəhrəmanı Kənan Bağdada yola düşür, Qızıl Aypara cəmiyyətinin xətti ilə İraqa yardım aparmış və orada naməlum şəkildə itkin düşmüş atasının axtarışlarına başlayır. Burada baş verən vəhşilikləri, yerli əhaliyə qarşı amansız işkəncələrin şahidi olur. Hadisələr biri-birinin ardınca dinamik surətdə inkişaf etməyə başlayır. Kənan ölümlə üzləşir, sağ qalmaq üçün mübarizə aparır. Bu mübarizə olduqça ağır və dəhşətli olur. Bununla belə, Kənan inadından dönmür, atasının axtarışı ilə bağlı bir sıra hadisələrin mərkəzində olmağa məcbur olur, burada Zöhra adlı bir qıza vurulur. Bu məhəbbətə qarşı çıxanlar tapılır. İki aşiqin tapılmasına və ölümünə fərman verilir. İraqda ədalətsiz müharibə insanların taleyini, həyata baxışlarını dəyişir, münasibətlərdə psixoloji sarsıntılar yaradır. Əsərdə butün hadisələr dolğun və inandırıcı təsvir olunur.
Kitabı Sumqayıtın mərkəzi kitabxanasında, o cümlədən Sumqayıt və Bakı şəhərlərinin kitab satışı mağazalarından əldə etmək olar.

]Ərşad Nihad,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü