İnsanın dünya ilə tanışlığı, ətrafındakı maddələrə qarşı reaksiyası, onun düşüncələrindən və öyrənə bildiklərindən asılıdır. Mən də həyatı dərk etdiyim vaxtlarda, hər bir əsil Azərbaycanlı kimi şeirə, poeziyaya güclü marağım, sevgim yarandı. Bu marağın əsasında isə hələ uşaq yaşlarımdan əvəzsiz bir natiqin ifasında dinlədiyim gözəl şeirlər dayanır. O, şeirlər ki, yazılışı təkmil olduğu qədər, ifa tərzi ilə öz donunu dəyişib daha da gözəlləşib, zövq oxşayırdı. Doğrudan da şair şeiri yazar, dünyaya gətirər, gözəl ifaçı isə şeirə nəfəs verər, canlandırar. Necə ki, pis insan yoxdur, pis xarakter var, eləcə də pis söz yoxdur, sözün pis şəkildə ifadə olunması var. Sözü gözəl və dəyərli edən isə onu məkanında və zamanında ifadə edənlərdir. Sözün, şeirin gücünü artıran, onu daha da gözəlləşdirən insanlara qiraət ustaları deyilir. Qiraət ustası olmaq üçün təkcə təhsil alıb da bu sənətə yiyələnmək olmur. Gərək Uca Yaradan insanı dünyaya bəxş edəndə ona xüsusi bir təbəssüm, xüsusi bir sima bəxş etsin. Qeyri-adi istedada malik olsun ki, onun dediyi hər bir kəlmə saf bulaq suyu kimi insanların ürəyinə axsın. Onu dinləyən hər bir insanı düşündürsün. Sadaladığım bütün gözəl keyfiyyətləri özündə əks etdirən, sözün deyilişinə xüsusi ustalıqla yanaşan, sözün həqiqi mənasında böyük ziyalı, Şirvanımızın fəxri, Seyid Mirfazil Ağa haqqında kiçik bir yazı təqdim etmək istədim.
Mirfazil Seyidkamil oğlu Mirhəsənli 1957-ci 22 yanvar tarixində Ağsu rayonu, Kəndoba kəndində anadan olub. 1974-cü ildə Ağsu rayon Kəndoba kənd orta məktəbini müvəffəqiyyətlə bitirib. 1975-1977-ci illərdə indiki Almaniya Federativ Respublikasında hərbi xidmətini keçib. 1977-1985-ci illərdə Ağsu rayon Kəndoba kənd Mədəniyyət evində bədii rəhbər vəzifəsini, 1985-1990-cı illərdə isə sözügedən təşkilatda direktor vəzifəsini icra edib. 1980-ci ildə indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinə daxil olub və Mədəni maarif fakültəsinin özfəaliyyət teatr kollektivinin rəhbəri ixtisası üzrə təhsil alıb. 1985-ci ildə sözügedən universiteti bitirib. Göstərdiyi yüksək, nümunəvi mədəniyyətə və ziyalılığa görə cəmiyyətdəki insanların, xüsusi etimadını, sevgisini qazanmışdır.
Seyid Mirfazil Ağa hələ gənc yaşlarından yüksək vəzifələrdə çalışmışdır.
1990-cı ildə o vaxtkı Xalq Deputatları Sovetinin İcraiyyə komitəsinin sədri vəzifəsində çalışıb. 1992-1994-cü illərdə Xalq Deputatları Sovetini əvəz edən İcra Nümayəndəliyində İcra nümayəndəsi vəzifəsində çalışıb. 1994-cü ildə Ağsu rayon Komsomol kolxozunun idarə heyətinin sədri olub. 1996-2010-cu illər arası fərdi əməklə məşğul olub. 2010-cu ildən bu vaxta qədər Ağsu rayon Kəndoba kəndində Bələdiyyə sədri vəzifəsində çalışır. Rəvan nitqi, bacarığı və yüksək mədəniyyəti ilə böyük etimad qazanması onu həmin vəzifələrə gətirib çıxarmışdır. Çalışdığı vəzifələrdə isə həmin etimadı doğrultmuş və cəmiyyətdə böyük sevgi qazanmışdır. Mən belə hesab edirəm ki, bir insanın həyatda qazandıqları içərisində ən dəyərlisi, ən önəmli xəzinə xalqın, insanların sevgisidir. Bu baxımdan Mirfazil Ağa dünyanın ən varlı ziyalılarındandır. Çünki, onu tanıyan hər bir şəxsin sevgisini, hörmətini qazanmışdır. Səmimiyyət və sevgi ilə zəngin olan bədii qiraət ustasının ifasındakı şeirlər də bir o qədər gözəl və ecazkar səslənir. İnsan bir işi ürəklə, sevgi ilə icra edərsə əlbəttə ki nəticəsi də gözəl olar.
Mirfazil Ağa təkcə şeirləri ifa etməklə kifayətlənməyib, həmçinin də gözəl şeirlərin müəllifidir. Lakin əsil şeirin dəyərini və məsuliyyətini daha dərindən bildiyi üçün, böyük şairlərin şeirləri ilə müqayisədə öz şeirlərini təvazökarlıqla kiçik adlandıraraq, heç vaxt şeirlərinin dərc olunmasına imkan yaratmayıbdır. Sözün keşiyində dayanmış bədii qiraət ustası Mirfazil Ağaya uzun ömür, möhkəm can sağlığı, davamlı yaradıcılıq uğurları arzu edirik. Bundan əlavə onun şəninə çoxsaylı şeirlər yazılmışdır. Həmin şeirlərdən birini oxuculara təqdim edirik!

Mirfazil ağa

Bir adın altında min ad yaşayır,
Cəsarət yaşayır, cihad yaşayır.
Şerə qanad verir, rahat yaşayır
Ehtiyac duymayır tərif olmağa
Tarixi natiqdir Mirfazil Ağa.

Küləklər səsini yayıb ölkəyə,
Dəvət alır hər şəhərə, bölgəyə.
Şükür olsun Haqdan gələn vergiyə,
Çəkmək olmaz onu sözlə sınağa
Tarixi natiqdir Mirfazil Ağa.

Söz-sənət dünyası başqa bir aləm,
Düşüncəsi çox humanist möhtəşəm.
Övlüyadır, Haqq eşqindən deyil kəm ,
Xeyir dua verir neçə ocağa,
Tarixi natiqdir Mirfazil Ağa.

Elnarə GÜNƏŞ,
zərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri