Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçasında məktəbə hazırlıq A və B qrupunun «Əlvida bağça» adlı tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikası Himninin sədaları altında başlandı. Tədbiri giriş sözü ilə məktəbə hazırlıq qrupunun uşaqları açaraq, bağçanın rəhbəri Mehparə xanım Məmmədovanın ürək sözlərini eşitmək istədiklərini bildirdilər. Mehparə xanım uşaqları, eyni zamanda valideynləri bu əlamətdar gün münasibətilə səmimi qəlbdən təbrik etdi. O, bağçanın məzunlarına elmin, təhsilin və həyatın enişli-yoxuşlu yollarında uğurlar arzuladı. “Bir vaxtlar bizim bağçanın məzunları olan uşaqların səsi-sorağı indi respublikamızın və xarici dövlətlərin ali məktəblərinin auditoriyalarından gəlir. Xoşbəxtik ki, onlar bu gün də bizi böyük hörmətlə, məhəbbətlə yad edirlər, hətta davamlı olaraq bağçaya öz müəllimlərini görüşməyə gəlirlər. Bizim ən böyük səadətimiz də budur» – deyən Mehparə müəllimə bir daha uşağlara ən xoş arzularını bildirdi.
Süvindirici haldır ki, bağçada ilboyu bütün əlamətdar günlər qeyd edilir. Uğurları, səliqə-səhmanı ilə seçilən bu bağça validenlər və uşaqlar tərəfindən hər zaman sevilib. Bu gün eyni zamanda bağçanın A və B qrupunun tərbiyəçi müəllimləri Günel Abbaslı, İradə Qarayeva, Nailə Qulamova, Səidə Əliyeva üçün də əlamətdar idi. Onlar qruplarındakı bütün uşaqlara savadlı, məntiqli, bacarıqlı, vətən üçün gərəkli şəxsiyyət kimi formaşmağı arzuladılar.
Daha sonra hazırlıq qruplarının uşaqları hazırladıqları mahnıları, şeirləri, rəqsləri, maraqlı oyunları təqdim etdilər. Onların hər birinin gözündə günəş işığı vardı və bu işıq aydın sabahlara doğan ümid və məhəbbətin vəhdətindən yaranmışdı.
Sonda uşaqlar öz ürək sözlərini dedilər: «Bizim ən böyük arzumuz aydın və günəşli səma altında yaşamaqdır. Söz verirk ki, vətənimizi, torpağımızı, bayrağımızı, dilimizi, dinimizi, validenlərimizi, müəllimlərimizi hər zaman sevəcək, onlara layiq olmağa, etimadlarını və ümidlərini doğrultmağa çalışacağıq.»
Qeyd edək ki, Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçası 1988-ci ildən fəaliyyət göstərir. 205 yerlik, 12 qrupdan ibarət olan bağçada üşaqların təlim-tərbiyəsi ilə 24-ü pedaqoji təhsilli olmaqla 54 nəfər məşğul olur. 28 ildir ki, bağçaya Mehparə xanım Məmmədova rəhbərlik edir.
Biz də öz növbəmizdə Sumqayıt şəhər 63 №-li “Venera” körpələr evi-uşaq bağçasının körpələri də daxil olmaqla dünyanın bütün uşaqlarına sülh, əmin-amanlıq, sağlamlıq və xoşbəxt gələcək arzulayırıq.

Nisə QƏDİROVA,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının xüsusi müxbiri,
Sumqayıt şəhəri