Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, amerikalı yazıçı və jurnalist Ernest Heminqueyin müəllifi olduğu “Fiesta” romanı Azərbaycan dilində respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” Nəşriyyatı tərəfindən 256 səhifə həcmində 100 tirajla işıq üzü görüb.
Ernest Heminqueyin “Fiesta” (“Günəş doğur”) romanı “itirilmiş nəsil” adlandırılanlardan bəhs edir. Romanın Birinci Dünya Müharibəsində fiziki və mənəvi işgəncələrə məruz qalan qəhrəmanları acı xatirələrdən uzaqlaşmağa çalışırlar. Onların hər biri bədbəxtdir: həyatda dayaq axtarırlar, amma tapa bilmirlər. Onların təlaşı, yeni təcrü-bələrə susuzluğu və səmimi ünsiyyətə olan aclığı buradan qaynaqlanır. Onlar fədakardırlar, sevgi və dostluğun, fiesta və təbiətlə ünsiyyətin bəxş etdiyi nadir dəqiqələrdə özlərini yenidən dünyaya gəlmiş kimi hiss etməyi bacarırlar.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan” qəzeti