Ombudsman Aparatı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyi ilə birgə yerli icra hakimiyyətinin, bələdiyyə, hüquq mühafizə, səhiyyə və digər dövlət qurumlarının təmsilçilərinin, eləcə də hakimlərin iştirakı ilə Sumqayıt şəhərində təlim keçirib.

Tədbirdə çıxış edən ombudsman Elmira Süleymanova müasir dövrdə həm dövlət qurumlarının fəaliyyətində, həm də ailədə qadın və uşaqların ən yaxşı maraqlarının təmin olunmasının prioritet kimi tanındığını söyləyib. O, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi sosial, iqtisadi və hüquqi islahatlar nəticəsində insan hüquqlarının daha səmərəli müdafiəsi, o cümlədən BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiyasına uyğun olaraq qadınların vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş bir sıra mühüm qanunların, dövlət proqramlarının qəbul edildiyini vurğulayıb.

Ölkəmizdə bütövlükdə insan hüquqlarının müdafiəsi və təmini üzrə qəbul edilmiş üç mühüm strateji sənəd – İnsan hüquqlarının müdafiəsinə dair ilk Dövlət Proqramı (1998), Azərbaycan Respublikasında İnsan Hüquqlarının Müdafiəsi üzrə ilk Milli Fəaliyyət Planı (2006) və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində ilk Milli Fəaliyyət Proqramı (2011) haqqında məlumat verilib, milli qanunvericiliyin daha da təkmilləşdirilməsi və hüquq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb. Milli Fəaliyyət Proqramının 2.15-ci bəndində qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığı ilə mübarizənin gücləndirilməsi, bu cür zorakılığın qurbanları üçün hüquqi müdafiə vasitələrinin, zəruri kompensasiyanın, reabilitasiyanın, tibbi və psixoloji yardımın təmin olunması sahəsində tədbirlərin səmərəliliyinin artırılmasının təsbit olunduğu, bu sahədə aidiyyəti icra qurumları tərəfindən müvafiq tədbirlər görüldüyü bildirilib. Ölkənin ayrı-ayrı bölgələrində əhali arasında bu istiqamətdə maarifləndirmə və məlumatlanma işlərinin apardığı diqqətə çatdırılıb.

Vurğulanıb ki, cəmiyyət inkişaf etdikcə ölkəmizdə qadınların hüquqlarının təmin olunması, onların idarəetmədə iştirakı və fəallığının daha da artması müşahidə edilir.

BMT QAK-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Furio de Angelis dünyada məcburi köçkünlərin vəziyyəti, onların qarşılaşdıqları problemlər, rəhbərlik etdiyi qurumun mandatına uyğun olaraq qadınlarla bağlı fəaliyyətləri barədə danışıb. O, qadın və uşaq hüquqlarının təmin olunmasının və zorakılıqla mübarizənin tədris proqramlarına daxil edilməsinin, habelə Azərbaycanda qadın hüquqlarının təmin edilməsi və məişət zorakılığı ilə mübarizə sahəsində əldə edilən uğurlarla yanaşı, bir sıra problemlərin mövcud olmasını nəzərə alaraq, birgə fəaliyyətin gücləndirilməsi istiqamətində məqsədyönlü işlərin aparılmasının vacibliyini vurğulayıb.

Ombudsman Aparatının qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi sektorunun müdiri Turan Cahangirova qadınlara qarşı zorakılığın səbəbləri, növləri, qarşısının alınması yolları və mənfi təsirləri, habelə qadın hüquqlarının təmini və müdafiəsi ilə bağlı ombudsmanın fəaliyyəti, o cümlədən məişət zorakılığı və erkən nikahların qarşısının alınması sahəsində maarifləndirmə və digər tədbirlər barədə məlumat verib.

Tədbirdə Sumqayıt şəhərinin baş psixiatrı, baş narkoloqu, yerli icra hakimiyyəti, hüquq-mühafizə, məhkəmə orqanlarının nümayəndələri, habelə qadın məsləhətxanasının və uşaq poliklinikasının baş həkimləri, bələdiyyə üzvləri çıxış edərək bu problemə münasibətləri, vəzifələri və görüləcək işlər üzrə təklif və tövsiyələr səsləndiriblər. Nəticədə qadın hüquqlarının təmin olunması və məişət zorakılığının aradan qaldırılmasında birgə əməkdaşlıq barədə razılıq əldə edilib.

Mənbə: azertag.az