XIX əsr dünya ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-mütəfəkkir Lev Nikolayeviç Tolstoyun ömür-gün yoldaşı Sofya Tolstayanın “Mənim həyatım” adlı kitabı 2016-cı ildə respublikanın paytaxtı Bakı şəhərində fəaliyyət göstərən “Kitab Klubu” nəşriyyatı tərəfindən 232 səhifə həcmində, 100 tirajla işıq üzü görüb.
Lev Tolstoyun arvadı, dostu və köməkçisi Sofya Andreyevnanın bu əlyazması uzun illər arxivdə saxlanmış və oxuculara məlum olmamışdır. Çünki S.Tolstayanın vəsiyyətinə görə əlyazması yalnız onun ölümündən 50 il sonra çap edilə bilərdi. Oxucular kitabdan bu böyük insan, onun ailəsi, yaxın adamlarla münasibəti barədə çox şey öyrənəcəklər. Eyni zamanda xatirələr Lev Tolstoyun məlum obrazının dəqiqləşdirilməsinə, bəzi geniş yayılmış şayiə və dedi-qoduların aradan qaldırılmasına kömək edəcəkdir.

Gülnarə ŞÖHRƏDDİNQIZI,
“Möhtəşəm Azərbaycan”