“Azərikimya” İstehsalat Birliyinin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə məktəblilər və tələbələr arasında elan etdiyi və bir ay davam edən “Mənim Sumqayıtım” adlı rəsm müsabiqəsinə yekun vurulmuşdur.
Müsabiqə Sumqayıtda və sumqayıtətrafı ərazilərdə geniş əks-səda doğurduğundan, bir ay ərzindəmüsabiqəyə Sumqayıt, o cümlədən Hacı Zeynalabdin Tağıyev, Corat, Saray qəsəbələrində yerləşən orta məktəblərin şagirdlərinin, respublikamızdakı ali məktəblərin nəzdində fəaliyyət göstərən liseylərin tələbələri tərəfindən 150 iş daxil olmuşdur.
Təqdim olunan əl işləri Azərbaycan Rəssamlar İttifaqının üzvləri – Mikayıl Abdullayev, Elxan Ağayev, İntiqam Ağayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev, Sumqayıtın Tarixi Muzeyinin direktoru Olya İslamova, AzərTAc-ın xüsusi müxbiri Ətrabə Rzayeva, “Azərikimya” İstehsalat Birliyinin Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Ömərov və İdarəetmə aparatının Sosial-inkişaf şöbəsinin müdiri Fikrət Əliyevin təmsil olunduğu münsiflər heyəti tərəfindən diqqətlə araşdırılmış və ilkin mərhələdə 30 şagirdin əl işi seçilmişdir.
Növbəti mərhələdə 30 əl işinin içərisindən fəxri yerlərin sahibləri seçilmiş, münsiflər heyətinin ümumi rəyi ilə bir I yerin, bir II yerin və iki III yerin qalibləri bəlli olmuşdur.
Müsabiqənin qalibləri “Azərikimya” İstehsalat Birliyi tərəfindən pul mükafatları və diplomlarla təltif olunacaqlar. Eyni zamanda birinci mərhələdə seçilmiş 30 əl işinin sahiblərinə diplomlar təqdim ediləcəkdir. Bunlardan başqa 1 əl işi də Sumqayıtın Tarixi Muzeyi tərəfindən bəyənilmiş və muzeyin diplomuna layiq görülmüşdür. Qaliblərə mükafatların təqdim olunması mərasimi 3 fevral 2017-ci il tarixində “Azərikimya” İB-nin akt zalında keçiriləcəkdir.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti