«Azərikimya» İB-nin akt zalında 2 fevral – Azərbaycan Gəncləri gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə kimyaçı gənclər – “Azərikimya” İB-nin və Karbamid zavodunun əməkdaşları Ulu öndərin adını daşıyan parkdakı abidəsini ziyarət etmiş və abidə önünə gül dəstələri düzmüşlər. Gənclər həmçinin yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi ilə də tanış olmuşlar.
Sonra tədbir “Azərikimya” İB-nin akt zalında davam etdirilmişdir. Tədbirdə çıxış edənlər qeyd etmişlər ki, Ulu öndər Heydər Əliyev tərəfindən 1997-ci il fevralın 1-də imzalanmış Sərəncamla hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur. Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynamaqla bərabər, dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və digər sahələrdə təmsil olunaraq, cəmiyyətin inkişafına öz töhfələrini verirlər.
Natiqlər vurğulamışlar ki, Prezident İlham Əliyev tərəfindən Azər¬baycan gəncliyi ilə bağlı Dövlət Proqramı haqqında sərəncamların imzalanması, bununla əlaqədar həyata keçirilən çoxsaylı tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallı¬ğının artmasına kömək etmişdir.
Tədbirdə eyni zamanda “Azərikimya” İB-nin idarə və müəssisələrində çalışan gənclərə SOCAR tərəfindən göstərilən diqqət və qayğıdan, onlara yaradılmış normal iş şəraitindən və karyera yüksəlişi üçün verilən dəstəkdən məmnunluq hissi ilə söhbət açılmışdır.
Tədbirin sonunda 5 nəfər Etilen-polietilen zavodunun, 3 nəfər Təmir-tikinti İdarəsinin və 2 nəfər İdarəetmə aparatının işçisi olmaqla, ümumilikdə 10 nəfər gəncə fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.

Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidməti