Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 25 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Şuşa rayon nümayəndəliyinin Malıbəyli kənd klubunda “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiya keçirilib. Tədbirdə vətənpərvərlik ruhunda şeirlər, marşlar ifa olunub, muğam parçaları dinlənilib.
Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Mehman Şükürov tədbiri izləyib. İdarə rəisi sonda istedadlı gənclərlə söhbət edib, onlara təşəkkürünü bildirib. “Hər birimizin icində bir Şuşa nisgili var” deyən Mehman Şükürov tezliklə Şuşada qələbəmizlə bağlı tədbirlərin keçirilməsini arzulayıb.
Abşeron rayon Ceyranbatan qəsəbə uşaq incəsənət məktəbində keçirilən anım tədbiriində məktəbin şagird və müəllim kollektivi iştirak edib. Tədbirdə Xocalı faciəsi haqqında geniş məlumat verilib, vətənpərvərlik ruhunda mahnılar ifa olunub.
Abşeron rayon Mərkəzi Kitabxanasında keçirilən tədbirdə Xocalıya həsr olunmuş kitab və fotolardan ibarət sərgi nümayiş etdirilib. Yazarlar Məmməd Kərəm və Rəna Mərzili, Nurəddin Mirzəxanlı, Xaliq Laçınlı, Sənan Çıraq, Cavanşir Əsgər, Azad Qəlbinur, Mütalib Tahiroğlu, Mayil Məmmədli, Daşqın Milli, Esmira Məmmədli və digərləri çıxış edib şeirlərindən nümunələr səsləndiriblər.
Xızı rayon MKS-nin və C.Cabbarlı adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçiriliən tədbirdə Xocalı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, faciə haqqında ətraflı çıxışlar dinlənilib, şagirdlərin ifasında şeirlər səslənib, Xocalı faciəsini özündə əks etdirən video və foto-slaydlar nümayiş etdirilib.
Sumqayıtın Tarixi Muzeyində 26 saylı orta məktəbin şagirdləri və “Hədəf” təlim kursları Sumqayıt filialının yetirmələri ilə birgə tədbir keçirilib. Tədbirdə Xocalı faciəsi haqqında statistik məlumat verilib, bədii kompozisiya nümayiş olunub, “Xocalı soyqırımını unutmayaq” adlı slayd təqdim edilib. Sonda Lələtəpə yüksəkliyinə Azərbaycanın üçrəngli bayrağının sancılmasını əks etdirən kadrlar nümayiş olunub.
Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi kitabxanada da Xocalı faciəsinin qurbanları anılıb. Tədbirdə kitabxananın metodisti Natavan Axundzadə tərəfindən faciə haqqında geniş məlumat verilib, 14 saylı məktəbin tarix müəlliməsi Nuridə İmanquliyeva, şair Əşrəf veysəlli, Xocalıda doğmalarını itirmiş ziyalımız Əli Teyyubov, Qarabağ veteranı, ehtiyatda olan mayor Vüsal Nəzərov çıxışları dinlənilib. Tədbirin sonunda faciənin görüntülərini əks etdirən videoçarx nümayiş olunub.
Sumqayıt şəhər C.Cabbarlı adına mədəniyyət evinin özfəaliyyət kollektivi Şəhidlər xiyabanında Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılmış abidənin önündə anım tədbiri keçirib. Tədbirdə Qarabağ əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin Sumqayıt şəhər bölməsinin rəhbəri, ikinci qrup Qarabağ əlili Tərlan Hacızadə çıxış edərək Xocalı soyqırımı haqqında ətraflı məlumat verib. Daha sonra ədəbi-bədii kompozisiya nümayiş olunub, mədəniyyət evinin bədii qiraət dərnəyinin üzvləri Sevinc Süleymanova və Gövhər Kərimovanın ifasında şeirlər dinlənilib.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti