rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

DÖVRANIN GƏLİR

“Vətənimdir” – silsiləsindən

Çatdı xeyir xəbər, xarı bülbülə,
Dedilər muştuluq, cananın gəlir.
Tezliklə qovuşar, yarı bülbülə,
Dedilər halına, yananın gəlir.

Neçə il qalmışdı həsrətdə, darda,
Saralıb, solmuşdu, boranda, qarda.
Bilmirdi sevdiyi, qalıbdır harda,
Dedilər qaydına, qalanın gəlir.

Düşmüşdü qaniçən, zalım əlinə,
Nəğmə dəyməmişdi, bağlı dilinə.
Dönmüşkən son bahar, xəzan gülünə,
Dedilər dərdini, alanın gəlir.

Düzəldi əyilmiş qəddi, qaməti,
Oyandı don vurmuş iffət, isməti.
Sən demə var imiş,vüsal qisməti,
Dedilər xətrini, ananın gəlir.

Çığladı dağ – daşın, düzün qulağı,
Qalxdı “Cıdır düzü”, “İsa bulağı”.
Sordular:- Şuşanın, kimdir qonağı?
Dedilər qoynuna, Dövranın gəlir…

SƏMƏD VURĞUNA

Ayrılarmı könül candan,
Azərbaycan, Azərbaycan.

Dünya bilir, Sən Onunsan,
Onun üçün doğulmusan.
Sevən könül, can olmusan,
Ayrılammaz könül candan,
Səməd Vurğun, Azərbaycan.

Vurğun oldun “yurd,yuvana”,
Vətənini sandın “Ana”.
Dedin ki, “bağlıyam Sana”,
Necə- “uşaq Anasına”
Ana- doğma balasına.

Gəzdin ölkə, ulusları,
Salamladın “dostu, yarı”.
Düz ilqarı, etibarı,
Tapdın Ana qucağında,
Öz “yurdun”da, ocağında.

Cənnət Muğan, Mil sənindir,
Sıx meşələr qələmindir.
Ilhamını dinlə, dindir,
Kür, Arazın coşan qanın,
Xoşbəxtisən Sən dünyanın.

Söz qoşmusan dağ, daşına,
Ceyranların göz yaşına.
Tarixlərin yaddaşına,
“Vaqif”, “Aygün”,”Dar ağacı”
Silsilələr şirin, acı.

Dilləndirib sazı, tarı,
Əritmisən buzu, qarı.
Bir “Zəncinin arzuları”,
Qələminlə çiçək açıb,
“Muğan” dönüb şəfəq saçıb.

“Ceyran qaçar, cüyür mələr”,
“Ürək açan mənzərələr”.
Lalələrdir zər düymələr,
Geyinmişik əynimizə,
Əlimizdə qızıl kuzə.

Qazax, Gəncə, Qarabağda,
Qoşqar, Kəpəz, Haçadağda,
Min qışlaqda, min yaylaqda,
Ayağının izi vardır,
“Dağlarının başı qardır”.

Məftun idin telli saza,
“Gəncləşirdin yaza-yaza.
Indi yoxdur təqib, cəza,
Yurdda hər yan əlvan çiçək,
Arzuların olub gerçək.

Ulu Öndər Günəş bizə,
Şəfəq saçır ölkəmizə.
Qartallarım süzə-süzə,
Son qoyubdur “nəs illərə”,
Biz örnəyik “nəsillərə”.

Yaşa könül şad, firəvan,
Müstəqildir Azərbaycan.
Xoşbəxt Vurğun, xoşbəxt Dövran,
Qucaq açıb xoş iqbala,
Qovuşublar istiqlala!…