rahileanam

Şairə-jurnalist-publisist
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
“Qızıl qələm” media mükafatı laureatı,

NOVRUZ GƏLİR

Əriyib gedir son qar,
Hər tərəf olur gülzar,
Gülümsəyir ilk bahar,
Yurduma Novruz gəlir.

Novruz bayram çiçəyi,
Göy qurşağı ləçəyi,
Bayramların göyçəyi,
Yurduma Novruz gəlir.

Şən nəğmədir bulaqlar,
Gül-çiçəkdir uşaqlar,
Durnalar qatar-qatar,
Yurduma Novruz gəlir.

Duman dağın yelkəni,
Yağış yuyur çəməni,
Nazlı qızdır səməni,
Yurduma Novruz gəlir.

Səma yolu çıraqban,
Hər yan geyib al-əlvan,
Sevin Dövran,gül dövran,
Yurduma Novruz gəlir

QƏDƏMİ MÜBARƏK

Atıb üzərindən qışın qoxusun,
Qaçırıb dağ- qaşın, çölün yuxusun.
Gəlir könüllərə çələng toxusun,
Qədəmi mübarək, olsun Novruzun!

Gəlişin çiçəklər, güllər biləcək,
Bənizlər,ürəklər, gözlər güləcək.
Qübarı, qəhəri, qəmi siləcək,
Qədəmi mübarək, olsun Novruzun!

Xəbərin verəcək, öncə Qardələn,
Dağ çayı olacaq, ilk qonaq gələn.
Pişvaza çıxacaq eşidən, bilən,
Qədəmi mübarək, olsun Novruzun!

Səmamız üstündən atacaq tülü,
Açacaq vətənin çəməni, gülü.
Bülbül məst edəcək, xarı bülbülü,
Qədəmi mübarək, olsun Novruzun!

Həmd olsun, ey böyük- Uca Yaradan,
Gör nəyə qadirsən, hər yan al- əlvan.
Xilqətə, qüdrətə mat qalıb Dövran,
Qədəmi mübarək, olsun Novruzun!