Böyüməyən arzular…

Məktəblərdə 9 illik sistemə keçirilməsi erkən nikah hallarını artıra bilər

“Yeddinci sinifdə oxusam da, təhsilə olan yüksək marağıma görə müəllimlərimin etimadını qazanmışdım. Bir gün anam qonşumuzun oğlu ilə məni nişanlamaq istədiklərini bildirdi. Çox çətin vəziyyətə düşdüm. Etiraz edəcək cəsarətim olmasa da, buna razı olmadığımı anama dedim. O mənə atamın bu işdə qərarının qəti olduğunu başa saldı. “Mən təhsil almaq fikrindəyəm axı! Bu yaşda da adam ailə həyatı qurarmı?”,- deyib ağlamağım da heç nəyi dəyişmədi.
Anamla söhbətimizdən sonra artıq məktəbə getməyə də utanırdım. Həmin gündən etibarən mənim gələcək həyatım üçün qurduğum xəyallarım, arzularım tamamilə darmadağın oldu. Özüm böyüsəm də, həmin günə qədər böyük ümidlərlə reallaşacağını gözlədiyim arzularım kiçilib məhv oldu. Məktəb həyatı da artıq mənim üçün əvvəlki kimi maraqlı və sevimli olmadı. Müəllimlərimin üzünə də əvvəlki kimi rahat baxa bilmirdim”. Bunu öz taleyindən göz yaşları içərisində danışan Ağsu sakini 25 yaşlı Rəbiyyə Məmmədova (ad və soyad şərtidir) deyir.
Rəbiyyənin sözlərinə görə, bir il sonra vaxtsız və könülsüz ailə qurub: “Dəfələrlə psixoloji və fiziki zorakılığa məruz qaldım. Artıq çəkdiyim iztirablardan xəbərsiz olan körpəmiz də dünyaya gəlmişdi. Övladımın xətrinə, ailəmin dağılmaması naminə birtəhər dözürdüm. Lakin ailədəki vəziyyət günü-gündən daha dözülməz olurdu. Bir neçə il sonra boşandıq. Boşandıqdan sonra da keçmiş həyat yoldaşımın təzyiqlərinə məruz qalırdım. Bundan sonra daha ailə qurmaq haqqında fikirləşmirəm”.
Bu gün bu şəkildə acınacaqlı həyat yaşayan təkcə Rəbiyyə deyil. Respublikamızda yüzlərlə Rəbiyyə həyatını eyni acı ilə sürdürməkdədir.

17 erkən nikah: 2 cinayət işi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən verilən məlumata görə, 2012-ci ilə qədər Azərbaycanda təxminən 3 000 erkən nikah faktı olub. Bunun nəticəsində 3 500-4 000 uşaq doğulub. 2012-ci ildən 2017-ci ilədək isə respublikamızda təxminən 500 erkən nikah faktı qeydə alınıb. Erkən nikahdan doğulan uşaqların sayı isə 40 faiz azalaraq 2 minə çatıb. 2016-cı ildə isə erkən nikahla bağlı 17 fakt olub. Erkən nikahlarla bağlı Gəncədə 10 fakt, Qubada 5, Cəlilabad və Cəbrayılın hər birində 1 fakt qeydə alınıb. Amma erkən nikahlarla bağlı 17 faktdan 2-si üzrə cinayət işi başlayıb. Qalanlarla bağlı isə cinayət işi başlamayıb. Çünki onlar üzrə rayon icra hakimiyyətləri tərəfindən nikah yaşının 1 il aşağı endirilməsi üçün əsaslar göstərilib.
Amma hər bir halda yeniyetmələrin ana olmaq kimi ağır, maddi və mənəvi məsuliyyəti öz çiyinlərinə götürməsi isə əksər hallarda ağır fəsadlarla, ailə faciələri ilə nəticələnir. Erkən nikahların sayının azaldılması üçün dövlət tərəfindən edilən təşəbbüslər nəticəsində bu hallar azalsa da, qeydə alınan hər hal ətraflı araşdırılmalıdır. Çünki respublikamızda qanunvericiliklə rəsmi nikah yaşını tamamlamadıqlarından bu qəbildən olan yeniyetmələr molla kəbini ilə ailə qururlar. Qəbul edilmiş qərarlara görə isə rəsmi nikah haqqında şəhadətnamə təqdim edilmədiyi halda molla kəbin kəsə bilməz. Məsələnin narahatlıq doğuran tərəflərindən biri odur ki, erkən nikahın fəsadlarına görə heç bir məsuliyyət daşımayanların sayəsində qeyri-qanuni kəbin kəsməklə ailə dəyərləri heçə endirilir.

Nikah üçün yaş senzinin hüquqi və tibbi əsası

Azərbaycanın “Ailə Məcəlləsi”ndə nikah yaşı 18 yaş müəyyən olunur. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər. Dünyanın 158 ölkəsində nikaha daxil olma yaşı 18-dir. Avropanın 40 ölkəsində isə qadın və kişilər üçün bərabər yaş senzi tətbiq edilərək 18 və daha çox yaş müəyyən edilib. Erkən nikah qanunvericiliyin müəyyən etdiyi minimal yaş həddini keçmədən qurulan bütün ailələri əhatə edir. Belə ailələrin sayı konkret bilinməsə də, dövlət rəsmilərinin, bu sahə ilə məşğul olan qeyri-hökümət təşkilatlarının dilə gətirdikləri narahatlıqlar bu sayın daha çox olduğunu deməyə əsas verir.
Tibbdə də analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub. Tibbi eksperlər də bildirir ki, qadında uşağın inkişaf etdiyi orqanlar tam yetişmədiyindən bətndəki uşağın da inkişafı ləngiyə və ya anormal uşaq dünyaya gələ bilər. Qadın xəstəliklərinə əksər hallarda erkən yaşda ailə quran xanımlarda rast gəlinir. Çünki qadının orqanizmi tam inkişaf edə bilməyib. Erkən yaşlarında ailə quran və heç bir təhsil almayan ana öz övladına da nə düzgün tərbiyə, nə də ki, təhsil verə bilmir.

IX sinfi bitirdikdən sonra qızların təhsildən ayrılması erkən nikahlara rəvac verəcək

Araşdırmalar göstərir ki, təhsildən yayınma halları erkən nikahın əsas səbəblərindən biri olaraq qalmaqdadır. Artıq əksər məktəblərdə 9 illik sistemə keçirilməsi daha çox insanın təhsildən kənarda qalması ilə nəticələnəcək. Məktəbdən yayınan uşaqlar isə erkən nikahın potensial qurbanlarıdır.
Məsələyə münasibət bildirən İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva da deyir ki, erkən evlilik həm də əxlaqi qüsurdur: “Erkən evlilik hələ də tez-tez qarşılaşdığımız problemlərdəndir. Lakin gözlənilən odur ki, qarşıdakı illərdə problem daha geniş vüsət alacaqdır. Ucqar dağ kəndlərində IX sinfi bitirdikdən sonra qızların təhsilini davam etdirmək imkanları azalacaq ki, bu da erkən nikahlara rəvac verəcəkdir. Belə halda problem qarşısıalınmaz həddə gəlib çata bilər. Fəaliyyətdə olduğumuz illər ərzində mütəmadi olaraq erkən nikah əleyhinə tədbirlər keçirərək maarifləndirici materiallar təqdim etmiş, gənc oğlan və qızlarla söhbətlər aparmışıq. Təbii ki, bu tədbirləri kompleks şəkildə həyata keçirmək lazımdır. Yəni icra hakimiyyəti, hüquq-mühafizə orqanları və digər aidiyyəti qurumlarla birlikdə erkən nikaha məcbur edilən uşaqların fiziki və hüquqi çatışmazlığını, onları və ailələrini gözləyən problemləri açıqlayırıq. Son illər ərzində keçirdiyimiz maarifləndirici təlimlər nəticəsində keçən il İsmayıllıda erkən evlilik üzrə doğuş olmayıb. Bu problemlə mübarizənin ilkin mərhələsi məhz maarifləndirmədən keçir. Adamlar qanunları və səhv addım atdıqda üzləşəcəkləri fəsadları bilmirlər. Təlimlərdən isə ən maraqlı və daha çox faydalı olanı gənc oğlanlarla aparılan təlimlər olub. Belə ki, evliliyə namizəd oğlanlarla söhbətlərin aparılması daha məqsədəuyğundur. Onlara izah olunmalıdır ki, kiçik yaşlı qızların ailə qurması həm fiziki-bioloji, həm də hüquqi baxımdan yolverilməzdir”.
Ekspertin sözlərinə görə, erkən nikahın bir problemi də odur ki, bu izdivacdan doğulan uşaqların sənədləşmə problemləri meydana çıxır. Bir neçə ildən sonra ailə dağılır və ata öz övladına soyadını belə vermir. Bir sözlə, erkən nikah cəmiyyət üçün böyük bir bəladır. Maarifləndirməyə əsasən müəllimlər, din xadimləri, bölgənin nüfuzlu adamları və valideynləri (xüsusilə ataları) cəlb etməli, bu haqda insanlara düzgün məlumatlar çatdırılmalıdır. Sözsüz ki, belə olanda valideyn həm tibbi, həm dini, həm də elmi cəhətdən övladını nəyə sövq etdiyinin fərqində olacaq. Erkən nikahların fəsadlarından danışarkən mütləq valideynlərin və cəmiyyətin bu işdə mühüm rolu olduğunu bilməliyik.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məsələyə ciddi yanaşmalıdır

Millət vəkili Qənirə Paşayevanın sözlərinə görə: “Erkən nikahlara qarşı mübarizədə dini qurumlar da fəallıq göstərməlidir. Dini icmalar qızlarımızın təhsil almasının önəmi ilə yanaşı, erkən nikahlar kimi zərərli hallara qarşı da səslərini ucaltmalı və bu mübarizədə ön sıralarda olmalıdırlar. Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir. Amma qadınların cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac var. İnkişaf edən cəmiyyət və dövlət inkişaf edən qadından keçir. Qeyri-hökumət Təşkilatlarının özəlliklə bölgələrdə, kəndlərdə bu istiqamətdə çalışmaları artmalıdır. Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi bölgələrdə işi daha da gücləndirməlidir. Millət vəkilləri öz bölgələrində bu mövzuya özəl diqqət ayırmalıdır. İcra qurumları bu məsələyə neçənci dərəcəli iş kimi baxmamalıdır. Mətbuat və mediamız bu sahəyə daha çox həssaslıqla yanaşmalı, daha ciddi mövqe tutmalı və geniş maarifləndirmə işlərinin aparılmasına dəstək verməlidir. Bir sözlə, biz hamımız, hər birimiz öz gündəlik həyatımızda bu məsələyə ciddi önəm verməliyik”.

Streotiplərdən xilas olmaq vacibdir

Müşahidələr göstərir ki, biz hələ də “Qız yükü – duz yükü” anlayışına istinadən hərəkət edən bir cəmiyyətdə yaşayırıq. Təkcə ucqar rayon və kəndlərdə yaşayanlar deyil, həmçinin, paytaxtda yaşayan bir çox ailələr də streotiplərdən xilas ola bilmirlər. Elə düşünürlər ki, qız uşağı bəlli bir yaşa çatıbsa, o mütləq ərə verilməlidir. Bu cür erkən nikahlar isə sonradan bir sıra arzuolunmaz fəsadlara yol açır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə daha çox müşahidə olunur. Erkən yaşlarında ərə verilən qızların əksəriyyətinin anası da kiçik yaşlarında ailə qurmuş və bu ən-ənəni öz mənəvi borcu olaraq qəbul etmişdir. Həmin analar adətən qızlarına təhsil, dünya görüşü vermək deyil, evdarlığı, ailə münasibətlərini öyrətməyi daha üstün tuturlar. Bu isə gələcəyinizi, cəmiyyətimizi daha böyük fəlakətlərə sürükləyir.

Uşaqların xoşbəxtliyi oğurlanır…

Azyaşlıların erkən nikaha cəlb edilməsi problemi ilk baxışdan bəlkə də bir o qədər dramatik görünməyə bilər. Amma zaman keçdikcə, onun fəsadları özünü qabarıq şəkildə büruzə verir və nəticədə zərər çəkən də həmin şəxslər, onların bu nikahdan dünyaya gətirdiyi övladlar, ümumilikdə isə cəmiyyət olur.
Yeniyetmə qızlar ailənin nə demək olduğunu dərk etsə də, onlar erkən yaşda ərə getmək haqda yox, uşaqlığını yaşamaq və təhsil almaq haqqında düşünürlər. Düşüncələr, həyatımızın böyük bir hissəsini və gələcək qrafikini təşkil edən əsas amillərdir. Bütün əldə etdiyimiz uğurlar, qazandığımız nailiyyətlərin yolu nə vaxtsa edilmiş arzulardan keçir.
İnsan daha çox hansı arzulara can atır? Əlbəttə, özünün və doğmalarının sağlam, xoşbəxt yaşamasını, uğur qazanmasını. Doğmalarımız dedikdə, ilk olaraq ağlımıza ailə üzvlərimiz, valideynlərimiz, övladlarımız gəlir. Təbiidir ki, biz onların hər zaman yaxşı olmasını, firavan yaşamasını arzu edirik. Övladlarımızın xoşbəxtliyi isə ümdə arzularımızdandır. Bəs biz valideyn olaraq övladlarımızın xoşbəxtliyi üçün nə edirik, və ya nələr etməliyik? Hər bir valideyn bir həqiqəti də tam anlamalıdır ki, dünyaya gətirdiyi uşaq yalnız ona məxsus deyil, həm də dövlətin, cəmiyyətin bir üzvüdür. Dövlət hər bir vətəndaşını qorumalı, onun rifah halının yaxşılaşdırılması üçün zəruri addımlar atmalıdır. O cümlədən, erkən nikaha cəlb edilən uşaqların məhv edilən taleyinə biganə yanaşılmamalıdır. Biz də valideyn olaraq övladlarımızın arzu və istəklərini nəzərə almalı, yalnız onların gələcək həyatı haqqında düzgün qərarlar verilməsinə yardımçı olmalıyıq. Belə olarsa, Rəbiyyə kimi həyatı məhv olan xanımların da sayı azalar.

Elnarə Günəş

Məqalə "INTERNYUS AZƏRVAYCAN"nın elan etdiyi Sosial Media yazı müsabiqəsi üçün hazırlanıb.