1423889445_esmer

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

Mətbuat xidməti

Əsmər QASIMLI (Qasımova Əsmər Eldar qızı) 21 iyul 1991-ci ildə Ağdam rayonunun Mirəşəlli kəndində anadan olub.1997-2008-ci illərdə orta məktəbdə təhsil alıb.2008-2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanından keçərək Ağdam rayonu Ə.Vəliyev adına II Baharli ümumi orta məktəbə müəllim kimi təyin olunub. Eyni zamanda A.Kərimov adına Bənövşələr tam orta məktəbində də ixtisasim üzrə müəllim kimi fəaliyyət göstərir.
6 mart 2015-il tarixdə Gündəlik İnformasiya Agentliyinin Yönətim Kuruluna Fəxri üzv qəbul olunub.

Qara gözlərində yasa büründüm

Qorxdum, gətirələr gözə bu eşqi,
İstədim əlinlə bəzə bu eşqi,
Qismət arzuladım bizə bu eşqi,
Sən gedən yollarda özüm süründüm.

Adını yazmışdım hər diləyimə,
Sanırdım çatarsan sən köməyimə,
Dar gəldi bu sevinc gen ürəyimə,
Sevgimlə qəlbinə böyük göründüm.

Hər gülə, çiçəyə axmadım,gülüm
Qəlbini odlara yaxmadım,gülüm,
Ağına, bozuna baxmadım, gülüm,
Qara gözlərində yasa büründüm.

Qarabağım

Mizrab toxunanda sədəfli saza
Deyərdik hüsnündən şan Qarabağım.
İyirmi ildir ki, düşmən əlində,
İşğalda verirsən can, Qarabağım.

Sınıbdır vüqarı sənsiz bu xalqın,
Başımız dumanlı, fikirlər dalğın,
Gəlməyir qulağa toy-büsat çalğın,
Ağlayır ürəyin qan, Qarabağım.

Taleyin hökmüdür bu həsrət, bu dərd
Mərdin şəhid oldu, yetmədi namərd
Tapmayır qeyrətsiz özündə qeyrət
Olmağa qoynunda xan, Qarabağım.

Sən orda əsirsən, biz burda yesir
Sənə gələn yolu yağılar kəsir.
Çağırış səsinə kimlər tələsir?
Almırıq fələkdən kam, Qarabağım.

Dirənib səbrimiz nəhayət daşa,
Bayrağı sancarıq sinəndə qoşa.
Ulu yurd! Can vətən! Əbədi yaşa!
O zaman olarıq tam, Qarabağım!!!