Süfrə arxasında

Özgə don geyərdi toy-düyün günü,
Elimin qəribə adəti vardı:
Atamın kiməsə qəzəbi, kini
Süfrə arxasında unudulardı.

O kənd-kəsək üçün çırpınır ürək,
Əsgilmir bir an da kədəri, dərdi.
Süfrə arxasında kəsilən çörək,
İki qanlıları birləşdirərdi.

Ucadır qəlbimin arzu-istəyi,
Doludur süfrəmizl işıqla, nurla.
Təndirin oduyla bişən çörəyi
Siz Allah, kəsməyin pis adamlarla.

Gör hansı istəklə çırpınır ürək:
Atın tənhalığın daşını, dostlar.
Açıqdır ürəyim el süfrəsitək,
Yığılın süfrəmin başına, dostlar.

Özgə don geyərdi toy-düyün günü,
Elimin qəribə adəti vardı:
Atamın kiməsə qəzəbi, kini
Süfrə arxasında unudulardı.

Şimşək

İstək öz ovcuna alıb qəlbimi,
Bir odlu misraya qonaq edibdir.
Elə bil bu küçə səhərə kimi,
Göylər buludları qaynaq edibdir.

Közərib eşqinə mənliyin, adın,
Köksümü şimşəyə toxumamışdım.
Bu qədər işıqlı, bu qədər aydın,
Çoxdandır bir şeir oxumamışdım.

Bir odlu misranın ömrü bir anmış;
Onu kirpiyimlə dərəsi oldum.
Çox zaman şeiri oxuyurammış,
Bir dəfə gözümlə görəsi oldum…